Əsas Səhifə > Gündəm, Manşet > "Azəriqaz"da qaz hoqqası...
"Azəriqaz"da qaz hoqqası...17-04-2018, 09:02 |
Sumqayıtda, paytaxt ətrafında, eləcə də bölgələrdə artıq 4 gündür ki, qaz problemi yaşanır. Demək olar ki, əksər rayonlarda problem bu və ya digər formada özünü göstərir. Bakının Nərimanov, Sabunçu və Xətai rayonları ümumiyyətlə qazsız qalıb. Nəsimi rayon sakinləri də qazsızlıqdan əziyyət çəkiblər. Səbail rayonunda mavi yanacağın təzyiqi azalsa da, verilişi tamamilə dayandırılmayıb. Amma o qədər zəif olub ki, qızdırıcılar işləməyib. Abşeron rayonunun Masazır qəsəbəsinin qaz abunəçiləri də şikayətçilər sırasındadır. “Mavi yanacaq” poblemi Bakı ilə yanaşı Sumqayıt şəhərində də yaşanıb. Aprelin 16-dan günorta saatlarından etibarən isə bəzi rayon və qəsəbələrdə qaz probleminin qismən həll olunması haqda məlumatlar gəlib. Qeyd edək ki, abunəçiləri narazı salan bir məqam da var. “Smart kart”larla ödəniş əvvəlcədən edilir. İstehlakçı məhsulun dəyərini əvvəlcədən ödəyir, amma qazsız qalır. Digər tərəfdən məlumdur ki, ölkəmiz qaz ixracatçısıdır. Müxtəlif illərdə bağlanan müqavilələrlə təbii sərvətimiz İrana, Gürcüstana, Türkiyəyə ixrac olunur. Rəsmi məlumatlara görə, bu ilin yanvar-mart aylarında Azərbaycandan 938 milyon 931 min kubmetr təbii qaz ixrac olunub. İlin birinci rübündə ixrac olunan təbii qazın dəyəri 168 milyon 372 min ABŞ dolları təşkil edib. Hətta 2040-cı ilədək Azərbaycandan qaz ixracının hər il 9,1 faiz artacağı bildirilir. Bu Qaz İxrac edən Ölkələrin Forumunun "Global Gas Outlook" hesabatında qeyd olunub. Hesabata görə, Azərbaycanın qaz ixracı potensialı bugünkü göstəricilərlə müqayisədə 48 milyard kubmetr artacaq. Belə olan halda bəs biz niyə qazsız qalırıq? ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Cebhe.info-ya açıqlamasında bildirib ki, qaz borularında yaranan problemə görə Birliyin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib: “Bu da bəzi yerlərdə “mavi yanacağ”ın verilişiində çətinliklər yaratdığından şəbəkəyə verilən təbii qazın həcmi artırılıb. Qazın həcmi artırıldıqdan sonra qurumun əməkdaşları tərəfindən qaztənzimləyicilər vasitəsilə tənzimlənmə işləri aparıldıqdan sonra fərdi şikayətlər istisna olmaqla mavi yanacağın verilişində hər hansı çatışmazlıq yaşanmır”. Ötən br neçə gündə havanın kəskin soyuduğunu xatırladan İbrahim Kərbəlayev aprelin 14- 15-i ilə müqayisədə təbii qazın verilişində 2 milyon 856 min kub metr artım olduğunu deyib. Qazın azaldılmasının yay rejiminə keçidlə bağlı olub-olmamasına gəlincə, “Azəriqaz” rəsmisi bildirib ki, qış-yay rejimlərinə keçıd İstehsalat Bilrliyində şərtidir. İstehlak artdıqca qaz da artırılır. Bu, rəsmi açıqlamadır. Bəs ekspertlər qaz çatışmazlığını necə izah edir? Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Cebhe.info-ya açıqlamasında qaz çatışmazlığının səbəbinin qaz itkisi (bir sıra böyük şirkətlər işlətdiyi qazın dəyərini ödəmir, digərləri əlavə xəttdən istifadə edir, borclu qalır və s.- müəllif) ilə bağlı olduğunu deyir. Şəxsi mənbələrindən əldə etdiyi rəqəmlərə əsaslanan Mirvari Qəhrəmanlının sözlərinə görə, mart ayında “Azəriqaz” İstehsalat Birliyinin Bakı regional xidmət sahələrində təqribən 75 min kub metr, (74, 958908), regional xidmət sahələrində isə 36 min kub metr qaz yoxa çıxıb. Bakı üzrə ən çox itki Sabunçu rayonunda olub – 29 faiz. Regionlardan isə Lənkəran rayonu öndədir. Burada qazda 17 faiz itki olub. Ümumiyyətlə, mart ayı üzrə qaz itkisi 111,683,345 kub təşkil edib: “Güman edirdik ki, bunun cəzasını əhali çəkəcək. Belə də oldu. Seçkidən dərhal sonra əhali qazsız qaldı. Bilirsiniz ki, istehlakçı ilə istehsalçı arasında müqavilə imzalanır. Burada göstərilir ki, istehsalçı qazla təmin edir, istehlakçı isə bunun dəyərini ödəyir. Təəccüblü orasıdır ki, bu vaxtadək heç kim “Azəriqaz”ı öz istehsalçı öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə vermədi. Müqavilədə göstərilir ki, qurum 24 saat abonenti standartlara uyğun qazla təmin edəcək. Hər hansı bir qurum öhdəliyini yerinə yetirməyəndə cəzalanmalıdır. Çoxsaylı qaz istehlakçısı qarşısında “Azəriqaz” öz öhdəliyini yerinə yetirməyib”. Mirvari Qəhrəmanlı hesab edir ki, bununla əlaqədar əhali məhkəməyə müraciət etməlidir: “Onu da qeyd edim ki, “Azəriqaz” heç vaxt məhkəmələrə pul vermir. Yəni, bu şikayət qəbul olunacaq və baxılacaq. Bunu şəxsi təcrübəmdən bilirəm. Seçkidən sonra bu qədər əhalini narazı salmaq “Azəriqaz”ın siyasətini biruzə verir. Bu, o deməkdir ki, müxalifət lazım deyil. Ölkədə sosial narazılığın yaradılması ən ağır müxalifətçilikdir. Bu oyunlardan sonra “Azəriqaz”ın rəhbərliyi öz kamandası ilə istefa verməlidir”. Geri qayıt |