Əsas Səhifə > Gündəm, Manşet > Zakir Həsənov Baş Qərargahı iki dövlət qurumu ilə kompensə edir

Zakir Həsənov Baş Qərargahı iki dövlət qurumu ilə kompensə edir


3-02-2014, 10:57
Zakir Həsənov Baş Qərargahı iki dövlət qurumu ilə kompensə edir
DİA.AZ: - Zakir Həsənov müdafiə naziri postuna təyin olunandan sonra köklü kadr islahatlarına imza atdı. Müdafiə Nazirliyinin (MN) keçmiş rəhbərliyinin dövründə vəzifəyə təyin olunan şəxslərin yetərli hissəsi yeni nazirin əmri ilə işdən xaric edildi. Həmçinin nazirliyin tərkibində fəaliyyət göstərən bir sıra idarələr ləğv olundu. Qeyd edək ki, Zakir Həsənovun gəlişindən sonra orduya göndərilən gənclərin tibbi yoxlanışı məsələsi də yenidən qabardıldı. Belə ki, indiyə qədər hərbi xidmətə yola salınan gəncləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) hərbi həkim komissiyaları yoxlayırdı.

Komissiya üzvləri yoxlamanı düzgün formada aparmadığından bu gün yüzlərlə xəstə və vərəmli gənc ordu sıralarına göndərilib. Hərbi xidmətə yararsız gənclərin əsgərliyə göndərilməsində əsas təqsirkar isə sözsüz ki, xidmət rəisi, general-leytenant Arzu Rəhimovdur. Orduda xəstəlikdən dünyasını dəyişən gənclərin sayının artdığını görən müdafiə naziri Arzu Rəhimovu zərərsizləşdirmək üçün bir sıra tədbirlər həyata keçirməyə başlayıb. Artıq SHXÇDX-nin hərbi xidmətə göndərdiyi gəncləri hərbi hisələrdə Müdafiə Nazirliyinin həkimləri təkrar müayinədən keçirəcək. Bu isə o deməkdir ki, general-polkovnik xidmət rəisinin bu sahədəki səlahiyyətlərinin bir hissəsini onun əlindən almaq istəyir. Hərbi mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Zakir Həsənov Müdafiə Sənayesi Nazirliyinin (MSN) Müdafiə Nazirliyinə birləşdirilməsi təşəbbüsü ilə ölkə rəhbərliyi qarşısında məsələ qaldırmağa hazırlaşır: «Xarici təcrübədə hərbi sahədə fəaliyyət göstərən qurumların ayrı-ayrı nazirliklər halında mövcudluğu yoxdur. Bu məsələ ötən illərdə bir neçə dəfə gündəmə gəlib. Ancaq müəyyən səbəblər üzündən Yavər Camalovun rəhbərliyi altında fəaliyyət göstərən qurum Müdafiə Nazirliyinin strukturuna daxil edilməyib. Ölkəmizin hərbi sahəyə yönəltdiyi vəsaitlər ildən-ilə bir az da çoxalır. Hərbi qüdrətimiz artır. Qeyri-döyüş şəraitində bacardığımız qədər hərbi imkanlarımızı genişləndirməliyik ki, müharibə başlasa, heç bir problem yaşamayaq. Hazırkı durumda Müdafiə Sənayesi Nazirliyinin gördüyü işlər yuxarıları razı salmır. Zakir Həsənov bunu nəzərə alaraq Yavər Camalova qarşı əks hücuma keçib. Müdafiə naziri vəzifəyə yenicə təyin edilib. Ölkə rəhbərliyi tərəfindən ona inam böyükdür. Nazirin həyata keçirmək istədiyi işlərə ötəri yanaşılmır». Mənbə vurğulayır ki, MSN MN-ə birləşdirilsə, hərbi istehsal sahəsində daha böyük uğurlar qazanıla bilər: «Müdafiə Sənayesi Nazirliyinin bəzi müəssisə və zavodlarında korrupsiya faktları tüğyan edir. Bununla bağlı aidiyyəti prokurorluq orqanları dəfələrlə araşdırma aparıb ictimaiyyəti məlumatlandırıblar. Yəni dövlətin sözügedən quruma ayırdığı vəsaitlər sanki boşa gedir. Bu səbəbdən iki nazirliyin birləşdirilməsi inandırıcı variantdır. Yavər Camalov rəsmi dairələrdə nüfuzunu böyük ölçüdə itirib. Onun adı iş fəaliyyətindən daha çox biznes məsələlərində hallanır. Paytaxt ərazisində nazirin onlarla obyekti var. Əlbəttə, dövlət məmurunun biznesmen kimi ad çıxarması yolverilməzdir. Hesab edirəm ki, Zakir Həsənov Yavər Camalovun səlahiyyətlərinin ona həvalə edilməsi istəyi ilə yuxarılarda məsələ qaldırsa, mütləq müsbət cavab alacaq».

Bu arada redaksiyamıza maraqlı məlumatlar da daxil olub. Hökumət içindəki bilgili qaynaqların DİA.AZ-a verdiyi informasiyalardan aydın olur ki, artıq hakim çevrələrdə böyük rəğbətlə qarşılanan və «kəsdiyi başa sorğu olmayan» Zakir Həsənov Müdafiə Sənayesi Nazirliyi ilə yanaşı Səfərbərliv və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də Müdafiə Nazirliyinə birləşdirilməsi tələbi ilə çıxış edib.

Mənbə iddia edir ki, artıq hər iki qurumun müdafiə nazirliyinin rəhbərliyi altında birləşdirilməsinin hüquqi bazasının yaradılması işi həyata keçirilir. Xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyinin Baş Qərargahının nazirlikdən ayrılması barədə Milli Məclisdə müvafiq tədarükün həyata keçirilməsi barədə xəbərlər yayıldı. İndi isə aydın olur ki, Baş Qərargahı itirmə ərəfəsində olan Zakir Həsənov bunun qarşılığında iki dövlət qurumuna nəzarəti ələ almağa çalışır.

Mənbənin söylədikləri: «Əslində əvəllər hərbi çağırış Müdafiə Nazirliyində olsa da, sonradan bu mövqelər Səfər Əbiyevin zəifləməsi səbəbindən itirildi. İndi isə Zakir Həsənov Baş Qərargahın müstəqilləşəcəyi təqdirdə Müdafiə Sənayesi Nazirliyini və Səfərbərliv və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini geriyə - Müdafiə Nazirliyinin balansına qaytarılmasına çalışır».

Geri qayıt