Əsas Səhifə > Gündəm, Manşet > Elnur Aslanovun vəzifədən alınması kimlərin işinə yaradı - Əldə olunan qələbənin müəllifinin kimliyi hələ bilinmir

Elnur Aslanovun vəzifədən alınması kimlərin işinə yaradı - Əldə olunan qələbənin müəllifinin kimliyi hələ bilinmir


18-03-2014, 09:36
Elnur Aslanovun vəzifədən alınması kimlərin işinə yaradı - Əldə olunan qələbənin müəllifinin kimliyi hələ bilinmir
DİA.AZ: - Dünən hakimiyyət daxilində çox mühüm bir kadr dəyişikliyi baş verdi. Elnur Aslanovun vəzifəsindən alınması ona görə mühüm deyildi ki, Prezident Administrasiyasının bir şöbə müdiri işdən çıxarıldı. Bu qərar ona görə əhəmiyyət daşıdı ki, dəyişiklik təkcə bir vəzifədə baş vermədi. Dəngələrarası münasibət də dəyişmiş oldu.

Və buna görə də kifayət qədər həssas olan Azərbaycan mediası Elnur Aslanovu təkcə yola salmaq istəmədi. «Sırada kimdir» deyərək KİV-lərimiz öz «qurbanlıqlarını» bir-birinin ardınca düzməyə başladılar. Hərənin bir siyahısı açıqlandı. Hərə birini qaraladı.

Təbii ki, burada ancaq ehtimallar yürüdülür. Və hər kəs artıq ehtimal etməyə başlayıb.

Reallıq isə tamam fərqlidir.

Şübhəsiz, qərarı verən prezident İlham Əliyevdir və seçim də onun seçimidir. Və bu bir faktdır ki, prezident qərarı ilə dünənə qədər iqtidar daxilində mövcud olan bir gərginliyi də aradan qaldırmış oldu. Yəni atılan addım, verilən dəyişiklik qərarı məhz buna xidmət etməli idi.

Amma aydın olanı isə odur ki, əks qütb öz qələbəsinin miqyasını daha da genişləndirə bilməsi üçün mətbuatın məlum həssaslığını yaxşı dəyərləndirməkdədir. Yenə də siyahılar məsələsi…

Bəli, əks qütb faktoru burada mühümdür. Elnur Aslanov dünənə qədər də hədəfdə idi. Sadəcə olaraq öz hədəflərini doğru müəyyən edə bilmədiyindən daha böyük qüvvənin hədəfinə çevrilməkdən yayına bilmədi.

Bundan sonra nə baş verəcək? Artıq bu barədə müəyyən çözümlər ürətilməkdədir. Bəli, yenə də ehtimal və xəyal istehsalı müstəvisində ciddi fəallıq müşahidə olunur. Hərənin bir proqnozu var.

Görüntüdə olanı isə hakimiyyətin böyük dəyişikliklərə təşnə olmasıdır. Dünənə qədər əks qütb qurban vermişdi. Dünən isə bir başqa qütb qurban verdi. Ümumi hesabda kimin qalib gəldiyi məlum olmasa da, dünəndən bu günə olan vəziyyət Əks qütbün mövqelərinin gücləndiyini nəzərə çarpdırır.

Bununla bağlı DİA.AZ-ın apardığı müşahidələr və araşdırmalar da təsdiqləyir ki, əslində iqtidar daxilində çəki-düzən məsələsi hələ xeyli oynayacaq. Bunun ilkin işartıları da var. Çünki Elnur Aslanovun gedişinə heç də onunla açıq savaşa girən qüvvələr nail olmayıblar. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, hadisələrin fövqündə dayanan 3-cü qüvvə var və bu qüvvə hər iki cinahı yola salma təşəbbüslərini ortaya qoyub. Artıq birinci mərhələ başa çatıb. Sırada isə Elnur Aslanovun böyür-başı olmayacaq, indi həmlə əks cinaha endiriləcək…

Çünki təmizləmə total xarakteri daşıyır…

Geri qayıt