Əsas Səhifə > Gündəm, Manşet > Sahil Babayevin Qazaxdakı adamları Səlim Müslümovun vaxtındakı kimi işləyirlər...
Sahil Babayevin Qazaxdakı adamları Səlim Müslümovun vaxtındakı kimi işləyirlər...30-07-2018, 09:08 |
Qazax rayon sakini Tahir Rəhimov ölümə tərk edilmiş vəziyyətdədir. Dostlarının qoçaq, daim hərəkətli adam kimi dəyərləndirdiyi T.Rəhimov ard-arda 3 dəfə iflic olub. Kəllədaxili qansızma nəticəsində bir ildir hərəkət qabiliyyətini itirib. Yaşadığı durumdan cana doyan xəstə öləcəyi günü gözləyir. Onu həyatda saxlamağa çalışan dostları T.Rəhimovun vəziyyəti və üzləşdiyi çətinliklərlə bağlı Sputnik Azərbaycan-a müraciət ediblər. Heç bir sosial müavinət almayan, əlillik üçün müraciəti rədd edilən Tahir kişi bölgə müxbirimizə 20 ildir tək yaşadığını deyib: "Bir il əvvəl 3 dəfə dalbadal insult keçirdim. Xəstəxanadan çıxandan pendir-çörək və su ilə dolanıram. Bir az sol əlim işləyir, çəliyə söykənib zorla dayanıram ayaq üstdə. Qazı yandırmağı, qazanı, çaydanı qaldırıb endirməyi bacarmıram ki, çay-xörək hazırlayım". T.Rəhimov deyir ki, indi, ancaq dostlarının yanında olanda ölüm arzusunu unudur: "Bircə lampa yandırıram ki, kommunal xərc çox yığılmasın, gəlib işığımı kəsməsinlər. Sağ olsunlar dostlar, kömək edirlər, çörəyimi alıb gətirir, suyumu doldururlar. Maşına mindirib şəhərə çıxarırlar. Ən azından bir neçə saat onlarla birgə olanda ölməyi arzulamıram". Ona yaşamağında ən çox kömək edən isə hər iki gözdən əlil dostu İlqar Əliyevdir. Xəstə dostunun yaşaya bilməsi üçün əlindən gələn köməkliyi göstərən İ.Əliyevin ən böyük istəyi dostunun əlillik dərəcəsini ala bilməkdir. Buna görə o, yerli xəstəxanalar tərəfindən əlilliyin müəyyən edilməsi üçün elektron müraciət göndərilməsinə nail olub. Lakin Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) tərəfindən əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyin edilmədiyi cavabı gəlib. İ.Əliyevin fikrincə, bu işlər belə görülməməlidir: "Əvvəllər yerli orqanlar vardı, xəstəyə baxırdı, qiymət verirdi. Ağır xəstə olanda gəlib evdə yoxlayırdılar. İndi bu işləri elektron qaydaya salıblar. Yəqin ki, bunun da üstünlükləri var, amma bu vəziyyətdə kağızda yazlan diaqnozlar xəstənin durumunu göz qabağına qoya bilmir. Adam hərəkət qabiliyyətini itirib, yazıb göndəriblər ki, ixtisaslaşmış tibb bərpa mərkəzində müalicə almalıdır". "Bu adamın çörək almağa imkanı yoxdur, hansı pulla alsın tibbi müalicəni? Pensiyaya çıxmağa 4-5 ili var, o vaxta kimi nə ilə dolanmalıdır? Kağıza baxmaqla bu cür xəstəni rədd eləmək olmaz axı. Gündəlik içdiyi təzyiq dərmanı ayda 15 manat edir. Haradan almalıdır bunu? Gözlərim görmür, yoxsa qapı-qapı düşüb düzəldərdim, qoymazdım belə qalmağa" – deyə İlqar Əliyev əlavə edir. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq. Nazirliyin sözçüsü bildirib ki, əlilliyi müəyyən etmək üçün yerli tibb müəssisələrinin göndərdiyi elektron müraciətlər TSEK tərəfindən yoxlanılır. Əgər göndərilən rəylərdə yetərli əsas olarsa, əlillik dərəcəsi verilir. Geri qayıt |