Əsas Səhifə > Gündəm, Manşet > Ərdoğanı Azərbaycan səfəri ərəfəsi Bakıdan «gülənçi» təmizləməsi

Ərdoğanı Azərbaycan səfəri ərəfəsi Bakıdan «gülənçi» təmizləməsi


2-09-2014, 10:39
Ərdoğanı Azərbaycan səfəri ərəfəsi Bakıdan «gülənçi» təmizləməsi
DİA.AZ: - Hələ əvvəlindən məlumat verərək bildirmişdik ki, Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ərəfəsində ölkəmizdə Fətullah Gülən cameəsinə yeni basqılar müşahidə olunacaq. Və deyilənlər özünü doğrultdu da.

Doğrudur, dünən mətbuata açıqlama verən ARDNŞ yetkililəri Fətullah Gülənə yaxın olan «Qafqaz» Universitetinin birdəfəlik bağlanmayacağını bildirdi. Amma verilən açıqlamada dəyişikliklər barədə də danışıldı ki, bu da Azərbaycanın təhsil sistemindən Fətullah Gülən izinin birdəfəlik silinəcəyini qətiləşdirdi.

Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qafqaz Universitetinin gələcək fəaliyyətinə aydınlıq gətirib.

ARDNŞ-in Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu təhsil ocağının gələcəkdə də fəaliyyət göstərəcəyinin bildirib.

Onun sözlərinə görə, Qafqaz Universitetinin bağlanması məsələsi gündəmdə deyil: “Qafqaz Universiteti Azərbaycanın təhsil sistemində müəyyən reytinq qazanmış təhsil ocağıdır. Bunu tələbə qəbulu nəticəsində göstərilən nəticələr də əyani sübut edir. Biz ancaq çalışmalıyıq ki, bu universitet daha yaxşı fəaliyyət göstərsin. Qafqaz Universitetində milliləşmə siyasətini və milli kadrların hazırlığını önə çəkməyə çalışmalıyıq”.

Bildirək ki, Qafqaz Universitetinin «milliləşməsindən» danışan Xalik Məmmədovun özü Fətullah Gülənin Azərbaycandakı bir nömrəli ortaqlarından biri hesab olunur. Və onun qeyd olunan açıqlamaya müəlliflik etməsi heç də təsadüfi deyil. Bu yolla ARDNŞ rəhbərliyi həm də Xalik Məmmədovu Gülən camaatının batan gəmisindən xilas etməyi qəsd edir.

DİA.AZ bildirir ki, Ərdoğanın Bakı səfərinə «tədarük» təkcə «Qafqaz» Universitetilə bağlı dəyişiklik anonsu ilə yekunlaşmadı. Dünən həm də gülənçilərin Azərbaycan mediasında əsas dayaqlarından biri hesab olunan «Xəzər» kanalında da «yeniliklər» nəzərə çarpdı.

Mətbuatda yer alan informasiyalardan bəlli oldu ki, «Xəzər» televiziyasının Xəbərlər departamentinin rəhbəri İbrahim Ünlübostan və bir sıra şəxslər tutduqları vəzifədən azad ediliblər. Ünlübostanı bu vəzifədə İnqilab Məmmədov əvəz edib.

Məsələ ilə bağlı İbrahim Ünlübostan da mətbuata danışaraq məlumatı təsdiqləyib:
“Bəli məlumat doğrudur, artıq Xəzər Tv də çalışmayacağam. Türkiyədən gəlmişdim, indi də ölkəmə geri qayıdıram”.

Hər halda, Fətullah Gülənin Azərbaycandakı qeyri-rəsmi «media attaşesi» kimi tanınan Ünlübostanın yadına vətəninin məhz Ərdoğanın Bakı səfəri ərəfəsində düşməsi heç də təsadüfi deyil.

Bununla bağlı DİA.AZ-a məlumat verən bilgili qaynaq əlavə edib ki, Fətullah Gülən cameəsinin Azərbaycandakı təmsilçilərinə daha ciddi zərbələr vurulacaq. Mənbə iddia edir ki, bunu Ərdoğanın Bakı səfəri ərəfəsində söylədikləri də təsdiqləyir. Yəni gözlənilir ki, Türkiyənin yeni prezidenti rəsmi Bakıdan əlavə xahişlərdə bulunsun…

Geri qayıt