Əsas Səhifə > Gündəm, Manşet > Elşad Abdullayev həbs olunarsa, hansı məmurun başı ağrıyacaq – Hakimiyyəti içdən silkələyən prosesin finalı

Elşad Abdullayev həbs olunarsa, hansı məmurun başı ağrıyacaq – Hakimiyyəti içdən silkələyən prosesin finalı


28-03-2014, 09:15
Elşad Abdullayev həbs olunarsa, hansı məmurun başı ağrıyacaq – Hakimiyyəti içdən silkələyən prosesin finalı
DİA.AZ: - Dünən məlumat yayıldı ki, ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevə qarşı Rusiyada cinayət işi qaldırlıb. Bu barədə xəbəri yayan “axar.az” portalının məlumatına görə, o, fırıldaqçılıqda və vergidən yayınmada ittiham olunur. Mənbənin dediyinə görə, söhbət ABU-nun Moskva filialı ətrafında baş verənlərlə bağlıdır. Abdullayev və bu filialın Malik adlı keçmiş müdiri filiala yüzlərlə tələbə qəbul etdiriblər.

Moskva vilayətinin Marfino adlı kiçik kəndində filial yaradan və yüzlərlə tələbəni ora qəbul etdirdikdən sonra Bakıya köçürən Abdullayev ABU bağlanandan sonra təhsili yarımçıq qalmış tələbələri taleyin ümidinə buraxıb. “Bu tələbələrin valideynləri filiala qəbul olunmaları üçün Abdullayevə 3-5 min dollar arası pul da veriblər. Bundan başqa elə tələbə olub ki, illik təhsil haqqını da əvvəlcədən ödəyirmiş. Məhz həmin tələbələrin valideynlərinin şikayəti əsasında Moskva şəhər Prokurorluğunda Abdullayev və Malik adlı filial müdiri barədə cinayət işi qaldırılıb. Onlar Rusiya Federasiyası Cinayət məcəlləsinin 159-cu (dələduzluq) və 198-ci (külli-miqdarda vergidən yayınma) maddələri ilə ittiham olunurlar. Bundan başqa Moskva univeristetlərindən birinin müəllimi, hüquq elmləri namizədi Oqtay adlı birinin də qeyri-qanuni tələbə köçürülməsində iştirakı təsdiqlənib. Hazırda onun barəsində araşdırma gedir".

Məlumatda həmçinin deyilir ki, Abdullayev və dəstəsi filialın mövcud olduğu illər ərzində bir rubl da olsun vergi ödəməyiblər.

Xatırladaq ki, keçən günlərdə sabiq ABU rektorunun işi ilə bağlı hər hansı hərəkətlənmənin olmadığı haqda informasiya vermişdik. DİA.AZ-ın xəbərində vurğulanırdı ki, bu gün Elşad Abdullayev məsələsində açıq şəkildə ikiyə bölünmüş olan hakimiyyət dairələrinin hər bir cinahı öz planına uyğun tərzdə davranır.

Son məlumata gəlincə isə bununla bağlı da dia-az.life-a maraqlı məlumat daxil olub. Bilgili qaynaqlardan redaksiyamıza ötürülən informasiyada qeyd olunur ki, zamanında özünün gizli videoçəkilişləri ilə nəinki ölkə gündəmini dəyişməyə müvəffəq olan, hətta hakimiyyət sütunlarını belə silkələyən Elşad Abdullayev artıq müdafiəsiz durumdadır.

Xəbəri verən qaynaq bildirir ki, keçmiş ABU rektorunun son prezident seçkisi ərəfəsində Azərbaycanın siyasi müxalifətinə açıq şəkildə dəstək verməsi, habelə hədəflərinin miqyasını genişləndirməsi ona qarşı iqtidar daxilindəki cəbhələşmənin də anoloji olaraq hüdudlarını böyütmüş olub:

«Bu da Elşad Abdullayevin özünü daha böyük güclərin hədəfinə çevrilməsilə nəticələnib. Artıq kimsə onu hətta dar məclislərdə belə təqdir edə bilmir. Çünki Elşad Abdullayev bütünlükdə olaraq hakimiyyətə qarşı əks cinahda yer aldığından ona dəstək verənlərin də işini çətinə salıb. Bu da ki, keçmiş rektotrun ilk əsas hədəfi kimi diqqətə gələn qüvvələrin işinə yarayıb. Yəni artıq onunla bağlı hər hansı radikal tədbirin görülməsi problemsizləşib».

Məlumatı verən mənbə bildirir ki, keçmiş rektorun barəsində Moskvada cinayət işinin qaldırılması da məhz əks cinahın hücumu kimi qəbul edilə bilər: «Elşad Abdullayev əgər Rusiyanın hüquq-mühafizə orqanlarının hədəfinə çevriləcəksə, o zaman artıq keçmiş rektoru İnterpola Rusiya dövləti də vermiş olacaq. Məlumdur ki, Azərbaycanda belə bir qərar çıxarılsa da, bu qərar ölkə hüdudlarından kənara hələ də şamil olunmayıb. Amma rusların bu addımı atacağı təqdirdə keçmiş rektorun ən azından həbs olunaraq Moskvaya təhvil veriləcəyi mümkündür».

Məlumatı verən mənbə onu da əlavə etdi ki, Elşad Abdullayev məsələsi enində-sonunda bitməli olan bir prosesdir: «Lakin burada təhlükə hiss edən qüvvələr də var. Onlar Elşad Abdullayevə dəstək veriblər. Və Elşad Abdullayevin həbs olunacağı halda həmin qüvvələrə də ciddi başağrısı yarana bilər. Hətta mümkündür ki, Bakıda total həbslər həyata keçirilsin və bu həbslər məmur kabinetlərinə qədər yürüyə də bilər».

Geri qayıt