Əsas Səhifə > Gündəm, Manşet > Dünənə qədər xəyal kimi görünən Turan Birliyinin təməli Bakıda atıldı
Dünənə qədər xəyal kimi görünən Turan Birliyinin təməli Bakıda atıldı4-09-2014, 11:11 |
DİA.AZ: - Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri heç də sıradan rituallaşmış ənənə kimi qəbul olunmamalıdır. Məlumdur ki, qardaş ölkədə yeni seçilən prezident və baş nazirlər ilk əvvəl Şimali Kipr və Azərbaycana səfər edərək hansı dövlətlərlə dostluq, qardaşlıq münasibətlərində olduqlarını car çəkirlər. Amma Ərdoğanın bu dəfəki səfəri təkcə ənənəyə sədaqətin davamı kimi yozulmadı. Elə bunu Türkiyənin yeni prezidentinin Bakıda səsləndirdiyi fikirlərindən də sezmək olardı. Bu səfər həm də regionda yeni gücün formalaşmasından xəbər verir. Söhbət Azərbaycan və Türkiyənin ittifaqından gedir. Artıq iki qardaş ölkə arasında heç bir mübahisəli mövzu mövcud deyil. Və bu iki ölkə öz xarici siyasətlərini eyni qaynaqdan müəyyən etmək barədə çox mühüm bir razılığa gəliblər. Bu isə həm böyük bir tarixi hadisə, həm də elə dünənə qədər yalnız romantik millətçilərin xəyal etdiyi TURAN BİRLİYİNİN təməli hesab oluna bilər. Bu birliyin isə qısa müddət ərzində genişlənəcəyi və möhkəmlənəcəyi də şübhəsizdir. Bildirək ki, artıq «Turan Ordusu» adlı türk dövlətlərinin hərbi birliyinin də təməli atılıb. Və ilk dəfə idi ki, Azərbaycan və Türkiyənin yaxınlaşması fonunda Turan zonasının siyasi ittifaqının təzahürləri də nəzərə çarpdı. Bunu zəruri edən isə yetərincə məqamlar var idi. Artıq Qərbin əsas birliyi kimi diqqətə gələn Avropa Birliyinin Xristian Tacirlər İttifaqı mahiyyətindən uzaq getmədiyi gün kimi aydındır. Əgər belə olmasaydı, məhz müsəlman olması səbəbindən illərdir Türkiyəni AB kandarında saxlayan Qərbin liderləri eyni qadağanı Serbiyadan zorla qopardıqları müsəlman Kosovoya və Avropanın göbəyində yerləşən müsəlman Albaniyaya da tətbiq etməzdilər. Qərbə alternativ qüvvə kimi çıxış edən Rusiyanın isə Avrasiya Birliyi sevdası ilə özünə Qərb və ABŞ-la savaşa yalnız əsgər toplama cəhdində bulunduğu da tam olaraq ortadadır. Yəni qoca Rusiyanın yenə də müstəmləkələrə, müstəmləkələrdən topladığı əsgərlərə ehtiyacı var. Hələ buna qədər də ciddi demoqrafik problem yaşayan Rusiyanın bu gün hətta Ukrayna cəbhəsi kimi mühüm məntəqəyə belə təmiz qanlı rusları deyil, məhz çeçen və digər Rusiyanın azsaylı xalqlarından toplanmış muzdluları cəlb etməsi də Kremlin əsl məramlarından xəbər verməkdədir. Bu arada Rusiya prezidenti Vladimir Putinin əslində Avrasiya Birliyinə cəlb olunanlara müttəfiq kimi deyil, elə Ermənistana yanaşdığı kimi - Rusiyanın uzantısı olaraq münasibət bəslədiyi də tam olaraq ortaya çıxmış oldu. Putinin Qazaxıstan dövlətçiliyini aşağılaması Rusiyanın əsl niyyətinin təzahürü idi. Artıq vəziyyət o həddə çatıb ki, hətta Putin dünənə qədər bu kimi açıqlamaları həval etdiyi Jirinovskiyə belə fürsət tanımaq istəmədi. Onun jirinovskisayağı açıqlamasının qeyri-ciddi qəbul edilməsi isə yanlış olardı. Elə buna görə də artıq Qazaxıstan və Azərbaycan arasında ciddi siyasi