Əsas Səhifə > Gündəm, Manşet > Ramiz Yediyarov nədən həbs olunmadı?
Ramiz Yediyarov nədən həbs olunmadı?15-01-2019, 10:04 |
Prezident İlham Əliyev yanvarın 11-də nazirlərlə keçirdiyi müşavirədə vergi sahəsində dərin islahatlar aparıldığını deyib. Prezident daha əvvəlki dövrü nəzərdə tutaraq, “sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü”, - deyə qeyd edib. Nəzərə çatdıraq ki, əvvəlki nazir Fazil Məmmədov uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında qərarlaşaraq, böyük biznes imperiyası qurmuşdu. 5 rayonun icra başçısı postuna öz kadrlarını yerləşdirə bilmişdi. Belə iddialar da vardı ki, 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındırılaraq ofşorlara yönləndirə bilib. Ümumilikdə isə sabiq nazirin 15 milyarda yaxın vəsaiti qamarladığı xəbərləri yayılmışdı. Maraqlıdır ki, bu günə qədər də bu xəbərlər təkzib olunmayıb. Vəzifədən çıxarılandan sonra səhhəti qəfil pisləşən nazir əvvəlcə özünün Gəncədəki xəstəxanasında, ardından isə Türkiyədə müalicə olundu. Amma həmin günlərdə də sabiq nazirin xəstəliyinin “son dərəcə şişirdildiyi” qeyd olunurdu. Fazil Məmmədovun “səhhəti ağırdır” xəbərlərini məqsədli yaymaqla nazir vəzifəsində çalışdığı 17 ildə ələ keçirdiyi sərvətləri qorumağa çalışdığı bilinirdi. Dövlət başçısının çıxışından da sezilir ki, Fazil Məmmədov bağışlanmayıb. Fazil Məmmədovun vəzifədən azad edildikdən sonra xəstəxanalarda dolaşmasının özünü xilas etməyə, korrupsiya araşdırmalarından kənarda saxlamağa yönəlmiş tryuku olması yenidən gündəmə gəlib. Məlumata görə, F.Məmmədov hazırda Şəmkirdə şad-xürrəm həyatını yaşayır. Şəmkir şəhəri, Mirzə Ələkbər Sabir küçəsi 75 ünvanında “Shamkir Citi Hotel and SPA”da məskunlaşan nazir hər gün 5-6 müfahizə dəstəsinin müşayiəti ilə ərazidə gəzir, elə oradan da Azərbaycanda və dünyanın dörd bir tərəfində olan son dərəcə böyük biznesini idarə edir. Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının onun fəaliyyətini yerlərdəki - xüsusən də Şəmkir və Gədəbəydə araşdırmağa başlaması da təsadüfi deyil. İlkin yoxlamalarla müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa, məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları aylardır ki, Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovun fəaliyyətini araşdırırlar. Belə məlumatlar var ki, Fazil Məmmədov köhnə əlaqələrindən istifadə etməklə özünün keçmiş işçisi və buyruqçusu olmuş Ramiz Yediyarovu istintaqçıların dəmir əllərindən qoparmağa çalışır. Fazil Məmmədovun mal-mülklərinə gəlincə isə onun Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf etməsi çoxlarının bildiyi məsələdir. F.Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil. Şəmkirin girişindəki “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, rayonun Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirin olub. Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun olub. Nazirə məxsus olduğu bildirilən daha bir obyekt - “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “Yalta Meşə” ailəvi istirahət mərkəzi də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb və eks-nazirin əmisi oğlu Kamal Məmmədovun adına rəsmiləşdirilərək işlədilib. Qonşu Gədəbəy rayonu ilə Şəmkir arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də sabiq nazirin aktivinə yazılır. “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektləri kimi fəaliyyətdə olub. Amma bağışlanılmaması onu düşünməyə əsas verir ki, Fazil Məmmədovun səltənəti “milliləşdiriləcək”. “Yeni Müsavat” Geri qayıt |