Əsas Səhifə > Gündəm, Manşet > Ərdəbilin imam-cüməsinin Mirşahinə ikibaşlı cavabı – Fars-molla rejimi aradakı atəşkəsi pozdu

Ərdəbilin imam-cüməsinin Mirşahinə ikibaşlı cavabı – Fars-molla rejimi aradakı atəşkəsi pozdu


2-04-2014, 09:43
Ərdəbilin imam-cüməsinin Mirşahinə ikibaşlı cavabı – Fars-molla rejimi aradakı atəşkəsi pozdu
DİA.AZ: - Sevinmişdik ki, fars-molla rejimi daha Azərbaycan əleyhinə təbliğatı durdurub. Amma sən demə, bu ötəri imiş. Və bu dəfə də antiAzərbaycan ruhlu İran saytında sapı özümüzdən olan baltalardan birinin, əslən Azərbaycan türkü olan Ərdəbilin imam-cüməsi Ayətullah Seyid Həsən Amilinin bir müraciəti yayılıb.

Əslində Amili bu günlərdə Azərbaycandakı dini durumla bağlı şərh verən ANS-in tanınmış siması Mirşahinə cavab verirmiş kimi davransa da, onun “Əgər hökumətiniz din üzərində qurulsaydı, şübhəsiz torpaqlarınızın 20 faizi işğal altda qalmazdı” kimi ikibaşlı ifadəsi fars-molla rejiminin Azərbaycana ənənəvi münasibətinin hələ də davam etməsinin sübutu kimi qəbul edilməlidir.

DİA.AZ olaraq “Arannews” portalında yer alan həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik: “Əgər hökumətiniz din üzərində qurulsaydı, şübhəsiz torpaqlarınızın 20 faizi işğal altda qalmazdı! Əsgərlərdə ruh yüksəyliyi yaratmaq üçün hərbi hissələrə müğənnilər yollayırsınız. Bunun bir nəticəsi olubmu?!

Son günlərdə Azərbaycan televiziya kanallarından birinin aparıcısı vəhhabilərin cinayətinə işarə edərək xalqa deyib ki, dini və din alimlərini qəbiristandan, yas məclislərindən çıxarıb, onları təbliğ üçün səhnəyə gətirdikdə, onlara söz meydanı verdikdə, belə cinayətkarlar ortaya çıxacaq.

Bu aparıcı (aeyid olan bir şəxsdir) uyğun sözü ilə Quranı, Peyğəmbəri (s), Həzrət Əlini (ə) və bütün imamları təhqir edib.

Uca Allah Quranda buyurur: “O zaman ki, Rəbbin Musaya dedi: Zalım qövmə doğru get.” (bax: “Şüəra”, 10) Bu ayədə Allah Musaya qəbiristanlığa deyil, Fironun sarayına getməyə əmr edir.

Qəbirlərlə maraqlanan din vəhhabilərin dinidir. Bizim dinimiz, bizim tövhidimiz zülmə qarşıdır. Bizim peyğəmbərimiz (s) qəbirlərdə təbliğat aparmayıb. Uca Allah buyurur: “Sən qəbrdə olana söz eşitdirə bilməzsən.” (Fatir, 22)

Bizim peyğəmbərimiz (s) hökumət qurdu, peyğəmbərimiz buyurdu ki, əgər güc mənim əlimdə olmasa, nə əxlaqı dirçəltmək olar, nə də təlim-tərbiyyəni inkişaf etdirmək olar.

Həzrət Əli (ə) hakimiyyətə gəldikdə buyurdu: Uca Allah alimlərdən əhd alıb ki, acın aclığına və toxun toxluğuna göz yummasınlar, buna təslim olmasınlar. Mən isə bu səbəbdən hakimiyyəti qəbul edirəm.

Həzrət bu hədisdə “imamlar” yox, “alimlər” deyir. Demək alimlərin işi çox ağırdır.

Mənim sualım budur ki, nə üçün əxlaqsız bir şəxs hakimiyyəti ələ keçirdikdə, səsiniz çıxmır. Lakin din üzrə fəqih bir şəxsin vilayətindən, rəhbərliyindən söz açıldıqda ona qarşı səslənirsiniz?

Nə üçün dini hakimiyyətin nümunəsini görmək istədikdə İslam Respublikasına yox, Talibana, Əlqaidəyə baxırsınız? Hər il bir dəfə həqiqi, doğru seçkilər keçirən İslam Respublikası!

Dinin hakimiyyətdən ayrı olması məsihilərə aiddir. Onlar əqidələri incələyir, xalqın başına oyun açırdılar. Sonda isə xalq dinin hökumətdən ayrı olmasını deməyə məcbur oldu. Lakin bizim dinimizdə belə deyil, bizim dinimizdə buyurulur: “Dində məcburiyyət yoxdur.” (Bəqərə, 256)

Əgər hökumətiniz din üzərində qurulsaydı, şübhəsiz torpaqlarınızın 20 faizi əlinizdən çıxmazdı. Əsgərlərdə ruh yüksəkliyi yaratmaq üçün hərbi hissələrə müğənni yollayırsınız. Bunun bir nəticəsi olubmu?!

Mən bu Alicənab Seyidə tövsiyə edirəm ki, əcdadlarının, Əmirəlmömininin (ə) yolunu davam etdirsin, onlara qarşı nankor olmasın. Bir seyid hər nəyi satsa da əcdadlarını heç nə ilə dəyişməz!”

Geri qayıt