Əsas Səhifə > Gündəm, Manşet > Rəsmi Bakının nurçulara qarşı planının ilkin mərhələsi - Ola bilsin, kütləvi həbslər də olsun

Rəsmi Bakının nurçulara qarşı planının ilkin mərhələsi - Ola bilsin, kütləvi həbslər də olsun


14-04-2014, 08:45
Rəsmi Bakının nurçulara qarşı planının ilkin mərhələsi - Ola bilsin, kütləvi həbslər də olsun
DİA.AZ: - Artıq Bakıda nurçulara qarşı konkret hüquqi tədbirlərin start düyməsi basılıb. Verilən məlumatlardan aydın olur ki, dünən Bakıda “nurçu” təriqətinin üzvləri saxlanılıb.

Yasamal rayon Polis İdarəsindən verilən xəbərə görə, polisə daxil olan əməliyyat məlumatı əsasında ötən gecə paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparılıb.

Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb.

Hazırda Yasamal rayon Polis İdarəsində 9 nəfər təriqətinin üzvü saxlanılır. Polisdən bildirilib ki, həmin şəxslərin də izahatı alındıqdan sonra sərbəst buraxılacaqlar.

DİA.AZ bildirir ki, əslində nurçulara qarşı belə bir polis tədbirinin həyata keçiriləcəyi gözlənilən idi. Türkiyədə Fətullah Gülən camaatı ilə ciddi şəkildə problemlər yaşayan Ərdoğan iqtidarı rəsmi Bakıdan da eyni qaydada nurçuların sıxışdırılması üçün dəstək istəyib. Ərdoğanın son Bakı səfərində isə konkret siyahının verildiyi bildirilirdi. Yəni Türkiyənin baş naziri Azərbaycan prezidentinə barəsində tədbirin görülməsini istədiyi şəxslərin siyahısını verib.

Redaksiyamızı məlumatlandıran mötəbər mənbə bildirir ki, Bakıda keçirilən son əməliyyat birincisi olmayacaq: «Əslində onların hansısa birinin həbs edilməsi planı mövcud deyil. Bununla rəsmi Bakı Azərbaycan paytaxtında təxminən 60-a yaxın gizli dərsxana saxlayan nurçulara artıq şələ-külələrini götürüb, Azərbaycanı tərk etmələrinin vaxtının yetişdiyini izahlamaq istəyib».

Oxşar əməliyyatların davam edəcəyini bildirən məlumatlı mənbə iddia edir ki, bu əməliyyatlar nurçuların Bakıdan qaçaq salınacağı vaxta qədər davam edəcək: «Ola bilsin ki, həbslər də olsun. Amma bu addım qorxutmaq üçün atılacaq. Məqsədsə nurçuların Azərbaycandan çıxdaş edilməsidir».

Geri qayıt