Əsas Səhifə > Gündəm, Manşet > "Lukoil"dən yenə şikayət:
"Lukoil"dən yenə şikayət:26-05-2018, 09:04 |
Uzun müddətdir sürücülər "Lukoil" şirkətinin yanacaq doldurma məntəqələrində aldadıldıqlarını iddia edirlər. Onların sözlərinə görə, "Lukoil"da avtomobillərinə benzin vurularkən 10 yerinə 7 və ya 6 litr doldurulur. Şikayət bununla da bitmir. Belə ki, sürücülər iddia edir ki, yanacağın az vurulmasından əlavə, benzinin keyfiyyətində də problemlər var. Dəfələrlə hər iki problemlə bağlı yanacaq doldurma məntəqəsində yerindəcə şikayət etdiklərini vurğulayan sürücülər Cebhe.info-ya bildirdi ki, narazılıqlarına heç bir məhəl qoyulmayıb: "Mən Xırdalanda yaşayıram. Bu yolda bir yanacaq doldurma məntəqəsi "Lukoil"dur. Mən də bu yoldan keçdiyim üçün məcburən "Lukoil" yanacaq doldurma məntəqəsindən istifadə etməli oluram. Təsəvvür edin axşam işdən evə gələndə 10 manatlıq benzin vururam, sabah işə gedəndə baxıram ki, benzin yenə bitib. Mən anlamıram, ya bu benzinin keyfiyyəti aşağıdır, ya da yanacaqda aldadılırıq". Avtomobilinə "Lukoil" yanacaq doldurma məntəqəsindən benzin vuran digər sürücü də hər gün eyni vəziyyəti yaşadığını deyir. Bir müddət benzinin çox istifadə olunmasını avtomobilinin köhnəliyindən ola biləcəyi ehtimalı ilə ustaya müraciət edən sürücü daha sonra bunun yanacaqdan olduğuna əmin olub: "Masazırda yaşayıram. Hər gün işimə görə şəhərə gedib-gəlməli oluram. Təsəvvür edin, səhər 10 manatlıq benzin vururam, axşam evə qayıdanda isə yenidən yanacaq doldurmalı oluram. Belə getsə maşından imtina etməli olacam. Çünki demək olar ki, hər gün yola 10 manat pul verirəm. Bu da az maaş alan adama heç cürə sərf eləmir". Məsələ ilə bağlı "Lukoil" şirkətinin mövqeyini öyrənmək üçün adı çəkilən quruma zəng etdik. Zəngimizə cavab verən şikayət şöbəsinin əməkdaşı şikayətimizi dinlədikdən sonra rəhbərliyə məlumat verdiyini, amma müdiriyyətin problemlə bağlı heç bir reaksiyasının olmadığını vurğuladı. Əgər fikirlərini dəyişəsələr, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |