Əsas Səhifə > Gündəm, Manşet > Ukraynada proseslər bu qədər uzanmasaydı, Qarabağda savaş başlayacaqdı
Ukraynada proseslər bu qədər uzanmasaydı, Qarabağda savaş başlayacaqdı12-02-2014, 09:05 |
DİA.AZ: - Artıq Ukraynada baş verən prosesləri bitmiş hesab etmək olar. Qabaqcadan da proqnozlaşdırdığımız kimi, Rusiya Ukraynada qələbəyə qədər savaşdı. Və bu savaşı boyunca hətta ən ağlaçığmaz addımları belə atacağını gizlətmədi. Bunu da əvvəlindən qeyd etmişdik və bildirmişdik ki, Kreml siyasətdəki ənənəvi rus çalarına uyğun olaraq - hesablanmayan, «ruskaya tupost» adını almış mahiyyətə xas olaraq hətta Ukraynanı parçalamağa belə hazır olduğunu nümayiş etdirdi. Kimiləri üçünsə Ukraynadakı olaylar hələ bitməyib. Amma artıq hər şey geridə qalıb. Hətta bundan sonra Ukraynada vətəndaş müharibəsi olsa belə, Rusiyanın maraqlarının hansısa formada xətər görəcəyi imkansızdır. Rusiya əlindəki xəfif qələbəni möhkəmləndirə bilməsi üçün bütün mümkün olan və olmayan addımları atacaq. Təbii ki, burada maraqlı olanı Azərbaycanın mövqeyidir. Azərbaycanı bu olaya qarışdırıb ağıllı görünmək istəyən və kifayət qədər tanınmış olan politoloqlarımız qeyd edirdilər ki, artıq Rusiya Ukraynada məğlub olub və bu proseslər Azərbaycanın da aid olduğu regionda Kremlin maraqları üçün böyük təhlükəyə gətirib çıxaracaq. Amma əksi oldu. Ruslar buralarda hələ çox qalmaq niyyətində olduqlarını nümayiş etdirdilər. Onların Ukrayna nədir, hətta itirilmiş hesab etdikləri keçmiş sovet məkanı uğrunda daha acımasız mübarizəyə tədarüklü olduqları isə faktdır. Və bu gerçəklik fonunda Rusiya-Azərbaycan münasibətlərinin hansı müstəvidə cərəyan edəcəyi də kifayət qədər maraqlıdır. Təbii ki, Azərbaycan hakimiyyəti nə Yanukoviçin iqtidarının eynisi deyil, nə də Azərbaycan xalqı ukraynalılar qədərində Avropa sevdalıları hesab olunmur. Bu gün əgər ukraynalıları Avropa Birliyi cəlb edirsə, Azərbaycan xalqını daha çox Qarabağ itiyinin geri qaytarılması maraqlandırır. Elə buna görə də Rusiya Azərbaycanla danışıqlar masasında «Qarabağ ləhcəsində» danışmaqdadır… Və bütün istiqamətlərdə Azərbaycanın ram edilməsi üçün məhz bu problemə söykənərək təzyiqlər həyata keçirilir. Kimsə iddia ediə bilməz ki, İlham Əliyev və onun komandası Qarabağın işğaldan azad edilməsini arzulamır. Və son illərdə Azərbaycanın öz hərbi arsenalını daha da gücləndirməsi, bu istiqamətə böyük yatırımlar qoyması, paralel olaraq hərbi sənayeyə ciddi maliyyə ayırması və digər bu kimi faktlar İlham Əliyevin bu gün diplomatik müstəvidə prioritet kimi qələmə verdiyi sülh danışıqlarını yeganə vasitə kimi görmədiyini sübutlamaqdadır. Yəni fakt olanı odur ki, Azərbaycan hakimiyyəti dəyənəyini əlindən yerə qoymağı düşünmür və elə hər şeyin də məhz əlindəki dəyənəyin gücü, əzəməti ilə həll olunacağına inanır. Rusiya isə net şəkildə Qarabağ probleminə münasibətini açıqlayıb. Yəni Kremlin icazəsi olmadan Xankəndində Azərbaycan bayrağı dalğalanmayacaq. İndi isə Azərbaycanın belə bir icazəni bir şərt olaraq əldə etməsi şəraiti yaranıb. Ən azından regionda Rusiyanın maraqlarına Azərbaycanın bir isti reaksiyası Qarabağda böyük dönüşlər üçün zəmin yarada bilər. DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, hələ son prezident seçkiləri ərəfəsindən rəsmi Bakı ilə Kreml arasında məhz Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparılır. Xatırlayırsınızsa, Bu günlərdə Ermənistan tərəfinin elə özündən bir fikir gəldi ki, Sərkisyan Qarabağı rüşvət müqabilində Azərbaycana satıb. Hər halda, bu, Rusiya-Azərbaycan danışıqlarının Ermənistanda əks olunan təzahürüdür. Məlumatlı mənbə iddia edir ki, Azərbaycanın Qarabağı azad edə bilməsi üçün Kremlin yumşalması gözləniləndir: «Artıq danışıqlar bu mərhələyə qədəm basıb. Azərbaycan diplomatik cəbhədə ciddi nailiyyətlər əldə edib. Həm də Rusiyanın başqa bir şansı da yoxdur. Nə Ukraynadakı proseslərin bənzəri hesabına Azərbaycanda maraqlarını yürütmə iqtidarına malik deyil, nə də Azərbaycan xalqında Rusiyaya qarşı hər hansı simpatiya mövcud deyil ki, Kreml məhz bu dəyərlərə söykənib rəsmi Bakıya təzyiqlər edə bilsin. Ən böyük təzyiqlərini prezident seçkilərindən əvvəl işə salmışdılar. Bunun da nəticələri ortadadır. Yəni Rusiyanın hətta yerli Azərbaycan müxalifətinə stavka görüntüsü belə effektiv olmadı. Bunu artıq Kremldə də yaxşı anlayırlar. Və başa düşürlər ki, paytaxtının ən yüksək yerində məhz rus qoşunları tərəfindən qətlə yetirilmiş şəhidlərinə anıt yeri quran bir millətin ruslarla səmimi yoldaşlığı imkansızdır». Mənbəmiz bütün bu dəyərlərin rusiyalı polittexnoloqlar tərəfindən ciddiyə alınaraq bir faktor kimi hesablandığını da qeyd edir: «Təbii ki, belə bir əsnada Rusiya Azərbaycana fərqli yollarla girməyə cəhd edəcəkdi. Ənənəvi silahları ortadadır. Etnik separatizm… Bu da əvvəlki qədərində təsirli deyil. Artıq rəsmi Bakı məhz qeyd olunan şəraitdə üzərinə gəlinə biləcək istənilən bir təhdidi anındaca dəv etmə ənənəsinə malikdir. Və Rusiyanın son çarəsi məhz Azərbaycan hakimiyyəti ilə dil tapmaq idi ki, gömrük ittifaqı və nəhayətdə Avrasiya Birliyi naminə bu danışıqlar aylardır ki, davam etməkdədir». Mənbə iddia edir ki, əgər Ukraynada proses uzanmasaydı, bəlkə də yaz aylarında Qarabağda hərbi əməliyyatlar bərpa olunacaqdı: «Təbii ki, Kiyevdə başi verənlər Cənubi Qafqazda gözlənilən dəyişiklikləri yubatdı. Amma müharibə olacaq. Bütün proseslər buna aparır»… Azər - DİA.AZ Geri qayıt |