Əsas Səhifə > Gündəm, Manşet > Ziya Məmmədovun qoçuları şaxtalı yollarda sürücülərə racon kəsir

Ziya Məmmədovun qoçuları şaxtalı yollarda sürücülərə racon kəsir


4-02-2014, 10:32
Ziya Məmmədovun qoçuları şaxtalı yollarda  sürücülərə racon kəsir
DİA.AZ: - Havaların kəskin şəkildə soyuq keçdiyi bir ərəfədə nəqliyyat nazirliyinin qoçuları da sürücülər üçün bir ayrı dərd olub. Görünür, bir neçə gün əvvəl nazirliyin kollegiya iclasında Ziya Məmmədovun nəqliyyat müfəttişlərinə etdiyi xəbərdarlıqlar da yetərli olmayıb.

Belə ki, DİA.AZ-a telefon açaraq müraciət edən sürücülər bildirir ki, bu gün səhər saatlarından onsuz da yolların bərbadlığından, sürüşkən olmasından əziyyət çəkən sürücülərə Ziya Məmmədovun qoçuları da bir başqa problem yaratmaqdadır.

Sürücülər bildirir ki, nəqliyyat nazirliyinin müfəttişləri Masallı-Cəlilabad istiqamətinqdə hərəkət edən bütün yük maşınlarını saxlayaraq, hər bir sürücüyə eyni qaydada «sizin 60 manat cəriməniz var, amma 10 manat verin, cəriməniz silinsin» deyərək xəbərdarlıq edib, pul tələb edirlər. Sürücülər bildirir ki, nə zaman cərimə olunmaları, nədən cərimə olunmaları barədə soruşduqda isə NN müfəttişləri onlara doğru-dürüst məlumat vermir, hədələyirlər.

Hər halda, bu faktın NN tərəfindən nəzərə alınacağı gözlənilən deyil. Çünki artıq hər kəs «Ziya Məmmədovun qoçuları» kimi tanınan müfəttişlərin özbaşına deyil, mərkəzləşmiş qaydada hərəkət etməsinə tam əmindir. Onlar bu vaxta yüzlərlə sürücünü döyüb, neçə sürücünün də ölümünə səbəb olublar. Amma hələ də onlara «dur» deyən yoxdur. Doğrudur, son toplantılarında Ziya Məmmədov nəhayətdə dilə gəldi. Çünki bu dəfə NN müfəttişləri kimsəsiz gördükləri sürücüləri yox, jurnalisti döymüşdülər.

Amma görünür, müfəttişlər naziri hərfi mənada başa düşüblər, onun xəbərdarlığını da hərfi mənada qəbul ediblər. Yəni təkcə jurnalistlərlə işləri olmayacaq… Yəni əvvəlki kimi yola davam…

Geri qayıt