Əsas Səhifə > Gündəm, Manşet > Gəncə Dövlət Universitetindəki özbaşınalıqlardan narazılar prezidentə yenə müraciət etdilər

Gəncə Dövlət Universitetindəki özbaşınalıqlardan narazılar prezidentə yenə müraciət etdilər


23-07-2014, 10:14
Gəncə Dövlət Universitetindəki özbaşınalıqlardan narazılar prezidentə yenə müraciət etdilər
DİA.AZ: - Gəncə Dövlət Universitetinin professor-muəllim heyəti adından prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətin mətnində deyilir:

“Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivinin universitetdəki özbaşınalıqlarla bağlı, surəti möhtərəm Prezidentə göndərilmiş müraciətindən sonra, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də məsələyə münasibət bildirdi. Belə ki, Elmar Vəliyevin yarımillik hesabat yıgıncagında sərt tənqid olunacaqlarını bilən rektor Yusif Yusifov, prorektor Asif Cavadov iclasa gəlmədi. Məlumat üçün qeyd edək ki, icra hakimiyyətində işləyən yaxınları tərəfindən GDU rəhbərliyi Elmar Vəliyevin sərt tənqidi ilə üzləşəcəkləri barədə əvvəlcədən məlumatlandırılmışdılar. Yığıncaqda Elmar Vəliyev üzünü GDU-nun tədris işləri üzrə prorektoru Fəxrəddin Məmmədova tutaraq dedi:

"Mən başa düşə bilmirəm ki, GDU-da bu özbaşınalıqlar nə vaxta qədər davam edəcək? Yusif müəllim keçmiş rektor Yadigar Əliyevin atasına rəhmət oxutdurur. Mən saytlarda gedən yazını oxumuşam, bunlar hamısı həqiqətdir, orada yalan yazılmayıb. Bu biabırçılıqları aradan qaldırmağı tələb edirəm. Mən Asif Cavadovun prorektor təyin olunmasının əleyhinəydim. Bilirdim ki, Asif Cavadov tutduğu vəzifəyə yaraşmayan əməllərinə görə vəzifədən qovulmuşdu. Onun bu vəzifəyə layiq olmadıgına baxmayaraq, Yusif müəllim nədənsə xahiş edib, nazirə onu bu vəzifəyə təyin etdirdi. İndi isə həm rektordan, həm də universitetin digər rəhbər şəxslərindən böyük narazılıqlar var. Fəxrəddin müəllim, Sən orada mənim görən gözümsən. Mən tələb edirəm ki, bu anarxiyaya son qoyasız".

Hörmətli redaksiya, hal-hazırda universitet rəhbərliyi tərəfindən tələbələrin adından müxtəlif saytlara rəhbərliyi müdafiə edən, saytlardakı yazılanları təkzib edən saxta "zəhmətkeş məktubları" təşkil etdirilir. Rəhbərlik nöqsanları aradan qaldırmaq əvəzinə universitetdəki korrupsiya faktları ilə baglı müraciət edən professor- müəllim və tələbələrin ovuna çıxıb, bu müraciətdə şübhələndikləri şəxsləri sorğu-sual edib onlara təzyiq göstərir. Artıq universitetin professor-müəllim heyətinin, tələbələrinin müraciətləri, GDU-da baş verən korrupsiya faktları ANS televiziyasının "Şəbəkə" verilişində də geniş işıqlandırılıb.

Lakin buna baxmayaraq, nə Təhsil Nazirliyi, nə də universitet rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib. Bizə gün kimi aydındır ki, təhsildən xəbəri olmayan Təhsil Nazirliyi bu barədə heç bir tədbir görəsi deyil, çünki Mikayıl Cabbarov və onun əhatəsinə yığdığı işçilərin təhsil sisteminə bələdçiliyi olmadığından təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlanmasını belə bilmir.Nazirlik yalnız öz qohum və tanışlarını tutduğu vəzifəyə uyğun olmasından asılı olmayaraq müxtəlif yerlərə təyin etməklə məşğuldur.

Gəncə Dövlət Universitetinin tələbəsinin öz facebook səhifəsində ANS televiziyasının "Şəbəkə" verilişinin bu barədə xəbərinə yazdığı şərhi qrammatik səhvlərə belə toxunmadan olduğu kimi təqdim edirik :

" Elsen Qehremanov. Salam. men özüm Gence Dövlet Universitetinde kurskomam. burdakı adım soyadım şertidir. real profil deyil bu. tesevvür edin indi ele bir hala getiribler tamam iyrenc formaya. mene irad tuta bilersiz ki ele düz adamsan öz adınla yaz . ama çox incidirler. universitetden neçe defe çağırıblar bele şeylere gore. teze rektor gelennen iyrenc veziyyetdedi uni. 5 manata 1 günlük derse gelmeme kimi teklifler de var artıq. görün indi ne gündeyik. 1-2 fakülte dekanı var ki hele insanlığını itirmiyib oxuyanlara kömeydi. ama geride qalanlar da qansızdı. gözümün qarşısında oxuyan uşaqdan bütün imtahannarın pulunu aldılar. ele bir problemler atdılar ki usaqın qabagına yazıg mecbur verdi ki qiymeti asagı olmasın. qırmızı qırmızı da dekan dedi ki pulu vermesen qiymetin aldığın olmuyacaq aşağı olacaq. 70-80 manat her fakültede deyil. stabil 50 manatdı imtahan qiymeti. praktika 100. ola biler ki hansısa dekan çox gelir üçün fakültesinde yuxarı qiymeti yaysın . ama qiymetler budu. evvelce de pul var idi. ama bele iyrenc deyildi. universitet artiq başkesennerin elinde qalıb." 18 İyul, saat 11:36

Məlumunuz edirik ki, bu şərh oradakı çoxsaylı şərhlərdən yalnız biridir. Biz bir daha bildiririk ki, universitetdəki rüşvət yığımı dekanlar-Asif Cavadov-rektor üçbucağında həll olunur.Yığılmış rüşvət və pul verən tələbələrin tam siyahısı Asif Cavadovun otağındakı pəncərənin qarşısında olan dəmir seyfin içərisində saxlanılır. İmtahanlardan yıgılan pullar, vəzifələrə təyin olunan şəxslərin verdiyi rüşvət, maddi avadanlıq və inventarların alınması zamanı əldə olunan pullar bunların gözünü deyəsən doydura bilmir.

Rektorun əmri ilə tərbiyə işləri üzrə prorektor (???) Asif Cavadovun rəhbərliyi altında tədris-köməkçi heyətinin attestasiyasını keçirməyi planlaşdırırlar.Bu attestasiyalar isə təlimatda nəzərdə tutulan vaxtlarda yox, çox tez-tez keçirilir və rüşvət yığılmasından başqa bir şey deyil.Bunların tamahı o qədər güclüdür ki,laborantların 150-200 manat maaşına da göz tikirlər”.

Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt