Əsas Səhifə > Gündəm, Manşet > Baş redaktor ermənilərə qarşı savaşması üçün Zakir Həsənova müraciət ünvanladı
Baş redaktor ermənilərə qarşı savaşması üçün Zakir Həsənova müraciət ünvanladı2-08-2014, 09:47 |
DİA.AZ: - "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycanın müdafiə naziri Zakir Həsənova müraciət edib. Müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir: "Hörmətli cənab nazir! Sonuncu dəfə 1988-ci ildən Azərbaycana qarşı açıq şəkildə müharibə elan etmiş, torpaqlarımızın 20 faizindən çoxunu işğal edərək 1 milyondan çox vətəndaşımızı didərgin salmış Ermənistanın işğalçılıq siyasəti durmadan genişlənir. Bir neçə gün əvvəl düşmənin cəbhənin bütün istiqamətlərində hücuma keçərək 8 gənc əsgərimizi öldürməsi, çoxsaylı gənc əsgər və zabitlərimizi isə yaralaması bir daha sübut edir ki, düşmən düşmənçiliyindən əl çəkəsi deyil, sülh danışıqlarına əhəmiyyət belə vermir. Mən-22 ildir döğulduğu kəndinə-doğma yurduna, 23 ildir dünyanın incisi Şuşaya, Laçına, bir sözlə, döğma Qarabağ torpaqlarına gedə bilməyən -vətəndaş-jurnalist kimi Sizə müraciət edirəm: son bir neçə gündə gənc əsgər və zabitlərimizin 20 ildir sülhə dəvət etdiyimiz ermənilər tərəfindən öldürülməsini, ağır yaralanmasını ürək ağrısı və mənəvi əzabla qarşıladım... Mən Ali Baş Komandanın səfərbərlik əmrini gözləmədən, "lazım gələrsə..." demədən Sizdən xahiş edirəm məni- hərbi və müharibə şəraitində kifayət qədər təcrübəsi olan, 90-cı illərdən cəbhənin ən ağır bölgələrində olmuş jurnalist kimi, cəbhənin istənilən nöqtəsinə dislokasiya olunmağıma dair qərar-əmr verəsiniz. Hesab edirəm ki, bu gün gənc əsgərlərimizin mənəvi dayağa, ruh yüksəkliyinə və arxa cəbhədə olan insanlarla yanaşı olmasına daha çox ehtiyacı var. Mən iki il əvvəl oğlu döyüş bölgəsində xidmət etmiş bir valideyin kimi bunu yaxşı bilirəm. Cənab nazir! Mənim kifayət qədər həyat və hərbi sahədə təcrübəmi, silahla yaxşı davranma, xüsusi eşitmə və hiss etmə, rəqibin hərəkət və davranışlarını əvvəlcədən duyma qabiliyyətimi nəzərə alaraq bu könüllü qərarımı gerçəkləşdirəcəyinizə inanıram. Mən analarımızın göz yaşlarına və vətəndaşlarımızın uzun illərdir yurdsuzluq həsrətinə, gənc əsgərlərimizin şəhidliyinə-həlak olmasına, yaralanmasına, sadəcə, bir ziyalı olaraq dözə bilmədim. İnanıram ki, sayı sayımızdan üç dəfə az olan düşmənin 20 ildən çoxdur torpaqlarımızı işğal altında saxlayaraq Azərbaycana mənəvi əzab verən, xüsusən də son günlər insanlığa yaraşmayan vandalizm hərəkətləri törədən düşmənin heç bir ölçüyə sığmayan düşmənçilik hərəkətlərindən ən azı mənən xilas olmaq üçün bu addımı atmağa hazır olan yüz minlərlə, milyonlarla vətənpərvər insanlarımız vardır. Bu gün vəzifəsi, işi, ailə və kollektiv vəziyyəti imkan verən hər kəs gənc əsgərlərimizin yanında olmalı, onlarla səngərdə bir yerdə dayanmalı, onlara mənəvi dayaq olmalıyıq. Bu, Ordumuzda ruh yüksəkliyini bir daha artırar, əsgərlərimiz özlərini arxalı, həyanlı bilərlər. Cənab nazir! Mən bitərəfəm, amma inanıram ki, bu könüllü qərarıma yüz minlərlə YAP üzvü olan insanlar, digər siyasi partiya və gənclər təşkilatlarının üzvləri qoşulacaqlar. Şəxsən mən "Təzadlar" qəzetinin və eyni adlı saytın rəhbəri olaraq əmriniz-qərarınız verilən andan iş yerimi cəbhə bölgəsinə dəyişməyə hazıram. Qəzet həmin vaxtdan onlayn fəaliyyətini davam etirəcək. Ailəm, oxucularım, dostlarım məni bağışlasın, mən iyirmi ildən çoxdur çəkdiyim mənəvi əzablardan xilas olmağın bir yolunu da bunda gördüm. Hesab edirəm ki, hər gecəni səksəkə və həyəcan, məsuliyyət hissi altında yaşayan gənc əsgərin yanında deyil, arxa cəbhədə olmağım mənim üçün ən ağır mənəvi əzabdır. Xahiş edirəm məni, mənim timsalımda iş, ailə, vəzifə imkanları yol verən hər kəsi bu əzabdan qurtarmaq qərarınızı verəsiniz. Tanrı Azərbaycanı və Azərbaycanı qoruyan Ordumuzu qorusun! O Ordunu ki, həm də bizləri qoruyur! Asif Mərzili, "Təzadlar" qəzetinin və eyni adlı saytın rəhbəri 2 avqust 2014-cü il, gecə saat 03:25 Geri qayıt |