Əsas Səhifə > Gündəm, Manşet > Kəbirə Məmmədova İTTİHAM OLUNUR
Kəbirə Məmmədova İTTİHAM OLUNUR29-10-2018, 08:57 |
Vətəndaş Əliyev Şahin Əli oğlu tərəfindən Moderator.az-a "Arazavia" firmasının rəhbəri, məşhur iş adamı Kəbirə Məmmədova barəsində şikayət məktubu daxil olub. Məktub müəllifi iddia edir ki, Qaradağ rayonu ərazisindəki məşhur "Binə" Ticarət Mərkəzində, konkret olaraq "Yeni bazar" ticarət kompleksində 40 kvadrat metr anbarı icarəyə verəcəyi müqabilində K. Məmmədova onun 31700 dollar pulunu alsa da bu günədək öhdəliyini yerinə yetirməkdən boyun qaçırır, nəticədə ona külli miqdarda ziyan dəyib. Şikayətçi iddia edir ki, pulu K. Məmmədovaya ödəyərkən ona adıçəkilən ticarət komplüksinin 21-ci sırasında anbar veriləcəyi razılaşdırılıb. Ancaq üstündən illər keçsə də 21 - ci sıra ümumiyyətlə tikilməyib. Aldadıldığını görən Ş Əliyev bundan sonra israrla pulunu tələb edib, bu zaman şikayətçiyə növbəti dəfə vəd verilib və ona mövcud olmayan 21 - ci sıranın əvəzinə 12-ci sırada müvafiq yer ayrılacağı bildirlib. Amma bu dəfə də Ş. Əliyevin əli ətəyindən uzun gəlib və bu sevinci də çox sürməyib. Beləcə illər bir - birini əvəz etsə də Ş Əliyev, necə deyərlər, Əli aşından da olub, Vəli aşından da. Keçirdiyi əsəb sarsıntılarından şəkərli diabetin ağır formasından əziyyət çəkən Ş. Əliyevin pozulmuş hüququnun bərpası üçün döymədiyi qapı qalmayıb. Şikayətçi redaksiyaya prokurorluq və polis orqanlarına yazdığı çoxsaylı şikayət məktublarının da surətini təqdim edib. Həmin məktubların qısa xülasəsi bundan ibarətdir ki, bəzilərində şikayətin "tam, obyektiv və hərtərəfli" araşdırılması üçün ərazi aidiyyatı üzrə aşağı orqanlara göndərildiyi bildirilib, bəzilərində isə mübahisənin cinayət tərkibi olmadığı vurğulanaraq şikayətçinin pozulmuş hüquqlarının bərpası üçün məhkəmə orqanlarına baş vurması tövsiyyə olunub. Amma Ş. Əliyev bu günədək məhkəməyə müracitə etməkdən imtina edib. Deyir ki, hər şeyin gün kimi ortada olmasına baxmayaraq hüquq-mühafizə orqanlarının hərəkətsizliyini gördükdən sonra ədalətin məhkəmələrdə zəfər çalacağına zərrə qədər ümidi qalmayıb. Redaksiyadan: Biz də şikayətçiyə son çarə kimi heç olmasa faktın təsdiqini tapması üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişik. Ancaq onun israrlı xahişini nəzərə alaraq problemin işıqlandırılmasında da bir problem görmürük. Eyni zamanda şikayət məktubunda adıçəkilən K. Məmmədovanın və ya "Arazavia" firmasının hər hansı səlahiyyətli nümayəndəsinin mövqeyini də olduğu kimi işıqlandırmağa hazır olduğumuzu da bəyan edirik. Arzu edirik ki, heç olmasa illər sonra "Qordi düyünü"nə çevrilmiş bu problem həllini tapsın. Geri qayıt |