Əsas Səhifə > Gündəm, Manşet > “Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi...

“Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi...


15-12-2018, 10:17
“Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi...
Özəl klinikalarda külli-miqdarda vergidən yayınma halları ilə bağlı Vergilər Nazirliyi rəsmi açıqlama yayıb. Məlum olur ki, bu ilin 9 ayı ərzində ölkədəki 22 özəl klinika 231 milyon manat vergidən yayınıb. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7.6 dəfə az əks olunduğu müəyyən edilib.

Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat arası olduğu təsdiqini tapıb.

Leyla Şıxlinskaya həkimə 230 manat maaş yazır, 30 min manat verir

Bu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskayanın klinikası”nın işi üzrə prosesdə ifadə verən təqsirləndirilən Polad Əliyev olduqca ilginc bir məqamı açıqlamışdı. Məlum olmuşdu ki, həkimlər 130-230 manat maaşa imza atıblar, faktiki isə aylıq 25-30 min manat məbləğində maaş alıblar.

“Leyla Şıxlinskaya niyə belə edib” sualının cavabı üçün çox da dərin düşünmək lazım deyil. Cavab ortadadır. 230 manatın vergisi ilə 30 min manatın vergisi arasında fərq göz önündədir.

Burada doğumun və qeysəriyyə əməliyyatının qiymətlərini pasientə baxan həkim təyin edir. Təbii yolla doğuşun qiyməti 1000 manat, qeysəriyyə isə 1250 manatdır. Qeyd etmək lazımdır ki, nisbətən ucuz qiymətə xidmət göstərən tibb müəssisəsi Bakıdakı “Real Tibb Mərkəzi”nin Sumqayıtdakı eyniadlı filialıdır. Orada həkimlər təbii doğuşu klinikanın kassasına ödənilən 630 manata qəbul edir. Cərrahi yolla uşağın dünyaya gətirilməsi üçün isə 900 manat tələb edilir.

“Milana” hospitalın reklamı ilə ödədiyi vergi arasında fərq nə qədərdir?

Bu gün telekanallarda reklam olunan, sosial media üzərindən fəaliyyətləri geniş təbliğ olunan klinikalar və həkimlər var. Məsələn, Sumqayıtdan yayımlanan “Dünya” telekanalı gün ərzində “Milana” Hospitalda göstərilən xidmətlər, oradakı həkimlər, onların fəaliyyəti haqda geniş məlumatlar verir. Vergilər Nazirliyinin üzdən yoxlama aparması bu hospitalın büdcəyə ödədiyi verginin göstərdiyi fəaliyyətə uyğun olub-olmamasını ortaya qoya bilər. Və ya ümumdünya torunda ilk axtarışdaca qarşımıza çıxan Badamdar qəsəbəsindəki “Caspian” hospitalının həkimi Cahid Şahbazovla bağlı kiçik sorğularımız maraqlı bir gedişatı üzə çıxardı. Cahid Şahbazov Azərbaycan teleizləyicilərinə tanış simadır. Ən müxtəlif verilişlərdə çıxışları ilə yaddaşlara yazılan Cahid Şahbazovun qapısından xəstələr səhərdən axşama qədər əskik olmur.

“Caspian” hospitala 1 həkim 1 gündə 30 min manat qazandırır - bəs dövlətə vergi nə qədər ödəyirlər?

Bəs Cahid Şahbazovun, onun çalışdığı klinikanın dövlətə sevginin ifadəsi olan ödənilən vergi göstərilən fəaliyyətə adekvatdırmı? Bu və digər suallara aydınlıq gətirmək üçün C.Şahbazovun sosial şəbəkələrdəki videolarına əlavə olunan əlaqə nömrəsinə telefon açırıq.

Köməkçi xanım Cahid Şahbazovun əməliyyatda olduğunu, onun qəbuluna yalnız və yalnız 2019-cu ilin iyun ayında düşə biləcəyimizi deyir. Dəqiqləşdirir ki, həmin vaxta qədər Cahid Şahbazovun xəstələri var. Təklif edir ki, onun əməliyyatlar üzrə köməkçisi Vüqar müəllimlə danışaq.

Razılaşırıq. Məlum olur ki, onunla da yalnız növbəti həftənin 1-ci günü danışa bilərik.

“Çünki doktorun bu gün əməliyyat günüdür. Vüqar müəllim də onun yanındadır. Hazırda əməliyyatdadırlar. 1-ci gün əlaqə saxlayın” deyə, özünü Zinyət kimi təqdim edən xanım bildirir.

Əlavə edir ki, hazırda qəbul yalnız iyun ayınadır: “Əgər təcili nəsə bir xəstəlik varsa, həmin xəstəni qəbul edə bilərik. İyuna qədər xəstələrimiz var”.

Bəs qiymətlər necədir?

Zinyət xanımın suala cavabı belədir: “Bizdə keratokonus(gözün buynuzlu qişasının problemi)əməliyyatı 1 göz üçün 1000 manatdır. 2 göz üçün 2 min manat ödənilməlidir. İlkin müayinə üçün 40 manat ödəməlisiniz. Əməliyyat 20-30 dəqiqə çəkir”.

Vergilər Nazirliyinin həkimlərin gəlirlərini hansı qaydada hesablaması metodikası haqda məlumat yoxdur. Təkcə bir yaxşı reklam olunmuş həkimin - Cahid Şahbazovun timsalında aydın oldu ki, gün ərzində minimum 30 xəstənin sadəcə 1 gözü əməliyyat olunsa, ortaya heç də az olmayan bir məbləğ çıxır. Personal xərcləri, əməliyyat zamanı lazım olan tibbi ləvazımatların alınması və digər xərcləri çıxdıqda günlük xalis gəlirin qazanılan məbləğin yarıdan çox hissəsi olacağı da şübhəsizdir. Şənbə və bazar günləri dəyərli həkimin istirahət etməsini də nəzərə alsaq, ay ərzində 22 günlük iş günündə qazanılan məbləğin yarım milyon manatı aşdığını müəyyən edə bilərik. Özəl klinikalarda belə əməliyyatlar edən həkimlərin ümumi sayını müəyyən etmək də elə də çətin deyil. 1 həkimin çalışdığı klinikaya qazandırdığı məbləğdən dövlət büdcəsinə ödənilən verginin məbləğini müəyyən etməklə, ümumilikdə özəl klinikalarda dövr edən və vergidən yayındırılan məbləğlərin elə də az olmadığını söyləyə bilərik. 22 özəl klinikada büdcədən 231 milyon manat verginin kimlərin cibinə axması da başqa sualdır.

Özəl klinikalarda uşaq dünyaya minimal olaraq "1000 manata göz açır"

Bakının az-çox məşhur olan klinikalarında hətta təbii yolla uşaq dünyaya gətirmək üçün babat məbləğ ödəmək lazımdır. Paytaxtdakı tibb müəssisələrində mama-ginekoloq xidmətlərinin qiyməti 1000 manatdan başlayır. Bir sıra özəl tibb müəssislərində doğum paketinə hamiləliyin vəziyyətinə və gedişinə nəzarət də daxildir. Lakin doğum paketi qəbul etməyən qadınlar analizlərə və ultrasəs müayinəsinə görə əlavə pul ödəməlidirlər.

“Caspian” hospitaldan sputnik.az-a verilən məlumata görə, bu gün onların xəstəxanasında adi doğuşun qiyməti 1200 manata yaxındır. Qeysəriyyə əməliyyatının qiyməti isə 1500 manatdır. Bu, klinika tərəfindən təyin edilmiş orta qiymətdir. Amma hamiləliyi müşahidə edən və doğuşun ağırlıq dərəcəsini qiymətləndirən həkimin rəyindən asılı olaraq qiymətlər dəyişə bilər. Həmin vəsaiti isə mütləq klinikaya ödəmək lazımdır. “Baku Medical Plaza” klinikalar şəbəkəsində doğuşun qiyməti 1010 manatdan, qeysəriyyə əməliyyatının qiyməti isə 1210 manatdan başlayır. Bu qiymətə sonuncu analizlər, USM və yeni doğulmuş körpənin 3 peyvəndi də daxildir.

Bakıda məşhur olan “Leyla Şıxlinskayanın klinikası”nda Ölkədə doğulan uşaqların statistikası və həmin uşaqlaırnı neçə faizinin məhz özəl klinikalarda dünyaya gəlmələrini müəyyən etməklə büdcəyə ödənilən verginin uyğun olub-olmamasını da aydınlaşdırmaq elə də çətin deyil. Yetər ki, dövlət büdcəsinə çatmayan, yayındırılan hər manatın, qəpiyin ödənməsinə səy göstərilsin, müvafiq addımlar atılsın.
“Yeni Müsavat”

Geri qayıt