Əsas Səhifə > Gündəm, Manşet > Mərkəzi Bankdan qaynaqlanan korrupsioner bank şəbəkəsi

Mərkəzi Bankdan qaynaqlanan korrupsioner bank şəbəkəsi


22-01-2014, 09:07
Mərkəzi Bankdan qaynaqlanan korrupsioner bank şəbəkəsi
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirdik ki, «TexnikaBank»ın sabiq şefi Etibar Əliyev Azərbaycanı birdəfəlik tərk etməyə hazırlaşdığından onun da payçısı olduğu və Azərbaycanda fəaliyyət göstərən “Kred Aqro” Bank Olmayan Kredit Təşkilatını (BOKT) satışa çıxarıb. Bu arada isə redaksiyamıza sözügedən BOKT-nin keçmiş rəhbəri Eldar Cəfərovun öz fəaliyyətində yol verdiyi ciddi qanun pozuntuları barədə müəyyən informasiyalar ötürülüb. Bildirək ki, Eldar Cəfərov Etibar Əliyevin ən yaxın adamlarından biridir.

Məlumatda deyilir ki, “Kred Aqro” tərəfindən verilən kreditlərin müqabilində müştərilərdən kreditin 10 faizi məbləğində rüşvət alındığı, bölgələrdə filial ofisləri üçün müvafiq ərazilərin alınması və ofis binalarının tikintisi zamanı sənədlərdə qiymətlərin faktiki məbləğdən yüksək göstərilməsi, Eldar müəllimin icbari sığorta subyektlərini əvvəlcədən razılaşdığı sığorta şirkətlərinə yönəltməsi və bunun müqabilində isə sığorta məbləğinin 30-35 faizinin nəğd şəkildə şirkət tərəfindən ona ödənilməsi iddiaları hüquq-mühafizə orqanları tərəfindən də araşdırılıb ki, bu da Eldar Cəfərova ciddi problemlər yaradıb.

Amma bütün bunlara baxmayaraq, müvafiq qurumlar əslində ABŞ-ın “Acdi Voca” təşkilatının Azərbaycandakı nümayəndəliyi olan bu quruma uzun müddət rəhbərlik etmiş Eldar Cəfərovun fəaliyyəti ilə bağlı indinin özündə də heç bir tədbir görmürlər.

Mərkəzi Bankdan qaynaqlanan korrupsioner bank şəbəkəsi

DİA.AZ-a bu arada Eldar Cəfərovun Etibar Əliyevin hesabına əldə etdiyi sərvətlə bağlı ilginc faktlar daxil olub. Özünüz baxın: Bakının Novxanı qəsəbəsində yerləşən və dəyəri 1.000.000 ABŞ dolları möhtəşəm villa, Bakı şəhəri Yasamal rayon polis idarəsinin yaxınlığında dəyəri 500.000 ABŞ dolları qiymətləndirilən şəxsi mülk, Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində yerləşən və dəyəri 700.000 ABŞ dolları qiymətləndirilən “Oğuz” şadlıq sarayı, 120.000 ABŞ dolları qiyməti olan son model Mercedes “S-Klass” avtomobili, 60.000 ABŞ dolları qiymətində “Toyota-Prado” markalı avtomobil.

Bundan başqa isə məlumatlarda Eldar Cəfərovun müxtəlif qohumlarının adına qeydə aldığı külli-miqdarda maliyyə vəsaitlərinə dair də maraqlı açıqlamalar verilir: “İnvest” BOKT-da Xatun Cəfərovanın (anası) adına 500.000 manat vəsait, “Finans” Texnoloji Kredit Təşkilatında Fərid Nağyıevin (dayısı oğlu) adına 200.000 manat, yerli və xarici banklarda ümumi dəyəri 2.000.000 ABŞ dollarından çox olan səhm və pullar. Maraqlıdır ki, bir müddət əvvəl baş vermiş məlum “Texnikabank” böhranı da Eldar Cəfərovun fəaliyyətinə elə bir ciddi təsir göstərmədi.

