Əsas Səhifə > Gündəm, Manşet > Türkanda yerli məmurlar sakinləri canlarından bezdirib

Türkanda yerli məmurlar sakinləri canlarından bezdirib


18-07-2014, 11:18
Türkanda yerli məmurlar sakinləri canlarından bezdirib
DİA.AZ: - Artıq bir neçə müddətdir ki, redaksiyamıza paytaxtın Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi Rahil Babayevin fəaliyyətindən doğan şikayətlər ünvanlanmaqdadır. Bu şikayətlər əsasən Türkan qəsəbə sakinləri tərəfindən təqdim olunan ərizələrdə öz əksini tapır.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Türkan qəsəbə sakinləri yerli icra nümayəndəliyi və bələdiyyə rəhbərliyi tərəfindən yol verilən çeşidli qanun pozuntularından olmazın əziyyət çəkirlər. Yerli sakinləri ən çox haqsızlıqlara məruz qoyan məmurlardan biri kimi isə, aldığımız məktublarda məhz Hacı Rahil Babayevin adı göstərilir. Qeyd olunduğu kimi son 4-5 il ərzində bu məmur bir neçə dəfə növbəli olaraq Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri vəzifələrini tutub. Məlumatlarda bildirilir ki, R.Babayev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kadrı hesab olunur. Buna görə də onun qəsəbədə iki vəzifə arasında yerdəyişmələri heç kəsi təəccübləndirmir. Digər tərəfdən isə Rahil Babayevi tutduğu vəzifələrdən uzaqlaşdırsalar da, yerinə təyinat zamanı mütləq şəkildə onun rəyi nəzərə alınır.

Mənbələrin dia.-az açıqlamasına görə bələdiyyə sədri vəzifəsindən çıxarılandan sonra da Hacı Rahil öz adamını həmin posta təyin etdirə bildi. Qəsəbədə böyük səlahiyyətlərə sahib olan Hacı Rahilin razılığı olmadan Türkanda bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz. Eyni zamanda da Zakir Fərəcov özünün bütün daş karxanalarına məhz R.Babayevin vasitəsilə nəzarət edir.Hər halda icra nümayəndəsinin fəaliyyətinə dair son illər kütləvi informasiya vasitələrində dərc olunan tənqidi materiallar da bu qənaəti təsdiq edir ki, Rahil Babayev manipulyasiya etdiyi vəzifələrin heç birində özünü doğrulda bilməyib. Qəsəbə sakinləri bildirirlər ki, bu gün Türkanda, qəsəbənin sahil hissəsində 100 hektarlarla ərazi ayrı-ayrı şəxslərə satılsa da, bu ərazidə qəsəbə sakinlərinə pay torpaqlarının verilməsi qadağan edilib. Həmin torpaqlarda yalnız rayonun vəzifəli məmurları özləri üçün restoran və istirahət mərkəzləri tikdirməklə bizneslərini artırır, qəsəbə sakinlərinin minimum dolanışıqlarını təmin etmələrinə mane olurlar.Bu arada belə bir məqamı da qeyd etmək istərdik ki, son vaxtlar Türkan qəsəbəsində olan bəzi dostlarımız bizi Hacı Rahil Babayev mövzusunda bir qədər ehtiyatlı davranmağa çağırırlar.

Onların fikrincə, bu məmur barədə dərc olunan tənqidi materialların xarakteri kəskinləşdikcə, qarşı tərəfdən tamamilə qeyri-adekvat reaksiyalar gözləmək olar. Bu ehtimalları təsdiqləyən əsaslardan biri kimi də, ötən ilin mart ayında Türkanda R.Babayevin oğlu Zahid Babayevin iştirakı ilə baş vermiş silahlı insidentə istinad edilir. Həmin vaxt yayımlanan məlumatlarda göstərilmişdi ki, Zahid Babayevlə qəsəbənin digər bir imkanlı ailəsini təmsil edən Samir Feyzi oğlu arasında atışma olub: “Atışma Hacı Rahilin darvazası qarşısından başlayaraq Hacı İldırımın evinin qarşısına qədər davam edib. Atışmadan sonra Mütəşəkkil Cinayətkarlığı Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qəsəbədə əməliyyat keçirilib və hər iki şəxs həbs olunub. Qəsəbənin torpaqlarındakı daş karxanalarında tez-tez Hacı Rahilin adamları ilə başqa karxana sahiblərinin davası düşür, bu zəmində ciddi mübahisələr yaranır. Samirin əmisi Hacı Rəşidin də daş karxanaları var. Hacı Rəşid də qəsəbənin imkanlı şəxslərindəndir. O, qəsəbə məscidinin minarələrinin tikintisini həyata keçirib.

Ola bilər ki, Samirin Hacı Rahilin oğlu ilə mübahisəsi daş karxanasına görədir. Hər ikisi özlərinin daş karxanalarında gəzib-dolaşır, birinin əmisi, o birinin atası ciblərinə pul qoyurlar. Mümkündür ki, Zakir Fərəcov Hacı Rəşidin daş karxanasının işığını kəsdirib və ya nəsə başqa əngəl törədib. Buna görə də onun adamı hesab olunan Hacı Rahilin oğlu ilə haqq-hesab çəkmək istəyiblər”. Materialdan çıxarışdan da görünür ki, Hacı Rahil Babayevin ətrafı qeyri-qanuni fəaliyyət əsasında yaranan bir çox problemlərin həllini də cinayətkar üsullarla həyata keçirməyə üstünlük verirlər. Görünür dostlarımızın narahatlığına səbəb olan məqam da məhz bununla bağlıdır...

Geri qayıt