Əsas Səhifə > Gündəm, Manşet > İmzasını başqasına “etibar edən” departament direktoru

İmzasını başqasına “etibar edən” departament direktoru


9-05-2018, 08:37
İmzasını başqasına “etibar edən” departament direktoru
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinin məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən tikilən qəsəbələrdə yerləşən evlərin və qurumun balansında olan digər mənzillərin qanunsuz olaraq müxtəlif şəxslərə verilməsilə bağlı bəzi məlumatlar yayılıb.

“Cümhuriyət” qəzetinin ötən sayında bu haqda məlumat vermişdik. Belə ki, redaksiyamıza bir şəxsin adına bir neçə yerdə mənzilin verilməsi, köhnə tarixli müqavilələr və eyni tarixdə həm mənzil verilməsi, həm də həmin mənzilin kirayə verilməsi haqqında müqavilə sənədləri haqqında məlumatlar daxil olub.

Bu sayımızda isə daha üç müqavilə haqqında məlumat verəcəyik. Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilərək “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi” forması təsdiq edilib ki, bu müqavilə forması da Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Ancaq indi təqdim edəcəyimiz müqavilələri rəsmi qurumun adından diroktoru deyil, digər şəxslər imzalayıb. Bu isə qanunvericiliklə qadağandır.

Belə ki, 16 avqust 2012-cı il tarixli 134 saylı müqavilə ilə Ağdam rayon Yeni Ergi qəsəbəsində yaşayan məcburi köçkün Kazımov Əhliyət Xalıqverdi oğluna yeni salınmış qəsəbədə 2 otaqlı 134 saylı mənzil verilib. O, sakini olduğu, hazırda işğal altında olan Ağdam rayon Mərzili kəndinin işğaldan azad olunanadək müvəqqəti olaraq göstərilən mənzildə məskunlaşdırılıb. İlk baxışda bu məsələdə heç bir problem görünmür. Ancaq müqaviləni imzalayan səlahiyyətli şəxsin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyevin olmaması müqavilənin arxasında qaranlıq məqamların olduğundan xəbər verir. Yuxarıda da qeyd olunduğu kimi, qanunvericiliyə əsasən müqavilələri imzalamaq səlahiyyəti yalnız Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyevə verilib. Ancaq bu müqaviləni sənəddə hansı vəzifənin daşıyıcısı olduğu göstərilməyən Cəfərov.İ.A adlı şəxs imzalayıb. Bu da birbaşa olaraq qanunvericiliyin pozulması, sənədlərin əslində etibarlı olmadığının göstəricisidir.

Digər bir sənəd isə Ağdam rayon Xındırıstan qəsəbəsində yerləşən 54 saylı mənzilin digər bir məcburi köçkünə kirayə verilməsi ilə bağlı imzalanan müqavilədir. Maraqlıdır ki, müqavilə sənədinin şablonunda da bu sənədin məhz Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru (Akif Mirzəyev - müəl.) tərəfindən imzalanmalı olduğu göstərilsə də, müqaviləni Ağdam rayon MKİS-nin rəisi Rizvan Əliyev imzalayıb. Qeyd edək ki, müqaviləyə əsasən Ağdam rayon Xındırıstan qəsəbəsində yeləşən 54 saylı ev eyni nömrəli müqavilə ilə 16 may 2014-cu ildə tarixində Muradov Tural Fehruz oğluna kirayə verilib. Ancaq sənəddən açıq şəkildə görünür ki, bu müqavilədə qanunvericiliyin şərtləri kobud şəkildə pozulub.

23 yanvar 2017-ci ildə imzalanan 44 nömrəli müqavilədə də eyni hal təkrarlanır. Belə ki, Ağdam rayon Yeni Ergi qəsəbəsində məskunlaşan Qullar kəndindən məcburi köçkün Lalayev Mehman Vahid oğlu bu tarixli müqavilə ilə Yeni Ergi qəsəbəsində 2 otaqlı 44 saylı mənzilə yerləşdirilib. O, da Qullar kəndinin işğaldan azad olunacağı günə qədər bu ünvanda müvəqqəti yaşamaq hüququ alıb. Ancaq müqaviləni Qanunvericiliyə uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyev imzalamayıb. Baxmayaraq ki, müqavilənin imza yerində məhz bu Departamentin adı qeyd olunub. Buna baxmayaraq, bu müqaviləni də Rizvan Əliyev, həm də hansı vəzifənin daşıyıcısı olduğu göstərilmədən imzalayıb. Digər sənəddə isə Rizvan Əliyevin Ağdam rayon MKİS-nin rəisi olduğu göstərilib.

Bu müqavilələr açıq şəkildə göstərir ki, məcburi köçkünlərə mənzillərin verilməsi ilə bağlı qanunvericiliyin şərtləri, müqavilə qaydaları kobud şəkildə pozulub. Bu isə bu məsələnin arxasında kifayət qədər qaranlıq məqamların olduğunu göstərir.

Əks halda, məcburi köçkünə ev verilməsi və ya həmin evin digər bir şəxsə kirayə verilməsinə razılıq vermək səlahiyyəti olmayan Rizvan Əliyev (2 sənədi imzalayıb) və Cəfərov İ.A-nın (1 sənəddə imzası var) imzası ilə dövlət hesabına tikilən evlərə yaşayış hüququ verilməzdi. Çünki bu hüququ qanunvericilik yalnız Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoruna, yəni bu müqavilələrin imzalandığı tarixlərdə bu məsuliyyəti daşıyan Akif Mirzəyevə verir. İmzalanan bu müqavilələrdən Akif Mirzəyevin xəbərsiz olduğu isə inandırıcı deyil.

Çünki Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində yeni salınan qəsəbələrdə hansı evlərin boş və ya dolu olduğu haqqında bütün məlumatlar var və olmalıdır da. Bunu nəzərə aldıqda isə Akif Mirzəyevin də bu müqavilələrdən xəbərsiz olduğunu demək əsassızdır.

Geri qayıt