Əsas Səhifə > Gündəm, Manşet > Qoşqar Təhməzlinin vahiməli "əncir tövsiyyəsi"...

Qoşqar Təhməzlinin vahiməli "əncir tövsiyyəsi"...


30-10-2018, 08:59
Qoşqar Təhməzlinin vahiməli "əncir tövsiyyəsi"...
2006-cı ildən etibarən Azərbaycanda toyuq dönərinin satışı qadağan olunsa da, az qala hər küncdə satılır. Məlum olduğu kimi, toyuq dönərinin satışına 12 il əvvəl ilk dəfə “quş qripi”nin yayılması təhlükəsilə əlaqədar rəsmi qadağa qoyulub. Bir müddət əvvəl Bakıda dönərdən kütləvi zəhərlənmələr olduğu üçün həmin qadağa qüvvədə qalıb. Amma indiyədək bu qadağaya əməl olunmur. Əksinə, toyuq dönəri satan obyektlərin sayı getdikcə artır. Dönər satışı aparılan obyektlərin 98 faizi qadağan olunmasına baxmayaraq, toyuq ətindən istifadə edir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi 2015-ci ilə qədər dönərxanaların fəaliyyətinə nəzarət edə bilsə də, qadağalara əməl edilməməsilə bağlı heç bir tədbir görülməyib. Qida Təhlükəsizliyi Agentliyi yaradıldıqdan sonra bu funksiyanı sözügedən qurumun həyata keçirəcəyinə dair yaranan ümid də özünü doğrultmur. Agentlik bəzən ciddi əhəmiyyəti olmayan məsələlərdə mövqe nümayiş etdirir, məsələn əncirin necə qurudulmasına dair tövsiyə verir, amma fəaliyyətə başladığı gündən real tədbir həyata keçirməməsi ilə tənqidlərə tuş gəlir.

Məsələn, bir müddət əvvəl qurum ölkədə fəaliyyət göstərən qanunsuz ət kəsimi məntəqələrinin yığışdırılacağını bildirib. Daha sonra satış şəbəkələrində bəzi şirniyyat məhsullarının satışına qadağa qoyub. Bunun ardınca palma yağının əhəmiyyətini vurğulayıb və bu yağın satışının genişləndirilməsini təbliğ edib. Ötən gün isə Azərbaycanda diri toyuqların satışının məhdudlaşdırılacağını xəbər verib. Bütün bunlarla yanaşı, ötən il fevralın 10-da yaradılan Qida Təhlükəsizliyi Agentliyi sadalananların heç bir ilə bağlı ciddi fəaliyyətlə gündəmə gəlməyib. Yəni, ortada ancaq söz olub, iş yox.

Ət kəsimi və satışı yenə əvvəlki qaydada davam edir. Mağazalarda qadağan edilən məhsullar hələ də satışdan yığışdırılmayıb. Qadağan edilən toyuq dönərinin satışı da qurumun gözündən nədənsə “yayınır”.

Görünən odur ki, Qida Təhlükəsizliyi Agentliyi də İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yarıtmaz fəaliyyətini təkrarlayır. Bu da qurumun öz fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə ona olan ümidləri doğrultmadığı qənaətini yaradır.

Geri qayıt