məsləhətləşmələrin başlandığı söylənilir. Bu dəfə isə Rusiyanın durumu daha da çətin olacaq. Çünki bir dəfə Rusiya Turan Birliyinin qarşısını ala bilib. SSRİ dağıldıqdan sonra Ukrayna-Belorusiya-Rusiya ittifaqına alternativ olaraq dərhal Turan Birliyinin yaranacağını görən Kreml sonradan bu birliyə Qazaxıstanı və ardından da digər SSRİ respublikalarının əksəriyyətini cəlb etməklə MDB-ni yaradaraq situasiyadan çıxmağa müvəffəq oldu. Bu dəfə isə artıq ruslar açıq oynayırlar və Ukrayna cəbhəsindəki uğursuzluqları fonunda düşdükləri vəziyyətin təsiri altında hətta Putinin simasında dünənə qədər Rusiyanın əsas müttəfiqi hesab olunan Qazaxıstana belə həmlələr edilir. Buna qədərsə Jirinovski Rusiyanın təcili şəkildə Qazaxıstanı işğal etməsinin vacibliyini bildirmişdi. Yəni keçmiş SSRİ məkanında durum tamam fərqli bir axarla getməkdədir. Və bu axar enində-sonunda Turan Birliyini qarantiyə alır. Elə Bakıda olarkən Azərbaycan və Türkiyənin eyni siyasi dəst-xətti yürüdəcəyini bəyan edən iki qardaş ölkənin prezidentləri də bunu çılpaq formada hiss etdirdilər. Paralel olaraq Azərbaycan-Qazaxıstan danışıqları da intensivləşib. Artıq Rusiya təhdidini üzərində hiss edən Qazaxıstan üçün Azərbaycan bir çox mənalarda vacib bir ünvandır. Azərbaycana həm qardaş ölkə kimi baxan Qazaxıstan buna qədər də qardaşlığını dəfələrlə ortaya qoyub. Nursultan Nazarbayevin Gömrük İttifaqına qoşulmağa hazırlaşan Ermənistana Qarabağ şərtini qoyması da bu türk ölkəsi liderinin hansı məram və niyyətdə olmasının təzahürü idi. Ümumiyyətlə, Nazarbayev Orta Asiya türk dövlət başçıları arasında daha çox milli dəyərlərə verməsi ilə hər zaman diqqətə gəlib. Bu gün isə Qazaxıstan üçün Azərbaycan tək qardaşlıq ünvanı yox, həm də Rusiya asıllığını aradan qaldıra bilməsi üçün bir tranzit məntəqə - dünyaya çıxışdır. Və dəfələrlə Azərbaycanın məhz bu kimi məqamlarda Rusiyaya zidd getməsi faktı da Qazaxıstanı hər mənada ürəkləndirib. Bu bir faktdır ki, Rusiyanın izolə vəziyyətinə saldığı Gürcüstana yeganə nəfəslik rolunu oynayan Azərbaycan buna görə Kremlin hədəfinə çevrilsə də, bütün təzyiqləri uğurla dəf edə bilib. Bu gün isə eyni uğurla Azərbaycanın Qazaxıstana qardaşlıq edəcəyi, Qazaxıstanın enerji resurslarının dünya bazarına çıxışınıi təmin edəcəyi şübhəsizdir. Bu həm də yenidən Bakı-Aktau xəttinin gündəmə gəlməsi anlamını da daşımış olur. Təbii ki, belə bir şəraitdə Turan Birliyini yeganə çıxış yolu kimi görən Azərbaycan, Türkiyə və Qazaxıstana Qırğızıstan, Özbəkistan və Türkmənistanın da dəstək verəcəyi heç şübhəsizdir. Hər halda, bu gün hər üç ölkədə Rusiya hökmranlığının yorğunluğu kifayət qədər hiss olunandır. Bəli, artıq türk dövlətləri köhnə qaydalarla, yəni ayrı-ayrılıqda yaşaya bilmirlər. Türk dövlətlərini əsarətlərinə almaq istəyənlər də köhnə qaydalarının işlək olmamasının fərqindədirlər. Bu isə tam olaraq İNQİLABİ ŞƏRAİTİN yetişməsi anlamına gəlir. Turan inqilabı asatanasındayıq. Bu inqilabın ilk carçıları isə Ərdoğan və İlham Əliyev oldu… DİA.AZ Analitik Araşdırma Qrupu Geri qayıt |