Əsas Səhifə > Gündəm, Manşet > Gədəbəydə əlil məhkəmə hakimləri tərəfindən zəlil edilib

Gədəbəydə əlil məhkəmə hakimləri tərəfindən zəlil edilib


4-07-2014, 10:29
Gədəbəydə əlil məhkəmə hakimləri tərəfindən zəlil edilib
Azərbaycanda məhkəmələrdə vətəndaşların süründürməçiliyə salınması prosesi hələ də davam edir. Məhkəmələrin birtərəfli qərarlar qəbul etməsi, imkansız şəxslərin günahsız olduğu halda günahlandırılması hələ də qalmaqdadır. Əksər məhkəmələrdə bu problem aradan qaldırılsa da, bəzi hakimlər hələ də əvvəlki əməllərindən əl çəkmir. Redaksiyamıza müraciət edən Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlu da bu cür özbaşınalıqlardan şikayətçidir. Hüquqları kobud pozulan vətəndaş sonda dövlət başçısı İlham Əliyevə və Azərbaycan mediasına üz tutub. Müraciətdə bildirilir ki, o vaxtilə Gədəbəy rayonundakı 5 saylı Körpü İdarəsində işləyib. Həmin idarənin göstərişi və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən Gədəbəy rayonunun Qaradağ kəndində avtomobil qəzasına düşüb və 60 faiz sağlamlığını itirib: “Ancaq körpü tikinti sahəsinin səlahiyyətli nümayəndəsi Tomiyev İsaq Səməd oğlu iddia ərizəsi ilə Gəncə Apellyasiya və Gədəbəy rayon məhkəmələrinə müraciət edərək bildirib ki, baş verən bədbəxt hadisə ilə əlaqədar Körpü-Tikinti İdarəsindan mənə verilən akt etibarsız hesab edilsin. Halbuki həmin aktı idarənin özü tərtib etdib”.

Körpü-Tikinti İdarəsi əlil işçisini imtiyazlardan məhrum etmək istəyir

Şikayətçi deyir ki, İsaq Tomiyev bu idarənin səlahiyyətli nümayəndəsidir və bu sənədləri özü qəsdən gizlədir: “ Eyni zamanda mənə idarə tərəfindən 3 il pul odənilib. Əgər mənim sənədlərim saxta idisə, hansı əsasla idarə mənə pul ödəyirdi? İsaq Tomiyevin mənə qarşı qaldırdığı iddia ərizəsi tamamilə əsassızdır. Həmin aktı tərtib edənlər hal-hazırda yaşayırlar. Mən Şəmkir rayon Mərkəzi Xəstəxanasında, Kür qəsəbə Xəstəxanasında yatıb müalicə almışam və verilən ilkin sənədlərin hamısı doğrudur. Eyni zamanda İsaq Tomiyev idarənin səlahiyyətli nümayəndəsi olmasına baxmayaraq, öz iddia ərizəsində qeyd edir ki, Məmmədov Məhərrəm Kərim oğlu qəzaya uğrayan zaman nə üçün polis, prokurorluq orqanları bu işə baxmayıb? İsaq Tomiyev onu da bilməlidir ki, hərbi sirri açmaq olmaz. Hərbi sirr Ali Baş Komandanın əmri, yaxud Müdafiə Nazirliyinin gostərişi ilə açılmalıdır. Eyni zamanda müharibə şəraitində sərhəd rayonunda olduğumuz üçün Tomiyev İsaq Səməd oğlunun mənə qarşı qaldırdığı iddia ərizəsi qərəzlilik və qeyri-normativ qanunlara söykənib. Gəncə şəhər Körpu-Tikinti İdarəsinin səlahiyyətli nümayəndəsi İsaq Tomiyev Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə zidd olaraq iddia ərizəsi yazıb. Vətən, torpaq uğrunda sağlamlığımın 60 faizini itirmişəm. Vətənə can yandıran oğullara qayğı, hörmət budurmu? Əgər qanuna müvafiq deyildirsə, nə üçün onlar mənim 3 il aylıq pulumu qismən ödədilər, amma indi ödəmirlər? Məni sürundürürlər. Bundan əlavə, istehsalatda bədbəxt hadisə bas verdiyinə görə Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımov mənə verilən aktın doğru olması barədə qərar çıxarıb”.

Obyektiv qərar hakim mafiyası tərəfindən ləğv edilib

Məhərrəm Məmmədov deyir ki, Gədəbəy rayon Məhkəməsinin hakimi işi obyektiv araşdırsa da, ikinci instansiya məhkəməsi ona qarşı tam qərəzli mövqe tutub. İsaq Tomiyevlə münasibəti olan hakim zərərçəkmişi günahkar çıxarıb: “Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyev Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun ədalətli qərarını ləğv etdi. Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və hakim Fikrət Mehdiyev öz hüquq səlahiyyətlərini icra etmirlər. Azərbaycan Konstitusiyasını, qanunlarımızı maddi maraqları üzündən pozurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə və Azərbaycan Konstitusiyasının 68-ci maddəsinə əsasən, mənə dəyən zərər ödənilməlidir”. Şikayətçi deyir ki, Gəncə Apellyasiya Məhkəməsi qərarı ləğv edəndən sonra iş baxılmaq üçün yenidən Gədəbəy rayon Məhkəməsinə göndərilib. Amma, bu dəfə iş digər hakimə verilib. Həmin hakim isə əvvəlcədən razılaşdırılmış iş görüb: “ Azərbaycan məhkəmə sistemində vəzifəsindən və hüquqi səlahiyyətlərindən sui-istifadə edən hakimlərdən biri də Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovdur. Belə ki, o, 2 may 2014-cü il tarixdə Gədəbəy rayon Məhkəməsində kecirilən məhkəmə prosesində “Gəncə Körpü Tikinti-l” ASC-nin xeyrinə ədalətsiz qərar verdi. Və bununla da Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov öz “oyununu” basa vurdu. Sağlamlığımı itirməyimə, bütün sənədlərimin qaydasında olmasına baxmayaraq, idarənin özü verdiyi aktı sonradan etibarsız hesab etməyə çalışması və bu oyuna məhkəmə hakimlərinin də cəlb edilməsi haqsızlıq, eyni zamanda cinayətdir”.

Zərərçəkmiş hakimlərin cinayətlərinin araşdırılmasını tələb edir

Şikayətçi Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun günahlarını və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini də sadalayır: “Ceyhun Əhmədovun Azərbaycan Konstitusiyasının qanunlarından şəxsi maraqları əsasında Azərbaycan dövləti adından qanunsuz qərar çıxarması, Şəmkir rayon Mərkəzi Xəstəxanasından və Kür qəsəbəsindən verilən xəstəlik kağızlarının Ceyhun Əhmədov tərəfindən etibarsız edilməsi, Ağdamdan Gədəbəy rayonunun Şınıx bölgəsinə strateji əhəmiyyətli avadanlıq daşıyarkən qəzaya uğramağıma görə mənə istehsalatdan verilən aktın etibarsız hesab edilməsi, Gəncə şəhər “Körpü-Tikinti-2” ASC-in nümayəndəsi İsaq Tomiyevin məhkəmə prosesində açıq-aşkar “bizim idarə 21 nəfərə aiddir” deməsini diqqətdən qaçırması, Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun bütün məhkəmə hakimlərinin verdiyi qərarlarla “oyun” oynamsı və sair”.
Şikayətçi bu faktları göstərməklə prezident İlham Əıliyevdən imdad diləyir və pozulmuş hüquqlarının bərpası üçün dövlət başçısının tapşırıq verməsini xahiş edir.

Geri qayıt