Əsas Səhifə > Gündəm, Manşet > Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun...

Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun...


23-12-2022, 08:55
Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazırlar: "Cari tədris ilinin başlanması günlərində cənab Prezident yeni açılan orta məktəbləri gəzib, onlarla tanış olması zamanı qeyd etdi ki, ölkənin qüdrəti onun təbii sərvətləri ilə deyil, onun elminin və təhsilinin səviyyəsi ilə müəyyən edilir. Çox təəssüf ki, bu həqiqəti bizim təhsil sistemimizin başında dayananların və təhsil müəssisələrinə rəhbərlik edənlərin bir çoxu dərk etmir, ya da dərk etmək istəmir.
Keçən yazılarımızın birində biz Azərbaycan Texniki Universitetində (AzTU) son 3 ildə, yəni Vilayət Vəliyevin rektorluğu dövründə baş verənləri böyük Mirzə Fətəli Axundovun məşhur komediyalarındakı sərgüzəştlərə bənzətmişdik. Ancaq indi görürük ki, AzTU-da son vaxtlar baş verənlərin Cəlil Məmmədquluzadənin Danabaş kəndinin əhvalatları hekayəsində vaqe olanlara daha çox bənzəri vardır. Əlbəttə, belə əhvalatlar 19-cu əsrdə Azərbaycanın ucqar bir kəndində yaşayan savadsız insanlar arasında baş verdikdə, buna təəccüblənməmək də olardı. Ancaq bu səviyyəli əhvalatlar 21-ci əsrdə, həm də ölkəmizin Texniki Universitetində və universitetə rəhbərlik edən “elmlər doktorunun”, “əməkdar elm xadiminin” səriştəsiz və hətta qərəzli fəaliyyəti nəticəsində meydana gəldikdə, buna təəccüblənməmək olmur.
Əvvəlcə son dövrdə magistraturada baş verən əhvalatlardan danışaq. 2022-ci ilin yanvar və iyun aylarında dərc olunmuş məlumatlarımızda yazmışdıq ki, bu ilin əvvəllərində birdən, gözlənilmədən universitet üzrə elan edildi ki, rektor Vilayət Vəliyev yanvar ayında kafedra müdiri və dekanları toplayaraq “təklif edib” ki, 2-ci kurs magistrantların verilmiş və artıq, əmrlə də bir il yarım bundan əvvəl təsdiq edilmiş dissertasiya mövzuları ləğv edilsin, onlara yeni dissertasiya mövzuları verilsin və ən qəribəsi də budur ki, hər 4-5 magistranta qrup halında, bir ümumi mövzu verilsin və onlar bir ümumi dissertasiya hazırlayıb, müdafiə etsinlər (???). Bunun səbəbi nədir, heç kim bilmədi. Biz iyun ayında bu haqda məlumatla mətbuatda çıxış edəndə hələ çox şey naməlum idi, yəni dissertasiyalar necə olacaq, qrup halında necə müdafiə ediləcək, verilən qiymət 4-5 nəfər arasında necə bölüşdürüləcək və s.
Bu yeni mövzuların tərtib edilməsi və qərarın rəsmiləşdirilməsi də bir neçə ay çəkdi. Təlimata görə 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 ilə yaxın vaxtı olsun. Burada isə tələbələrin bir il yarımlıq zəhmətinin və işinin üstündən xətt çəkildi və magistraturanı bitirmələrinə İKİ AY QALMIŞ qrup halında yeni dissertasiya mövzuları verildi. Digər tərəfdən, hər tələbənin dissertasiyasının öz elmi rəhbəri var idi, onlar rəhbərlikdən kənarlaşdırılaraq, 4-5 tələbənin bir ümumi dissertasiyasına bir yeni rəhbər təyin edildi. Daha yenə də təkrar etmək istəmirik ki, bu nə qədər ağlasığmaz və sağlam məntiqdən uzaq qərar idi! Əlavə olaraq qeyd edək ki, mövcud tədris normativ sənədlərə əsasən bir elmi rəhbər eyni zamanda 2-dən artıq magistr dissertasiyasına rəhbərlik edə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” Əsasnamənin əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 saylı Əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin 3.1 bəndində yazılmışdır: Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir.
Bunlar baş verəndə hələ biz bilmirdik ki, bəs dissertasiya müdafiələri necə olacaq. Adətən, magistr dissertasiyalarının müdafiələri bütün iyun ayı müddətində və iyulun 7-nə qədər keçirilərdi. Bu şəraitdə isə iyun ayında müdafiələr təbiidir ki, baş tutmadı və yalnız iyulun 1-ci həftəsi ərzində hamısı tələsik keçirildi və tam formal xarakter aldı. Müdafiələr göstərdi ki, bəzi fakültələrdə 4-5 tələbənin hazırladığı dissertasiyanın yalnız biri, ən gözəgəlimlisi 5 nəfər üçün ümumi bir dissertasiya kimi seçildi və 110-120 səhifəlik bir dissertasiyanın titul vərəqində 4-5 tələbənin adı müəllif kimi yazıldı (???), halbuki, yalnız bir tələbənin dissertasiyası bu həcmdə olmalıdır. Müdafiədə isə tələbələr ardıcıl olaraq çıxış edərək, dissertasiyanın məzmununu hissə-hissə (???) məruzə etdilər. Çox gülünc bir mənzərə. Bəs qiymətlər tələbələr arasında necə bölüşdürüldü? Bəzən ata malı kimi hamıya eyni pay bölündü, bəzən də müxtəlif qiymətlər verildi.
Bəzi fakültələrdə isə 4-5 nəfərin dissertasiyası ard-arda bir birinin dalınca bir yerə toplandı və ümumi həcmi 400-500 səhifəyə çatdı. Nə əsasla, hansı təlimatın əsasında? Sual olunur, bunlar hamısı nəyə lazım idi? Heç kim bilmir, yəqin ki, Vilayət Vəliyev bilər, o da ki, bunu “sirr” kimi saxlayır və heç kimə demir. Yəqin ki, şou yaratmaq, özünü orijinal göstərmək uçun.
Maraqlıdır ki, bəs bu il magistr dissertasiyaları ilə əlaqədar vəziyyət necədir. V.Vəliyevlə 3 illik tanışlığımız onu göstərir ki, hər dəfə bir sürpriz çıxarmasaydı, Vilayət Vilayət olmazdı".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt