Əsas Səhifə > Gündəm, Manşet > Tağı Əhmədovun hakim oğluna sərt ittihamlar

Tağı Əhmədovun hakim oğluna sərt ittihamlar


13-03-2018, 08:29
Tağı Əhmədovun hakim oğluna sərt ittihamlar
6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Sahib Qüdrət oğlu Ağayev “Yeni Müsavat”a məktub yollayıb. S.Ağayev ölkə başçısının imzaladığı qanunların hakim və dövlət ittihamçıları tərəfindən layiqincə icra edilməməsindən şikayətçidir.

CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilən S.Ağayev yazır ki, hökm üzrə tərəfindən vurulmuş ziyan 18 min 957 manat təşkil edir: “10 fevral 2017-ci il tarixdə prezident tərəfindən məhkumların həyatında böyük dəyişiklik edəcək yüksək səviyyəli və professional şəkildə düşünülmüş bir sərəncam imzalandı. Sərəncamın əsas məqsədi cinayət törədən insanlara səhvlərini düzəltmək üçün şəraitin yaradılmasıdır. Bu istiqamətdə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə ”azadlığın məhdudlaşdırılması" cəzasının alternativ olaraq sanksiyalara əlavə edilməsi və bu cəza növünə üstünlük verilməsi, azadlıqdan məhrumetmə cəza növünün müstəsna hallarda tətbiq olunması tapşırığı verilib.

Biz məhkumlar 1 ildir ki, bu sərəncamın icra vaxtını səbirsizliklə gözləyir, qeyd-şərtsiz icra olunmasına ümid bəsləyirdik. Lakin mənzərə tamam fərqlidir. 2 mart 2018-ci il tarixdə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqda” 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Qanununun tətbiqi və hüquqi tənzimləmə məsələlərinə dair ərizəmə 6 saylı cəzaçəkmə müəssisəsinin inzibati binasında Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə açıq məhkəmə iclasında baxıldı.

Məhkəmə iclasında sərəncam üzrə tapşırıq və tövsiyələri, yeni qanunun tətbiqi xüsusiyyətlərini rəhbər tutaraq ictimai dildə deyil, hüquqi dildə çıxış etdim. Əməlimin CM-in 177.2.4-cü maddəsinə tövsif olunduğunu, həmin əməlin az ağır cinayətlər kateqoriyasına aid olduğunu və prezident tərəfindən imzalanan sərəncamın 8, 10.2 və 10.5-ci bəndləri üzrə tapşırığı, 13.4-cü bəndi üzrə tövsiyəni rəhbər tutaraq barəmdə “azadlığın məhdudlaşdırılması” cəza növünün tətbiq olunmasını xahiş etdim. Hakim Rauf Əhmədov bildirdi ki, yalnız zərər ödənildiyi halda bu cəza növünün tətbiqi mümkündür. Baxmayaraq ki, hətta bu formada belə nəzərdə tutulsaydı, məndən əvvəl məhkəməsi olmuş və ziyanı tam ödəmiş şəxslərin heç birinə bu cəza növü tətbiq edilməyib.

Mən israrla “azadlığın məhdudlaşdırılması” cəza növü üzrə cəza çəkərək zərərin ödənilməsinin mümkün olduğunu, yəni həm azadlığın məhdudlaşdırılması cəza növü üzrə cəzanın icrası işinin, həm də ziyanın ödənilməsi işinin probasiya üzrə icra məmurları tərəfindən icra olunduğuna görə ziyanın ödənilməsi vəzifəsi ilə azadlığın məhdudlaşdırılması cəza növünün mümkünlüyünü bildirdim. Hakim Rauf Əhmədov heç bir əsaslı səbəb gətirmədən iddiamın qarşısında cavabsız qaldı. Hakim ərizəmi oxumadan məhkəmə iclasına çıxmışdı. Ən dəhşətlisi odur ki, Rauf Əhmədov Cəzaların İcrası Məcəlləsi üzrə probasiya məsələlərinin təsbit olunduğundan və həmin qanunun 1 yanvar 2018-ci il tarixindən qüvvədə olduğundan bixəbərdir".

Məhkum yazır ki, prezidentin imzaladığı sərəncamın 9-cu bəndi üzrə “Cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilsin, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməsin, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlər görülsün” qeydi var: “Müşahidələrimə istinadən bildirmək istərdim ki, Rauf Əhmədov başda olmaqla, Nizami Rayon Məhkəməsinin hakimləri yeni qanunu heç bir humanistlik göstərmədən, prezident sərəncamı üzrə tapşırıqlara məhəl qoymadan ən sərt şəkildə məcburi qaydada tətbiq edirlər. Daha doğrusu, vəzifələrindən sui-istifadə edərək korrupsiyaya şərait yaradırlar. Bu kimi hakimlər insanlarda ölkə rəhbərliyinə inamı sarsıdırlar. Bizim 1 illik gözləntilərimiz nəticəsiz qaldı.

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamın adından da göründüyü kimi, CM-in 10.3-cü maddəsinə əsasən, həmçinin əvvəllər məhkum edilmiş şəxslər üzrə də alternativ cəzaların tətbiqinə üstünlük verilməlidir. Lakin heç bir alternativ cəzalar tətbiq olunmur".

Məhkum Sahib Ağayev yazır: “Çox xahiş edirəm ki, korrupsiyaya şərait yaradan Rauf Əhmədov kimi hakimlər barəsində ciddi tədbirlər görəsiniz”.

Qeyd edək ki, hakim Rauf Əhmədovun adı əvvəllər də mətbuatda dəfələrlə hallanıb. Rauf Əhmədov sabiq metropoliten rəisi, hazırda YAP Yasamal təşkilatının sədri olan Tağı Əhmədovun oğludur.

Tağı Əhmədovun hakim oğluna sərt ittihamlar

Geri qayıt