Əsas Səhifə > Gündəm, Manşet > Gələn həftə böyük əfv olacaq
Gələn həftə böyük əfv olacaq14-05-2018, 08:31 |
28 May - Cümhuriyyət Günü ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamı imzalanacaq". Bunu “Yeni Müsavat”a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, növbəti həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası bitir: “2018-ci ilin fevral ayından başlayaraq Əfv Məsələləri Komissiyası öz iclaslarına başlayıb. Bu günə qədər 10-dan çox iclas keçirilib, minə yaxın müraciət və vəsadətlərə baxılıb. Komissiya daxil olan bütün müraciət və vəsadətlərə hərtərəfli baxır. İclaslar çox geniş müzakirə formasında davam edir. Əfv prezidentin müstəsna koalision səlahiyyətlərinə daxil olan hüquqlardandur. Bu hüquq yalnız tam həcmdə prezidentə məxsusdur. Əfv Məsələləri Komissiyası daxil olan müraciətlərə baxıb tövsiyə xarakterli rəylərin hazırlanması ilə bağlı qərar qəbul edir, amma son söz prezidentindir. Cümhuriyyət bayramı ərəfəsində çoxsaylı məhkumların və onların ailə üzvlərinin sevincinin şahidi olacağıq. Prezident İlham Əliyev növbəti əfv sərəncamı imzalayaraq xeyli insanı azadlığa çıxaracaq. Ümid edirəm ki, əfv sərəncamı ilə bağlı adları siyahıda olan şəxslər gələcəkdə öz fəaliyyətlərini özləri, yaxınları, həmçinin, dövlətin və millətin maraqları naminə qurmağa çalışacaqlar”. Ə.Nuriyev əfv üçün daxil olan müraciətlər istisnasız olaraq hamıya eyni yanaşma tətbiq olunduğunu söylədi: “Ayrı-seçkilik və digər məsələlər heç vaxt Əfv Məsələləri Komissiyasının iclaslarında müşahidə olunmayıb. Hər kəs qanun qarşısında bərabərdir. Eyni zamanda daxil olan müraciətlər də diqqətlə araşdırılır və burada bir çox kriteriyalar var. İlk növbədə məhkumun etdiyi cinayətin xarakteri, onun şəxsiyyəti, səhhətinin vəziyyəti, eyni zamanda əməyə münasibəti, islama münasibəti, cəzaçəkmə müəssisəsində bütövlükdə davranışı, həmçinin, zərərçəkmişin mövqeyi, dövlətin və ictimaiyyətin maraqları, dəymiş ziyanın ödənilib-ödənilməməsi, cəzanın çəkilməmiş müddəti və s. ciddi müzakirə olunur və ortaq qərarlarla rəy hazırlanır. Təbii ki, son siyahı prezident tərəfindən müəyyən ediləcək. Prezident İlham Əliyev bizim tövsiyə xarakterli rəyləri nəzər ala, ya imtina edə, yeni adlar əlavə edə də bilər. Əfv edərkən mərhəmət, humanizm və humanitar prinsipləri tətbiq edilir. Bu prinsiplərə söykənərək prezident istənilən şəxsi əfv edə bilər, yaxud intina edə bilər”. Əfv Məsələləri Komissiyasın üzvü onu da qeyd etdi ki, ancaq kriteriyalara uyğun gələn müraciətlər baxılıb təmin edilir: “Müraciət edənlər arasında elə şəxslər var ki, çox ağır cinayətlər edib, uzun müddəti cəzaları var, cəzanın da çox az hissəsini çəkib. Elələri də var ki, cinayət əməllərində şəxsiyyətə zorakılıq tətbiq olunub, yaxud səhlənkar hərəkətləri nəticəsində xeyli insan ölüb. Müraciətlər arasında vətəndaşın əmlakına külli miqdarda ziyan vurmuş və ziyanı ödəməyənlər, vətənə, dövlətə xəyanət, ağır hərbi cinayətlər edənlər də var. Bu baxımdan da qərar verərkən mütləq ziyanın ödənilməsi məsələsi, zərərçəkmişin mövqeyinə də diqqət edilir. Zərərçəkmişin yaxın qohumu öldürülüb, arada barışıq əldə edilməyibsə, tək məhkumun mövqeyi nəzərə alınmır. Kompleks şəkildə qiymətləndirilir. Mütləq cəmiyyətin maraqları nəzərə alınır. Dövlətə, vətəndaşa dəymiş ziyanın ödənilib-ödənilməməsinə diqqət edilir”. Siyahıda sensasion adların olub-olmamasına gəlincə isə, Ə. Nuriyev bunları söyləyib: “Kimin fəal, kimin qeyri-fəal olması Komissiya üzvləri üçün fərq etmir. Hər şeydən əvvəl yanaşma məhkuma olan yanaşmadır. Şəxs məhkum edilib, onun barəsində qanunla məhkəmə qərarı var. Biz bu məhkəmə qərarı müəyyən edildiyindən və həmin şəxs barəsindən qanun qüvvəyə mindiyindən məsələyə yalnız bu nöqtədən baxırıq. Nə apelyasiya instansiyasıyıq, nə də digər məhkəmə orqanlarıyıq ki, onun təqsirli olub-olmaması tərəfi ilə bağlı fikir yürüdə bilək. Yenə deyirəm, əsas humanitar yanaşma, mərhəmət hissidir. O şəxsin təqsirli, yaxud təqsirsiz olub-olmaması artıq arxada qalıb. Digər sərəncamlara da baxsanız, görərsiniz ki, orada müxtəlif kateqoriyadan cinayət törətmiş insanların adlarını görə bilərsiniz”. Geri qayıt |