Əsas Səhifə > Gündəm, Manşet > Nazirliklər birləşdirilir, komitələr ləğv edilir
Nazirliklər birləşdirilir, komitələr ləğv edilir19-04-2018, 08:47 |
Seçkilərdən sonra hökumətin tərkibində dəyişikliklərin olacağı istisna edilmirdi. Ehtimal olunur ki, kadr islahatları ilə yanaşı struktur islahatlarına da geniş yer veriləcək. Xüsusilə də Nazirlər Kabinetinin tərkibində yer alan 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi olmaqla ümumilikdə 35 dövlət strukturunun sayının azaldılması gözlənilir. Ən çox gözlənilən bir sıra nazirliklərin ləğv olunacağı və ya aidiyyatı üzrə səlahiyyətlərinin digər qurumlara veriləcəyidir. Maraqlıdır, bəs hansı qurumların ləğv olunması daha real görünür? Struktur islahatlarının “qurbanına” çevriləcək qurumlardan biri kimi ilk sırada Mədəniyyət və Turizm Nazirliyinin adı çəkilir. Nazirliyin ləğv olunaraq səlahiyyətlərinin digər qurumlara veriləcəyi gözlənilir. Belə ki, nazirliyin balansında olan turizm sahəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcəyi istisna edilmir. Məlumatlarda qeyd olunur ki, mədəniyyət sahəsi ilə bağlı isə ayrıca komitə yaradılacaq. Beləliklə də Mədəniyyət və Turizm Nazirliyi struktur islahatlarının ilk hədəfi kimi görünür. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bir sıra mərkəzlər hələ 2016-cı ildə regional idarələrin balansına verilib. Digər bir ehtimal isə adıçəkilən nazirlikdən turizm sahəsinin alınaraq müstəqil nazirliyə çevriləcəyidir. Məlumdur ki, turizmin qeyri-neft sektorunda özünəməxsus payı var. Bu sahənin inkişafı üçün müəyyən addımlar atılsa da, gözlənilən nəticəni almaq mümkün olmayıb. Xüsusilə, bölgələrdə turizmin inkişafı ləngiyir. Bu sektorun inkişafını stimullaşdırmaq üçün yeni nazirliyin yaradılmasına ehtiyac olduğu deyilir. Eyni zamanda ekologiya sahəsinin də yeni yaradılacaq nazirliyə veriləcəyi haqqında fikirlər səsləndirilir. Yeni nazirliyin isə Turizm və Ekologiya Nazirliyi adlanacağına dair fikirlər var. Kənd Təsərrüfatı Nazirliyinin də ləğv olunacağı nəzərdə tutulur. Qurumun səlahiyyətlərinin bir hissəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcəyi gözlənilir. Son zamanlar mediada və sosial şəbəkələrdə KTN ilə bağlı kifayət qədər neqativ məlumatlar yayılır. Qeyd edək ki, nazirliyinin fəaliyyəti qənaətbəxş hesab olunmur. Bu da KTN-nin ləğv olunacağı ehtimalını artır. Struktur islahatları çərçivəsində Nazirlər Kabinetinin tərkibində yer alan komitələrin də ləğv olunaraq səlahiyyətlərinin aidiyyatı üzrə digər nazirliklərə birləşdiriləcəyi gözlənilir. Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibində hazırda Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Diaspor ilə İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olmaqla 9 komitə fəaliyyət göstərir. Komitələrdən ləğv olunmağa “ən real namizəd”in isə Dövlət Gömrük Komitəsi olacağı gözlənilir. Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra Gömrük Komitəsinin də onun səlahiyyətlərinə veriləcəyi deyilirdi. Ümumiyyətlə, son illər gömrük sahəsində baş verən xoşagəlməz hallar və bunun tez-tez ictimailəşdirilməsi bu birləşmənin real olduğunu gücləndirir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin isə Bakı şəhər İcra Hakimiyyətinin tərkibində bir şöbə kimi fəaliyyət göstərəcəyi deyilir. Son zamanlar ən çox gündəmdə olan qurum isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Bu qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir. Qeyd edək ki, belə bir təcrübə artıq var. 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb. Diaspor fəaliyyəti də qənaətbəxş hesab olunmur. Bu baxımdan Diaspor ilə İş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinə birləşdirilməsi məqbul hesab olunur. Qeyd edək ki, bu məsələ ilə bağlı bir çox rəsmi şəxslər, deputatlar da fikirlərini bildiriblər. Onlar Diaspor ilə İş üzrə Dövlət Komitəsinin XİN-nin balansına verilməsini vacib sayıblar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində isə hələ 2015-ci ildən müəyyən ixtisarlara başlanılmışdı. Məlumatlara görə həmin vaxt Komitənin tərkibə daxil olan bir çox idarələrdə çalışan işçilər kütləvi şəkildə işdən azad edildi. Ancaq Komitə hələ də öz fəaliyyətini davam etdirir. Ehtimallara görə, Komitənin tərkibində olan idarələr ayrı-ayırılda aidiyyatı üzrə nazirliklərin balansına veriləcək. Komitə isə ümumilikdə ləğv olunacaq. Ümumiyyətlə, Azərbaycanda nazirliklərin, komitələrin birləşdirilməsi və ya ləğv olunması təcrübəsi mövcuddur və bunun effektiv olduğu görünür. Məsələn, Nəqliyyat Nazirliyinin ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra nəqliyyat sahəsindən şikayətlərin sayı azalıb. Bu da prosesin gələcəkdə də davam etdirilməsini zəruri edir. Təhsil və səhiyyə sahəsində də struktur islahatlarının aparılacağı gözlənilir. Hesab edilir ki, Təhsil Nazirliyinin adı dəyişdiriləcək, səlahiyyətləri artırılacaq. Səhiyyə Nazirliyində də struktur islahatları gözlənilir. Nazirliyin tərkibdə fəaliyyət göstərən bir neçə idarə və şöbələrin ləğv olunacağı, mərkəzləşdirilmiş sistemə keçiriləcəyi deyilir. Geri qayıt |