Əsas Səhifə > Gündəm, Manşet > Haqqı tapdanan Sumqayıt sakini nazirdən prezidentə şikayət etdi
Haqqı tapdanan Sumqayıt sakini nazirdən prezidentə şikayət etdi29-05-2014, 09:52 |
DİA.AZ: - Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 11, mənzil 21-də kirayədə yaşayan, təqaüdçü Ağakişiyev Firuddin Balaqadaş oğlu tərəfindən Şikayət məktubu ilə prezident İlham Əliyevə müraciət ünbanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: “Mən, Ağakişiyev Firuddin Balaqadaş oğlu, Sumqayıtda yaşayıram, 65 yaşım var, işləmirəm, təqaüdçüyəm, 250 manat təqaüd alıram. Öz mənzilimdə, 1993-cü ildən məcburi köçkün ailəsi məskunlaşdığı üçün mən, əvvəllər mənə aid olmuş mənzildə yaşayırdım. Bu mənzil sahibinin iddiası əsasında, Sumqayıt məhkəməsinin qərarı ilə ailəm, 2013-cü ilin yanvar ayında yaşadiğımız mənzildən çıxarıldıq. Mənim də iddiam əsasında, məcburi köçkün ailəsinin mənzilimdən çıxarılması barədə məhkəmə qərarım olsa da, bu qərar icra olunmadı, baxmayaraq ki, konstitusiyada deyilir; hamı qanun və məhkəmə qarşısında bərabərdir. Nəticədə kirayədə yaşamağa məcbur olduq, bu üzdən, təqaüdümün tamamını kirayə haqqına ödəməli oluram ki, bu da məni çox üzür. Məni daha çox üzən isə odur ki, mənzilim olduğu halda, təqaüdçü kimi 65 yaşımda, haqsız olaraq kirayədə yaşamağa məcbur edilmişəm. Vəziyyətimlə əlaqədar müvafiq `ünvanlara müraciət etmiş, ədliyyə naziri Fikrət Məmmədovun qəbulunda olmuşam, lakin heç bir tədbir görülmür. Aldığım cavablar isə məni qane etmir, əksinə üzür, çünki cavablarda, 65 yaşımda kirayədə yaşamağım, bu üzdən məruz qaldığım maddi sıxıntım nəzərə alınmır, məhkəmə qərarının icrasının mümkün olmadığı, buna səbəb kimi də, 298 və 1346 saylı Prezident sərəncamlarının olduğu göstərilir. Buna görə də mənzillə bağlı məsələmin, zəbt olunmuş mənzillərin ümumi həlli ilə eyni vaxtda, hətta işğal olunmuş rayonların işğaldan azad ediləcəyi illərdə mümkün olacağı bildirilir. Cənab Prezident! Sizə yazdiğım məktubum Sumqayıt İH-nə göndərildiyi üçün nəticəsini təxmin edib məyus oldum. Görünən odur ki , 1966-cı ildən sakini olduğum şəhərin icra başçısı da, 2013-cü ilin yanvar ayında, 65 yaşımda, 7 nəfərlik ailəmlə, haqsız olaraq kirayədə yaşamağa məcbur edilməmi normal sayır ki, o üzdən məktuba görə cavab verməyi belə lazım bilmir. Axı, təqaüdçü olaraq heç bir yerdə işləmədən, başqa bir gəlirim olmadan, təqaüdümü də kirayə haqqına ödəyərək necə yaşamaq olar? Müraciətlərimə tövsiyə xarakterli cavablar yazmaqla qane olan məmurlar isə, yəqin belə yaşayışı normal hesab edirlər və elə həmin bu məmurlar, hətta uzaq bir qohumu da olsa belə, ona bu cür yaşayışı rəva görərlərmi? Bütün bunlara görə də, ədliyyə nazirliyi icraçılarının məhkəmə qərarımın icrasının mümkünsüzlüyü ilə bağlı səbəbləri ilə razilaşmır, 2013-cü ildən kirayə yaşamağa məcbur edilməmə, bu üzdən yemək pulum olan təqaüdümü də kirayə haqqına ödəyərək, məruz qaldığım maddi və mənəvi sıxıntılarıma görə ədliyyə naziri Fikrət Məmmədovdan, cənab Prezident, Sizə şikayətçiyəm. Cənab Prezident! Bir təqaüdçü olaraq 65 yaşımda kirayədə yaşamağa məcbur edilməklə məruz qaldığım sıxıntılı vəziyyətimin qeyri normal, analoqu olmayan bir hal olduğunu düşünür, bu səbəbdən mənzil məsələmin ayrıca həll olmasını istəyirəm. Buna görə, məsələyə Sizin müdaxilənizi istəyərək xahiş edirəm, məhkəmə qərarımın icra olunması ilə mənzilimə köçə bilməm üçün, mənə kömək edəsiniz”. Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |