Əsas Səhifə > Gündəm, Manşet > "DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq"
"DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq"9-03-2018, 10:02 |
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclasında dövlət qulluğu ilə əlaqədar görülmüş işlər müzakirə olunub. İclasda qeyd olunub ki, indiyə qədər ümumilikdə 1488, inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə edib. Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib. 2018-ci il yanvarın 11-də 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş 1450 namizədlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir. İndiyə qədər 11 yanvarda elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə 459 müsahibə keçirilib. Müsahibələrdə iştirak etmiş 175 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 284 namizəd isə vəzifə uyğun hesab edilməyib. Qeydiyyatdan keçmiş namizədlərdən 247-si müsahibələrdə iştirak etməkdən imtina edib, 231 namizəd isə müsahibələrdə iştirak etməyib. 5 nəfərin nəticəsi etibarsız hesab edilib. DİM sədri Məleykə Abbaszadə müsahibə mərhələsində əsas problemi açıqlayıb. Onun sözlərinə görə, problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb: “Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilib. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə, DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq”. Qeyd olunanlar nəzərə alınaraq qanunvericilikdə müvafiq dəyişikliklərin olunması üçün təkliflər hazırlanması və müvafiq orqanlara təqdim olunması zəruri hesab edilib. DİM sədrinin ifadə etdiyi bir tezisə diqqət çəkmək istərdik. “Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq”. Bu qurumu publik hüquqi şəxsə çevrilsə də, hər dəfə qurum sədri çıxışlarında maliyyə çətinliyi ilə üzləşdiklərini xüsusi olaraq qeyd edir. Bununla da qarşıda duran bütün imtahanların qiymətinin artacağına eyham vurur. Faktiki olaraq hazırkı imtahan qiymətləri əhalinin cibinə uyğun deyil. DİM rəhbərinin budəfəki açıqlaması təhsil almaq istəyənlərin qarşısında növbəti sədd xarakteri daşıyacaq. Doğurdanmı DİM publik hüquqi şəxs kimi öz təminatını ödəməkdə çətinlik çəkir, yoxsa bu bir maliyyə fırıldağıdırmı? Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, 2016-cı ilin aprel ayında publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi yarandı: “Bundan sonra dövlət büdcəsindən maliyyələşməyən bu qurum göstərdiyi xidmətlərə uyğun olaraq bütün maliyyə xərclərini hesablayıb xidmət haqları müəyyən edib. Bu o deməkdir ki, imtahanda iştirak edən iddiaçı tərəfindən göstərilən xidmətlərin haqqı ödənilir. Ona görə də, düşünürəm ki, qeyd olunan narahatlıq əsassızdır. Yəni dövlət qulluğuna qəbul olmaq üçün imtahan verəcək şəxslər tərəfindən bütün xərclər ödənir. Nəzərə alsaq ki, imtahanda iştirak edənlərin heç də hamısı müsabiqə şərtlərini ödəyib müsahibə mərhələsinə keçmir və DİM bundan kifayət qədər gəlir əldə edir”. Dövlət İmtahan Mərkəzinin maliyyə sıxıntısı yaşamasına gəlincə, ekspert bunun inandırıcı görünmədiyini vurğulayıb: “Çünki onlar kifayət qədər böyük əhatə dairəsi olan imtahanlar keçirir və böyük gəlir əldə edirlər”. Geri qayıt |