Əsas Səhifə > Gündəm, Manşet > "Bu xəstəliyimlə əlaqədar heç kim məni işə götürmür..."
"Bu xəstəliyimlə əlaqədar heç kim məni işə götürmür..."4-02-2019, 08:51 |
DİA.AZ: - Zərdab rayon Çallı kənd sakini Əliyev İmran Nurəddin oğlu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur: "Mən 1973-cü ildə Zərdab rayon Çallı kəndində anadan olmuşam və hal-hazırdada həmin kənddə yaşayıram.Anadangəlmə eşitmə qabiliyyətim yoxdur. Bu xəstəliyimə görə 1991-ci ildə Sovet Ordusuna sonra isə Azərbaycan Milli Ordusuna çağırışdan azad olunmuşam. Əlilliyin təyin olunması üçün noyabr ayında Zərdab rayon Mərkəzi xəstəxanasından göndəriş alaraq Səhiyyə Nazirliyinin Eşitmə və Nitq Mərkəzində müayinədə olmuşam. Mənə ikitərəfli 4-cü dərəcəli ağıreşitmə diaqnozu qoyulub.Bu diaqnozlada mənə əlillik təyin olunması üçün Zərdab rayon Xəstəxanasında 19 noyabrda forma 88 tərtib olunaraq qanuna müvafiq olaraq nazirliyin elektron sistemi olan TSERAS-a ötürülüb və bu günə kimi cavab verilməyib. Zərdab rayon Mərkəzi xəstəxanasında da olmuşam. Xəstəxanadan deyirlər ki, mənim göndərişimə hələ cavab gəlməyib. Üç azyaşlı övladım var. Bu xəstəliyimlə əlaqədar heç kim məni işə götürmür. Hal-hazırda üç azyaşlı övladım, həyat yoldaşım və anamla birlikdə yaşayırıq və anamın pensiyası ilə dolanırıq.Əvvəllər əlilliyin təyin olunması üçün bir neçə dəfə müraciət etmişəm. Hər dəfə müraciət edəndə məndən iki-üç min manat pul istənilirdi ki, və bu pulu verməyə gücüm olmadığı üçün əlillik dərəcəsi ala bilməmişdim. Əlilliyinin təyin olunmasını elektron xidmətə keçirildiyini eşitdikdə sevincimin həddi-hüdudu olmadı. Ona görə ki rüşvət verməyə pulum olmadığı üçün 46 ildir öz haqqımı ala bilmirdim. Amma mənim bu sevincim çox çəkmədi.Çünki qanuna müvafiq olaraq etdiyim elektron müraciətdən sonra süründürməçiliyin dahada artdığı məlum oldu. Belə olmasaydı 45 gün bundan əvvəl etdiyim müraciətə cavab verilərdi. Yada görünür əlilliyin təyin olunması dayandırılıbdır. İnanmaq istərdim ki, elektron sistemdə olan bu qanunsuzluqlardan şəxsən sizin xəbəriniz yoxdur. Çünki, siz televiziyada çıxış edəndə nə dediyinizi mən eşitməsəmdə azyaşlı uşaqlarım mənə çatdırır. Siz həmişə çıxışlarınızda əlilliyin təyin edilməsinin tam şəffaf olduğunu eyni zamanda əlillik təyinatı zamanı süründürməçilik hallarının qarşısı alındığını vurğulayırsınız Ümid sonda ölür.Son ümidlə sizə müraciət edirəm və inanıram ki, bu müraciətimə cavab olaraq mənə qarşı olan haqsızlığın qarşısını alacaqsınız". Geri qayıt |