Əsas Səhifə > Gündəm, Manşet > Hüseyn Abdullayevlə bağlı gəlişmə...

Hüseyn Abdullayevlə bağlı gəlişmə...


28-04-2018, 09:59
Hüseyn Abdullayevlə bağlı gəlişmə...
Hüseyn Abdullayevin yaxınları onu “xalq diplomatiyası” yolu ilə azad etməyə çalışırlar. Bu haqda redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Türkiyədə həbs olunaraq Azərbaycana gətiriləndən sonra yaxınları hərəkətə keçiblər. Köhnə əlaqələrini işə salmaqla hakimiyyət daxilindəki nüfuz sahiblərinə minnətçi düşməklə Hüseyn Abdullayevi bu dəfə də həbsdən xilas etmək istəyirlər.
Bundan əvvəl, 2007-ci ildə həbs olunandan sonra Hüseyn Abdullayevin yaxınları bu yola baş vurublar. O zaman Hüseyn Abdullayevin yaxınlarının xahiş-minnətləri nəzərə alınıb. Yada salaq ki, o, parlamentin iclasında deputat həmkarı Fəzail Ağamalı ilə əlbəyaxa davaya çıxmışdı. Bundan sonra Fəzail Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında Hüseyn Abdullayev saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Ona sayılıb-seçilən vəkillər tutulsa da, az sonra anasının istəyi ilə həmin vəkillərin xidmətlərindən imtina olundu. Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunaraq 2 il sınaq müddəti ilə məhkəmə zalından azadlığa buraxıldı.

11 il sonra Hüseyn Abdullayevin yaxınları yenə də onun azad edilməsi üçün bu yolu tutublar. Situasiya fərqli olsa da, ümid edirlər ki, Hüseyn Abdullayevin vaxtilə hakimiyyət səlahiyyətliləri ilə yaxşı münasibətləri nəzərə alınacaq. Son gəlişmələr isə onu deməyə əsas verir ki, sabiq deputatın, onun yaxınlarının ümidlərinin doğrulacağı böyük sual altındadır. Baş Prokurorluq, Vergilər və Daxili İşlər nazirlikləri Hüseyn Abdullayevin həbsi ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluqdan musavat.com-a daxil olan birgə məlumatda qeyd olunur ki, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb. Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib. Cinayət işi üzrə H.Abdullayev özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilmiş və Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib. Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Namiq İsmixan oğlu Babayev və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilmişdir. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib. Təqsirləndirilən şəxs H.Abdullayevlə zərərçəkmiş şəxslər arasında müdafiəçisinin iştirakı ilə üzləşdirmə istintaq hərəkətləri aparılmış, eləcə də onun Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan bütün hüquqları tam təmin edilmiş və zəruri təminatlarla əhatə olunub. Hazırda qeyd edilən cinayət işləri üzrə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hüseyn Abdullayev növbəti dəfə vəkili ilə görüşüb.

Bu barədə “Trend”ə açıqlamasında H.Abdullayevin vəkili Ruhid Əkbərov deyib. Vəkil bildirib ki, H.Abdullayevlə görüş zamanı onun səhhəti və saxlanma şəraiti ilə də maraqlanıb: “Saxlanma şəraiti və səhhətindən heç bir narazılığı yoxdur, qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur. Əlavə ittihamların verilməsi barədə də müvəkkilimlə müzakirələr aparmışıq. Yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə açıqlama verəcəyik”.
“Yeni Müsavat”

Geri qayıt