Təxminən həmin ərəfədə “Kred Aqro”dan uzaqlaşan E.Cəfərov az müddət sonra fəaliyyətini “MolBulak” BOKT-da davam etdirməyə başladı. Həmin vaxt kütləvi informasiya vasitələrində yayımlanan məlumatlarda qeyd olunurdu ki, “Texnikabank”ın Türkiyə filialının rəhbəri Kəramət Əliyevlə Xatun Cəfərovanın təsisçisi və səhmdarı olduqları “Invest kredit” BOKT-nın səhmləri “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyevin Qırğızıstan Respublikasında yaşayan qardaşına məxsus olduğu bildirilən “MolBulak” BOKT-ya birləşdirilib: “Artıq “Invest-kredit”in filiallarında “MolBulak” BOKT rəsmi fəaliyyətə başlayıb. Çox acınacaqlı haldır ki, Etibar Əliyev həbs edilsə də və əməllərində ağır cinayət tərkibi olsa da, “MolBulak” nəzarətdən kənarda qalıb və dünyanın heç bir ölkəsində olmayan yüksək dərəcəli faizlərlə kreditlər verməyə başlayıb.

Mərkəzi Bankdan qaynaqlanan korrupsioner bank şəbəkəsi

Lakin nədənsə Mərkəzi Bank bu rüsvayçılığa və soyğunçuluğa göz yumdu. Əslində bu «nədənsə»nin nədənləri hər kəsə yaxşı məlumdur. Təsəvvür edin, Mərkəzi Bank son illərdə problemli kreditlərin artmasını bəhanə edərək banklara maşınlar üçün kreditlərin ayrılmasını qadağan edir. Halbuki Mərkəzi bank daha mütərəqqi addım ata bilərdi və banklara daha aşağı faizlə kredit buraxmaları üçün şərait yaradardı. Lakin onlar daha çox qazanma prinisipini də məhz mövcud şəraitdə əldə rəhbər tutduqlarından, başqa bir xoşməramlı addımın atılması ağıllarının ucundan belə keçmir.

Və elə «TexnikaBank»la yaranmış qalmaqal zamanı, habelə bu prosesdən sonra «MolBulak»ın peyda olması da əslində Mərkəzi Bankdan qaynaqlanan bir korrupsiya şəbəkəsinin qüdrətinin təcəssümü kimi qəbul edilməlidir. Bəzi məlumatlara görə “Kred Aqro” BOKT-da “yoxa çıxmış” 4 milyon 523 min manatın kimə məxsus olduğu da üzə çıxıb. Hansı ki, həmin səhmlərin 3 milyon AZN-i Eldar Cəfərovun Rusiyanın Kazan şəhərində yaşayan qardaşı Ramiz Cəfərova, qalanı isə onun Qırğızıstandakı qardaşına məxsusdur...” Məlum olduğu kimi Eldar Cəfərov bu gün də “MolBulak” BOKT-ya rəhbərlik edir.

Redaksiyamızın apardığı araşdırmalar nəticəsində aydın olur ki, əslində bu gün Azərbaycanın bank sektoru mafiozlaşmış şəbəkələrin əlindədir. Bu arada bir maraqlı fakta da ulaşmışıq. Aydın olur ki, hazırda milyonlarla sərvəti olan məmurlarımızın böyük əksəriyyəti öz pullarını yerli banklarımızda deyil, xarici banklarda saxlayırlar.

Yox, düşünməyin ki, burada məmurlarımız sərvətləri ilə bağlı bilgilərin konfedisiallığı baxımından yerli banklarla işləmirlər. Bəlkə bu səbəb də var. Amma ən əsas səbəb ondan ibarətdir ki, məmurlarımız banklarımıza əmanətlərini etibar etmirlər. Ona görə də onlar pullarını xarici banklara, ya da daşınmaz əmlaklara yatırırlar. Biz sıravi vətəndaşlar isə bu yuxarı faizlərin girovu olmaq zorundayıq…

Geri qayıt