Əsas Səhifə > Gündəm, Manşet > Səfər Əbiyev həbs olunarsa, nələr baş verə bilər?
Səfər Əbiyev həbs olunarsa, nələr baş verə bilər?24-01-2014, 09:05 |
DİA.AZ: - Son günlər ordumuzla bağlı böhranlı vəziyyət müşahidə olunmaqdadır. Bir yandan səs-küylü həbslər, digər yandan isə cəbhə xəttində düşmənin fəallaşması, verdiyimiz itkilər, habelə özünə qəsd edən əsgərlərimizin sayının artması yeni müdafiə naziri Zakir Həsənova qarşı ittihamları gücləndirib. Düz bir il əvvəl Səfər Əbiyevə qarşı körüklənən əsəblər bu gün Zakir Həsənovun üzərinə yönəlməkdədir. Hətta vəziyyət o həddə çatıb ki, bəzi ekspertlər yeni müdafiə nazirini Milli Ordu sistemini bilməməkdə də ittiham edirlər. Yəni uzun müddət Daxili Qoşunların komandanı olmuş Zakir Həsənov hərbçi peşəsini unutmaqda suçlanır və elə bu səbəbdən də orudumuzla bağlı gərginliklərin artdığı iddia olunur. DİA.AZ-a məlumatlı mənbələrdən ötürülən informasiyalardan isə aydın olur ki, əslində bu gün orduda həyata keçirilən səs-küylü həbslər də səbəbsiz deyil. Mənbənin söylədikləri: «Təbii ki, rüşvətxor, korrupsioner cəzalandırılmalıdır. Amma kimsə iddia edə bilməz ki, Zakir Həsənov iki zabitin qollarını qandallamaqla bütün rüşvətxor hərbçiləri cəzalandırmış oldu. Yəni problem hələ də qalır. Və problemə mahiyyəti üzərə yanaşılmadığından son həbsləri aşkar surətdə Səfər Əbiyevə qarşı addım kimi də dəyərləndirmək olar». Mənbəmizin sözlərinə görə, bu gün Səfər Əbiyevə yaxınlığı ilə seçilən, habelə zamanında Baş Qərargahın rəisi Nəcməddin Sadıqovla şəxsi ədavəti olanların hamısı ya ordudan uzaqlaşdırılır, ya da həbs olunur, həbs təhdidi altında saxlanılır: «Zakir Həsənovun ən böyük yanlışı Nəcməddin Sadıqovun təsir dairəsinə düşməsi idi. Ola bilsin ki, Onun bir peşəkara ehtiyacı var idi. Amma bu adam Nəcməddin Sadıqov olmalı deyildi. Elə buna görə də Zakir Həsənov əvvəlki - vəzifə başına keçdiyi ilk günlərdəki reputasiyasını tamamən itirmiş vəziyyətdədir. Onun fürsəti var idi ki, mövqelərini gücləndirsin. Amma sanki o, bütün potensialını Nəcməddin Sadıqov kimi imajı zədəli birisini təmizə çıxarmağa həsr etdi». Mənbəmiz bu gün Zakir Həsənovun Səfər Əbiyevə qarşı kampaniyasını durdurmasının da vacib olduğunu bildirdi: «Bütün addımların Səfər Əbiyevin nəhayətdə həbsinə hesablandığı şübhəsizdir. Amma bu, baş verməyəcək. Çünki Səfər Əbiyev həbs olunarsa, çox ciddi skandal yarana bilər. Bu skandal isə təkcə Nəcməddin Sadıqovu deyil, elə Zakir Həsənovun özünü də bitirər». Geri qayıt |