Əsas Səhifə > Gündəm, Manşet > Rövnəq Abdullayevlə Fətullah Gülənin başa çatan ittifaqı

Rövnəq Abdullayevlə Fətullah Gülənin başa çatan ittifaqı


19-06-2014, 09:58
Rövnəq Abdullayevlə Fətullah Gülənin başa çatan ittifaqı
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Hər halda, bu qərarın hansı şəraitdə və hansı səbəblərlə verildiyini təxmin etmək o qədər də çətin deyil. Hələliksə, gələk rəsmi məlumatlara. yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) - qapadılma qərarı verilən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin hüquqi sahibi olan qurum tərəfindən rəsmən yayılan informasiyaya diqqət yetirək.

Məlumata görə, ARDNŞ Azərbaycan Respubikasının milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq üçün ardıcıl islahatlar həyata keçirir: “Bu islahatlar bir sıra yeni iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, az səmərəli biznes proseslərinin aradan qaldırılması zərurətini də yaradır. Bu tələblər bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, ARDNŞ-nin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyən edilir. Az səmərəli biznes proseslərinin təkmilləşdirilməsi, bir qayda olaraq dəyişikliklərin aparılmasını şərtləndirir. Respublikada və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə müvafiq qaydada Azərbaycan Respublikasının təhsil standartlarında və beynəlxalq standartlarda, milli və mənəvi dəyərlərimizi qorumaqla bütün təhsil səviyyələrində təhsil xidməti göstərmək, yeniyetmə və gənclərə ümumi orta təhsilə, ali təhsilin bakalavr və magistr mərhələlərinə hazırlıq xidmətləri təşkil etmək, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş və qadağan olunmayan digər fəaliyyətləri həyata keçirmək məqsədi ilə ARDNŞ-nin həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi (ABTM) yaradılıb.

Son dövrlərdə aparılan dəyişikliklər nəticəsində ABTM hüquqi cəhətdən ARDNŞ-nin strukturuna daxil olan qurum statusu əldə edib. Odur ki, Birliyin strukturunda müvafiq dəyişikliklər edilməsinə zərurət yaranıb.

Bu səbəbdən ABTM-nin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib. Birliyin ümumi yığıncağında o da qeyd olunub ki, “Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək".

Qeyd edək ki, «Araz» kursları Fətullah Gülənə məxsusdur. DİA.AZ bildirir ki, əslində bütün bunlar Rövnəq Abdullayevin artıq Fətullah Gülənlə ortaqlığına son qoyulmasından xəbər verir. Hər halda, dünənə qədər Fətullah Gülənə aid olan kursları bəhbəhlə Dövlət Neft Şirkətinin mülkiyyəti elan edən və hətta bununla bir çox dairələrə hədələyici ismarıclar yollayan ARDNŞ rəhbərliyi də nəhayətdə geri çəkilməli, hətta sıfır nöqtəsinə qədər geri çəkilməli oldu.

DİA.AZ-a bu barədə danışan mənbə bildirir ki, Rövnəq Abdullayev nəhayətdə anladı ki, Fətullah Gülənlə ortaqlığı onun çöküşünə nədən olacaq. Çünki ARDNŞ şefini məhz bu cinahdan hədəfə alırdılar. Buna görə də cənab Abdullayev «açıq yerini» qapatmaq zorunda qaldı ki, uzun müddətə hədəfə çevrilib, əlavə zərbələr almasın.

Məlumatın mətnindən də aydın şəkildə görülür ki, əslində özünü qəpiyinin qədrini bilən bir struktur kimi təqdim edən ARDNŞ həm də Fətullah Gülənin kurslarına çəkdiyi xərcin boşuna sovrulduğunu da etiraf etmiş olur. Yəni aydın olur ki, Azərbaycanın neft pulları yenə də səmərəsiz şəkildə sərmayəyə çevrildi.

Amma bu heç də belə deyil. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, əslində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın basqıları ilə Fətullah Gülənə qarşı tədbir görmək zorunda qalan rəsmi Bakı Fətullah Gülənin kurslarını satın almaqla, ona bir növ təzminat ödəmiş oldu. Bununla da rəsmi Bakının tərəflərin hər ikisi ilə münasibətləri əvvəlki kimi qaydasında qalmış olur.

Geri qayıt