Əsas Səhifə > Gündəm, Manşet > Sabunçuda baş verən güllələnmə olayında şok məqamlar

Sabunçuda baş verən güllələnmə olayında şok məqamlar


25-02-2014, 09:36
Sabunçuda baş verən güllələnmə olayında şok məqamlar
DİA.AZ: - İki gün əvvəl Bakının Sabunçu rayonunda 4 nəfərin güllələnməsi ilə bitən qalmaqal bu gün də diqqət mərkəzindədir. Qeyd edək ki, artıq cinayəti törədən şəxs saxlanılıb. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, polis rəisinin müavinini və onun oğlunu güllələyən şəxsi polis evində tutub. Gülağa Lətifovun "Nissan Qashqai" markalı avtomobili də polis tərəfindən götürülüb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Xatırladaq ki, hadisə fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında baş verib. Həmin qəsəbənin sakini, Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən dünyasını dəyişib, digərləri isə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, Gülağa Lətifov həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə Gülağa Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb.

Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, Gülağa Lətifovun evinə baxış zamanı isə 19 ədəd patron aşkar edilərək götürülüb. Artıq faktla bağlı cinayət Məcəlləsinin 120.1 yəni (qəsdən adam öldürmə) və eləcə də iki və ya daha çox şəxsi öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.

Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır…

Onu da bildirək ki, bu olayla bağlı rəsmi şəkildə yayılan məlumatlarda bir məqam xüsusi olaraq vurğulanırdı: Hadisəni törədən şəxs MÜVAFİQ DÖVLƏT ORQANLARININ İCAZƏSİ OLMADAN VƏ YERLİ İCRA NÜMAYƏNDƏLİYİ TƏRƏFİNDƏN EDİLMİŞ XƏBƏRDARLIQLARA MƏHƏL QOYMAYARAQ…



Təbii ki, bu şəkildə «zəruri qeyd»in hətta istintaq materiallarına daxil edilməsi nəzərləri elə hadisənin məhz qeyd olunan istiqamətinin araşdırılmasını daha da vacib etməkdədir. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, əslində cinayəti törədən Gülağa Lətifov heç də özbaşına olaraq obyek tikintisinə girişməmişdi. Və onun əlində müvafiq dairələrin icazəsi olub. Rəsmi olmasa belə… Sadəcə olaraq sakinlər bu inşaata razı deyillərmiş və əgər vəziyyət silaha əl atılmasına qədər inkişaf etməsəydi, çox güman ki, həmin obyekt tikiləcəkdi.

Bunu redaksiyamıza çatdıran mənbə bildirir ki, Gülağa Lətifov hələ iki ay əvvəlindən ərazidə obyekt tikə bilməsi üçün yerli icra hakimiyyəti ilə görüşüb. Mənbənin söylədikləri: «Hətta bu icazənin əldə edilməsi üçün icra başçısı Adil Vəliyevin də xeyir-duası alınıb». Mənbəmiz iddia edir ki, müvafiq inşaat işlərinin aparılması üçün Sabunçu rayonu icra hakimiyyətindəki işbazlara 50 min manat pul verilib: «Obyekt hazır olub, fəaliyyətə keçəndən sonra da bir o qədər pul verilməli idi. Bunun ardından isə obyektin fəaliyyətinə görə aylıq olaraq 3 min manat icra hakimiyyətinə verilməli idi. Anlaşma belə olmuşdu».

Hər halda, maraqlı faktdır. Və ortada olanı odur ki, iki polis əməkdaşının güllələnməsinə qədər gətirib çıxaran bir hadisədə Gülağa Lətifovu da ürəkləndirən məqamlar olub. Bu isə onun verdiyi pullar imiş…

Geri qayıt