Əsas Səhifə > Gündəm, Manşet > Rövnəq Abdullayevin adı ilə vətəndaşa hərbə-zorba gəlinir

Rövnəq Abdullayevin adı ilə vətəndaşa hərbə-zorba gəlinir


1-02-2014, 15:56
Rövnəq Abdullayevin adı ilə vətəndaşa hərbə-zorba gəlinir
DİA.AZ: - Bu gün Azərbaycanda bəzi xırda çinli məmurların və ya fəaliyyət sahəsi dəqiq məlum olmayan iş adamlarının cəmiyyətdə hörmət və nüfuz sahibi olan şəxslərin adından sui-istifadə etmə hallarına tez-tez rast olunur. Təbii ki, bu tendensiya qeyri-qanuni əməllərini pərdələmək, digərlərinə məxsus vəsait və ya əmlakı mənimsəmək, kimlərinsə haqqını verməmək məqsədi güdən insanlar arasında daha geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, redaksiyamıza qeyd olunan mahiyyət üzərə daxil olan məlumatlar kifayət qədərdir.

Onlardan bəzilərində gördükləri işin müqabilində hər hansı məmurdan öz əmək haqlarını ala bilməyən fəhlələrin, digərlərində aldadılaraq əmlakları özgəninkiləşdirilmiş vətəndaşların, bir başqalarında isə sadəcə verdikləri borcu və ya satdıqları malın pulunu ala bilməyən insanların şikayətləri oz əksini tapmışdır. Əlbəttə ki, bu kimi problemlərin həllində mətbu orqanları əslində heç bir təsir mexanizminə malik deyillər. Digər tərəfdən isə olayın ictimai müzakirəyə çıxarılması və bu yolla səlahiyyətli instansiyaların diqqətinin cəlb olunması bəzən müsbət nəticələr verir.

Elə redaksiyamıza müraciət etmiş Nailə İbrahim qızı Hüseynli də məhz bu ümidlə öz problemini bizimlə bölüşmək qərarına gəlmişdir. Öz ərizəsində Nailə Hüseynli bildirir ki, bir müddət əvvəl onun ailəsi müəyyən maliyyə çətinlikləri ilə üzləşməli olmuşdur. Bu problemi həll etmək məqsədilə Nailə xanım özünə məxsus qızıl ziynət əşyalarını satmaq qərarına gəlir. Bundan sonra o, müəyyən tanıdığı şəxslərə müraciət edir. Həmin şəxslərin arasında Zümrüd xanım adlı bir qadın da olur. Rəfiqəsinin problemi ilə tanış olan Zümrüd xanım onun satışa çıxardığı qızıl ziynət əşyalarını almağa razılıq verir.

Satılan əşyaların ümumi dəyəri 16 000 (on altı min) manat məbləğində qiymətləndirilir. Bundan sonra Zümrüd xanım qızılları götürür və bir-iki gün ərzində danışılan məbləği ödəyəcəyini bildirir. Lakin günlər ötür, Zümrüd xanım isə pulu ödəmir ki, ödəmir. Nəhayət Nailə Hüseynli verdiyi qızılları geri tələb edir. Elə bu zaman məlum olur ki, Zümrüd xanımın niyyəti əslində tam başqa imiş. Keçmiş rəfiqələr arasında münasibətlər bir qədər də kəskinləşdikdən sonra artıq məsələyə Zümrüd xanımın həyat yoldaşı müdaxilə edir. Bax elə bu şəxsin kimliyi də əslində bizim üçün xüsusilə maraqlıdır.

Məsələ bundadır ki, Zümrüd xanımın həyat yoldaşı Səfərov Mülayim Ərəstun oğludur. Bəli, bu həmin Mülayim Səfərovdur ki, bir neçə müddət bundan əvvəl onun Biləsuvarda Heydər Əliyev parkının ərazisində yerləşən Mədəniyyət Evini qeyri-qanuni olaraq özəlləşdirməsi və sonradan bu dövlət obyektinin yerində özü üçün “Biləsuvar” şadlıq sarayı inşa etdirməsi ölkə mətbuatında geniş müzakirələrə səbəb olmuşdu. Bu xüsusda yayımlanan məlumatlarda bildirilirdi ki, Mülayim Səfərov bu qanunsuz layihəni Biləsuvar RİH-nin keçmiş başçısı ilə əlbir olaraq, daha doğrusu başçıya külli-miqdarda pul ödəyərək həyata keçirə bilmişdi.

DİA.AZ bildirir ki, bu gün isə Mülayim müəllim artıq Aərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə müəyyən qədər yaxınlaşmağa nail olmuşdur. Belə ki, aldığımız məlumatlara əsasən M.Səfərov ARDNŞ-in inşaat işləri ilə məşğul olur. Onun hazırda oturduğu yer isə ARDNŞ-in Təhlükəsizlik İdarəsidir. Belə görünür ki, Mülayim Səfərov bütün bu məqamlardan da yeni qanunsuzluqlar törətmək məqsədilə yararlanır. Nailə Hüseynli bildirir ki, onun haqlı tələbləri qarşılığında Mülayim Səfərov dəfələrlə onu təhdid etmiş, hətta ölümlə belə hədələməkdən çəkinməmişdir.

Özünün “müstəsna” mövqeyini vurğulamaq üçün isə M.Səfərov ARDNŞ-in prezidenti cənab Rövnəq Abdullayevlə kirvə olduqlarını və hazırda Rövnəq müəllimin qardaşı oğlu ilə şərik işlədiyini dəfələrlə Nailə xanımın diqqətinə çatdırmışdır...Eyni zamanda Mülayim Səfərovun həyat yoldaşı, son model “Gallenvagen” avtomobili sürən Zümrüd xanım da Nailə Hüseynliyə Rövnəq xanımın həyat yoldaşıyla rəfiqə olduğunu əsas gətirərək hədə-qorxu gəlir.Biz isə düşünürük ki, əslində M.Səfərovun bu qalmaqalda hörmətli Rövnəq müəllimin adını hallandırmağı daha çox Nailə xanımın xeyrinə işləyəcək bir amildir.

Mövzuya yenidən qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt