Əsas Səhifə > Gündəm, Manşet > “Unibank” “Bank of Baku”nu necə sıxışdıra bildi? – Bank sektorunda pərdəarxası məqamlar

“Unibank” “Bank of Baku”nu necə sıxışdıra bildi? – Bank sektorunda pərdəarxası məqamlar


10-02-2014, 08:39
“Unibank” “Bank of Baku”nu necə sıxışdıra bildi? – Bank sektorunda pərdəarxası məqamlar
DİA.AZ: - İstehlak kreditləri sahəsində ölkənin fəal banklardan olan “Bank of Baku” son zamanlar bu sahədəki banklararası rəqabətdə təşəbbüsü əldən verməyə başlayıb. Buna təsir edən əsas amillərdən biri isə bankın kadr siyasətində yol verdiyi ardıcıl nöqsanlar olub. Son bir neçə ildə bu bankı onlarla yüksək ixtisaslı işçi tərk edərək digər banklara keçib. “Bank of Baku” onları yetişdirsə də, bu şəxsləri öz sıralarında saxlaya bilməyib. Nəticədə bu tendensiya, bankın öz rəqibləri ilə mübarizəsinə mənfi təsri etməyə başlayıb, çünki bəlli olduğu kimi, “kadrlar hər şeyi həll edir”.

DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, son illər “Bank of Baku”-dan bir sıra digər banklara çoxlu “transferlər” baş tutub. Yüksək vəzifə sahiblərindən tutumuş sıravi işçilərə qədər. Son 1-2 ildə “Bank of Baku”-nu tərk edərək “AG Bank”, “Kapital Bank”, “VTB” və digər banklara çoxlu sayda peşəkar bank işçisi üz tutub. Lakin “Bank of Baku” kadrlarını ən çox və məmnuniyyətlə öz sırasına qatan bank – “Unibank”-dır.

Əslində bu kadr axınında katolizator rolunu təxminən 3 il əvvəlki bir hadisə oynadı. “Bank of Baku”-nun o zamankı sədri Cəlal Qasımov qəfildən tutduğu vəzifədən azad edildi və o, bunu ədalətsizlik kimi qəbul etdi. İnciyib gedən Qasımov rəqib “Unibank”a keçdi və hazırda orada icraçı direktordur. O zamandan bəri Qasımov ona ədalətsiz münasibət ucbatından keçmiş bankını bazardan sıxışdırmaq üçün yeni vəzifədə ardıcıl addımlar atmağa başladı. Həm “Bank of Baku”-nun müştərilərini, həm də əməkdaşlarını “Unibank”a cəlb etmək üçün planlı iş başladı.

“Bank of Baku”-nun kredit, maliyyə, İT, plastik kartlar və digər bank sahələrini təmsil edən onlarla peşəkar kadrı “Unibank”a keçdi. “Bank of Baku”-nun kadrları “Unibank”da işə məmnuiyyətlə qəbul edilir. “Unibank” onlara daha yaxşı maddi və karyera şəraiti yaradıb öz sıralarına cəlb edir və bunu faktiki olaraq özünün kadr siyasətinə çevirib. Bu gün “Unibank”ın bir çox mühüm vəzifələrində əyləşmiş şəxslərin keçmişinə baxsaq görərik ki, onlar məhz “Bank of Baku”-dan gəliblər. “Bank of Baku” illərlə yetişdirdiyi peşəkarları bir anda əldə verir və nəticədə peşəkarlarla zənginləşən rəqib “Unibank” maliyyə bazarındakı mövqelərini daha da gücləndirmiş oldu. Eyni zamanda “Unibank” istehlak kreditləri bazarına aqressiv daxil olaraq “Bank of Baku”-nu sıxışdırmağa başladı. Halbuki “Bank of Baku” kütləvi istehlak kreditlərinin verilməsində ilk bank olub. Lakin qısa müddət ərzində “Unibank” istehlak kreditləri bazarında rəqibini sıxışdıraraq birinciliyi əldə edib.

“Unibank” “Bank of Baku”nu necə sıxışdıra bildi? – Bank sektorunda pərdəarxası məqamlar

Əslində “Bank of Baku” yaxşı bank məktəbi olsa da, əməkdaşlarının karyera arzularını və sosial təminatını ödəmək iqtidarında deyil. Rəqib banklar isə daha cəlbedici iş şəraiti yaradıblar. Görünən odur ki, kadr axını ümumiyyətlə “Bank of Baku”-nun bank sektorundakı mövqeyinə mənfi təsir edən əsas faktorlardan birinə çevrilir. Lakin bankda, deyəsən, bu təhlükəni hələ də dərk etmirlər. Bankın sədr müavini Zaur Qaraisayev bu yaxınlarda saytların birinə verdiyi müsahibədə bildirib ki, bank kadr axınının qarşısını almaq üçün “ fərqli yarışlar” keçirir və “Bank of Baku” nəinki zəifləməyib, əksinə, daha da güclənib. Amma faktlar onu göstərir ki, “Bank of Baku” öz kadrlarına sahib çıxmasa, bank sektorundakı mövqeyi daha da zəifləyə bilər, çünki peşəkar işçilərin getməsi yalnız bilik və təcrübənin axını deyil, həm də sirr və spesifik məlumatların rəqibə sızdırılması deməkdir.

Əslində “Unibank” “Bank of Baku” işçilərini öz sıralarına qoşmaqla “bir güllə ilə iki dovşanı” vurmuş olur: həm əsas rəqibinin kadr potensialını zəiflətmiş olur, həm də eyni zamanda peşəkar işçi əldə etmiş olur. Yəni, artıq tələbə partası arxasından işçi cəlb etməyə ehtiyac qalmır. “Bank of Baku” isə əksinə, illərlə ixtisaslaşan işçisinin əvəzinə təcrübəsiz şəxsləri işə qəbul etməyə məcbur olur və bu, bankın ümumi fəaliyyətinə təsir edir.

Peşəkar kadrların rəqibə axını qarşısında aciz qalan “Bank of Baku” öz keçmiş işçilərindən “intiqam” almağa belə çəhd edir. Deyilənlərə görə, “Bank of Baku” bu şəxslərin əmək kitabçasına işdən azad edilməyinin uydurma bir səbəbini yazır: səhlənkarlıq, bank sirrinin qorunmaması və s. Bunda əsas məqsəd bu işçinin bundan sonrakı karyerasına zərbə vurmaqdır. Amma bu, çox təhlükəli bir hərəkətdir, çünki əmək qanunvericiliyinin qəsdən təhrif edilməsi və pozulması deməkdir.

“Bank of Baku”nun kadr siyasətinin yetərsizliyi onun artıq maliyyə bazarındakı mövqelərinə də təsir edir. Əvvələr ölkə banklarının reytinq siyahısında “Bank of Baku”nun adı var idi. İndi isə bank öz maliyyə göstəriciləri ilə heç kəslə bölüşmür, çünki rəqblərindən zəif göstəricilərini açıqlamaq istəmir.

Mövzu ilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt