Əsas Səhifə > Gündəm, Manşet > Sahil Babayev ilk fürsətdəcə özünü necə "yandırdı"...
Sahil Babayev ilk fürsətdəcə özünü necə "yandırdı"...25-12-2018, 09:07 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası zamanı yol verilən qanunsuzluqlara növbəti dəfə münasibət bildirib. Nazirlik konkret faktlarla bağlı yayğın, ümumi sözlərlə münasibət bildirməklə vətəndaşlara verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olmasının səbəbinin üzərindən sükutla ötür. Nə baş verir? Niyə Azərbaycan dövlətinin vətəndaşa yönəlik olduqca əhəmiyyətli bir proyekti bu şəkildə reallaşdırılır? Aydındır ki, dövlətin məqsədi vətəndaşı özünü maddi baxımdan təmin edəcək ailə təsərrüfatına sahib etməkdir. Layihə bu şəkildə icra ediləcəksə, özünüməşğulluq proqramının məqsədinə çatması real olmayacaq. Faktlar belə nəticəyə gəlməyə ciddi əsaslar verir. “Yeni Müsavat” yazdı, vətəndaşa 7 sağlam qoyun verib şükranlıq videosunu çəkdilər Nazirlik adından yayılan rəsmi açıqlamada isə vətəndaş Ariz Dəmirov ona verilən qoyunlardan razı olduğunu, “Yeni Müsavat”a şikayətindən sonra onun videosunu çəkdiklərini, həmin videoda da vətəndaşın razılıq etdiyini xüsusi vurğulayır. Bəs reallıq necədir? “Yeni Müsavat”ın 19 noyabr tarixli sayında “Məşğulluq Mərkəzinin qoyunlu oyunları - film kimi fırıldaq” sərlövhəli yazıda Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun şikayətini dərc etmişdik. Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadır və nazirdən kömək istəmişdi. Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi. Şəkidən, Astaradan, Şamaxıdan da özünüməşğulluq proqramının icrası zamanı yol verilən qanunsuzluqlar haqda xəbərlər dərc etmişdik. Goranboy rayonunda kasıb ailələrə verilən inəklərin fotolarına baxdıqda isə heyvana, sadəcə, adamın yazığı gəlir... “Gəldilər dedilər ki, səni polisə aparırıq” Nazirliyin son rəsmi açıqlamasından sonra Ariz Dəmirovla yenidən əlaqə saxladıq. Onun dediklərini təqdim edirik: - Qəzetinizdə yazı dərc olunandan sonra 7 qoyunu dəyişdilər. Gəldilər dedilər ki, səni polisə aparırıq. Dedim ki, mənə nə edəcəksiniz? Qanun mənim tərəfimdədir. Sonra dedilər ki, zarafat edirik. Məşğulluğun müdiri gəldi, xahiş elədi ki, heyvanların yanında dur, səni videoya çəkək, denən ki, heyvanlar cavandır, narazılığım, etirazım yoxdur. Çıxdılar getdilər. Bu yaxınlarda bir qoyun da öldü. Deyiblər ki, sabaha, birigünə gətirib başqasını verəcəklər. Vətəndaş israr edir: “Qoyunlar qocadır!” Ariz Dəmirov deyir ki, qoyunlar yaşlıdır: - Nimdaş şeylərdir, təzədən biri də öldü, biri bala saldı. Qalmışam qoyunların əlində. Özlərinə deyirəm. Deyirlər ki, bizə də bunu ver deyirlər, veririk... Şamaxının Mərziyə kəndində Mikayıl Qibləli oğlu İsmayılov da ona verilən qoyunların təhvil-təslim aktında yazılanlara uyğun olmadığını, çarəsizlikdən həmin heyvanları təhvil aldığını deyir: - Heyvanları bizə 3 ay əvvəl verirdilər. Biz etiraz elədik, götürmədik. Bizə verilən heyvanların videosunu youtube kanalına yerləşdirdik. Bundan sonra bizə cavan heyvanlar verildi. Bizə əvvəlcə dişsiz heyvanlar verirdilər. Dedilər ki, tenderi udan şirkət verir heyvanları. - Yerli heyvanlar idi? - Yerli heyvanlar idi, ancaq qoca, yaşlı heyvanlardır deyə etiraz elədik. - Həmin heyvanları bazardan almışdılar? - Bazardan alanda biz gördük, videosunu çəkdik ki, bizə cənab prezident bu boyda dəstək göstərir, 4 min manat dəyərində bizə 21 heyvan ayırır. Siz bu 21 heyvanı elə bir vəziyyətdə gətirib verirsiz ki, onlar qışı çıxar-çıxmaz durumdadır. Sonra da deyəcəkdilər ki, bu heyvanlar necə oldu? - 4 min manat rəqəmini haradan götürmüsüz? - Bizimlə bağlanan müqavilədə, biznes-plan müqaviləsində dövlət tərəfindən bizə ayrılan puldur. - Biznes-planda 4 min manatın sizə nağd verməli olduğu yazılmışdı? - Biznes-planda yazılmışdı ki, 4 min manat dəyərində heyvan veriləcək. - Biznes-plandakı məbləğlə neçə qoyun almaq olar? - Heyvanın biri düşür 180-195 manata. 20 dişi qoyun və bir erkək verilməlidir. - Bəs həmin 4 min manata bazardan özünüz neçə qoyun ala bilərsiniz? - 4 min manatı bizim özümüzə versəydilər, onların verdiyi qoyunlardan qat-qat yaxşı heyvanlar ala bilərdik. Azı 25-30 dənə yaxşı heyvan ala bilərdik bazardan. Bazarda onların aldıqları heyvanların qiyməti 60-70 manatdır. Hələ həmin heyvanların ağzında dişləri olanlardır. Dişləri olmayanlar daha ucuzdur. - Bazarda qoyunların qiyməti həmişə belə ucuz olur? - Yaşlı heyvanlardır, dişləri yoxdur, ot, arpa yeyə bilmir. - Sizə verilən qoyunların qiyməti 60-70 manat göstərilir? - Sənəddə yazırlar ki, ümumi qiymət 4 min manatdır. Halbuki 4 min manat dəyərində heyvanı biz görmədik. - Sizə verilən qoyunları bazara çıxarsanız, satışından nə qədər gəlir əldə etmək olar? - 3 min, maksimum 3 min 200 manat. Əvvəl vermək istədiklərinə baxanda indikilər qismən yaxşıdır. - Sizə o heyvanları nəyə görə veriblər? - İşsizik, veriblər ki, məşğul olaq. İşsizliklə bağlı müraciət etmişdik. İşsiz kimi Məşğulluq Mərkəzində qeydiyyata dayanmışdıq. Dedilər ki, ünvanlı sosial yardım yığışdırılacaq. Biz oxuduq, 1 il sonra da heyvanlar gəldi çıxdı. - Necə hesab edirsiz, sizə verilən 21 qoyunla özünüzü təmin edə biləcəksinizmi? - İndi verilən heyvanlarla bəli. İndiki heyvanlara baxırsan ki, pis-yaxşı, nəsə eləmək olar. - Təxminən nə qədər gəlir götürmək olar? - Bizə sənəd üzərində 20 dənə ana qoyun və yanında 20 quzu, 1 erkək qoç verilməli idi. Bizə balası olmayan 20 qoyun verdilər. Bizim də fikrimiz bu idi ki, qoyunun balasından, südündən gəlir əldə edəcəkdik. Bizə verilən biznes-planda belə idi. Biz ailəmizi bu halda dolandıracaqdıq. Sonra bunlar (ƏƏSMN rəsmiləri) da gəlib dedilər ki, sizə balası olan qoyunlar yox, 20 qoyun verəcəyik. Yəni hazırda bizə verilən qoyunların heç birinin balası yoxdur. Bizə doğar və ya yeni doğmuş qoyunlar verilməli idi. - 20 qoyun, 20 quzu və 1 qoç verilməli idi. Ümumilikdə 41 heyvan verilməli idi? - Bəli. Dövlətin biznes-planında elə yazılmışdı. “Məcbur götürməli olduq. Bundan da əlimiz çıxandan sonra...” - Bəs elə yazılmışdısa, siz balası olmayan qoyunları niyə götürürdünüz? - Dedilər ki, götürürsüz götürün, götürmürsüz özünüz bilərsiz, üstündən bir xətt çəkəcəyik, qarşısına da yazacağıq imtina, çıxdı, getdi, qaytaracağıq geri. - Ümumiyyətlə heyvan verməyəcəklərini deyirdilər? - Bəli. Məcbur götürməli olduq. Bundan da əlimiz çıxandan sonra, lap şikayət elədik, yerlərdə şikayətə baxan var? Sözümüzü prezidentə çatdıra bilmirik, cənab prezident bilsə belə qalmaz məsələ. Yerli məmurlar öz bildiklərini edirlər... İpəkçi.info saytı da bu mövzuda “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib. Həmin yazıda qeyd olunur ki, 2018-ci il üçün özünüməşğulluq proqramı çərçivəsində respublika üzrə 7 min, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə ediblər, başqa sözlə, imtahan veriblər... Yazıdan sitat: “Şəki rayonunda təlimlərə cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində idi. Özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıqla məşğul olmağın şərtləri isə belə olub: Dövlət vətəndaşa 4 dana verir, vətəndaş həmin danaları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 4 dana almalıdır. Artıq pul qalarsa, şəxsi məqsədləri üçün xərcləyə bilər. Dövlət vətəndaşa 2 yanıbalalı inək verir, vətəndaş həmin inəkləri sata bilməz, amma inəyin südünü, inəyin südündən hazırladığı pendiri, yağı, inəklərin balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər. Dövlət vətəndaşa 20 toğlu verir, vətəndaş həmin toğluları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 20 toğlu almalıdır. Artıq qalan pulu isə şəxsi məqsədləri üçün xərcləyə bilər. Dövlət vətəndaşa 20 yanıbalalı qoyun və bir qoç verir, vətəndaş həmin qoyunları və qoçu sata bilməz, amma qoyunların südünü, qoyunların südündən hazırlandığı pendiri, qoyunların balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalarsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər. Lakin heyvanların verilməsi zamanı məlum oldu ki, vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil. Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək. Bordaq üçün verilən toğlularla bu gün şəxsən tanış olduq, heç kim götürmədi. Bunlara yanıq toğlular deyilir, 10 kq çəkiləri olardı, ya yox, onlar böyümürlər, nə qədər yem, dava-dərmən verilsə belə elə o boyda qalacaqlar. Ən yaxşısının bazar qiyməti 70 manatdan çox deyil. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşa belə xəstə heyvanlar təklif edilir. 70 manatdan 20 yanıq toğlunun qiyməti 1400 manat edir. Dövlət isə özünüməşğulluq proqramı çərçivəsində hər vətəndaşa 5 min manat vəd etmişdi..." Qeyd edək ki, özünüməşğulluq proqramının icrası ilə bağlı ƏƏSMN “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumunu seçib. 2018-ci ilin iyulunda yaradılan MMC-lərin həmin ilin avqustunda podratçı olaraq qəbul edilmələri əsaslı şübhələr yaradır. Seçim aparılarkən hansı şərtlərin əsas götürüldüyü də bilinmir. Bu haqda ötən saylarımızda daha ətraflı yazmışıq. (http://musavat.com/news/nazirlik-dovletin-muhum-proyektini-1-ayliq-mmc-lere-tapsirib-sovdelesme-iddiasi_579234.html) “Yeni Müsavat” Geri qayıt |