Əsas Səhifə > Gündəm, Manşet > “Eldar Mahmudovun adamları pul yığıb gedirlər”

“Eldar Mahmudovun adamları pul yığıb gedirlər”


6-02-2018, 09:20
“Eldar Mahmudovun adamları pul yığıb gedirlər”
Bakı əhli ucuzluğuna görə “Vosmoy” bazarını seçir. Neçə illərdir ki, burada qiymətlər başqa bazarlardan fərqlənir.

Şəhərdə supermarketlər, hipermarketlər açılsa da, ucuz kənd təsərrüfatı məhsulları, elektrik malları, inşaat materialları “Vosmoy” bazarında satılır deyə müştərilər bura üz tuturlar.

Düzdür, bazarda böyük bir “mafioz şəbəkə” dələduzluqla məşğuldur. Onlar çəkidə və keyfiyyətdə müştəriləri aldadırlar.

Məsələn, bazardan 5 kilo kartof alırsan, evə gəlib şəxsi tərəzidə çəkirsən, 2 kilo əskik gəldiyi məlum olur. Dəfələrlə bu cür halların şahidi olmuşuq.

Ona görə də sözügedən bazar etibarlı yer deyil. Buna baxmayaraq, “Vosmoy” bazarında qiymətlərin cəlbediciliyi müştəri axınına hələ də səbəb olur.

Bazarda kilosu 60 qəpiyə kartof, kilosu 7-8 manata mal əti, ucuz yağ, toyuq, şirniyyat, meyvə-tərəvəz, qoz-fındıq və s. tapa bilərsiniz.

Eləcə də min bir xırdavat, elektrik malları, tikinti materialları bazarda topdansatış və pərakəndə şəkildə ucuz qiymətə satılır.

Odur ki, əhalinin əsasən aztəminatlı təbəqəsi, marketlərin bahalığına yaxın dura bilməyən ailələr “Vosmoy”dan bazarlıq edirlər.

***

“Vosmoy” bazarı indiyə qədər MTN generallarının nəzarətindədir. Bazarda işləyən bələdçilərimizin sözlərinə görə, sabiq MTN şefi Eldar Mahmudovun adamları hər ayın hesabatını yığıb gedirlər.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun müavini olmuş Hilal Əsədovla MTN generalı, həbs həyatı yaşayan Akif Çovdarovun bölüşdürdüyü bazar onların kurasiyasından çıxmayıb.

Onlardan yer pulu yığanlar üzdə olan adamlardır, işin arxasında Çovdarovla Əsədovun yaxınları dayanır.

Hazırda bazarın 50 faizi H.Əsədovun arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə A.Çovdarovun qızı Aida Qasımovanın adınadır.

Bələdçilərimiz danışırlar ki, E.Mahmudovun bazarda böyük payı var. Ona görə 2015-ci ildə MTN ləğv olunsa da, “Vosmoy” bazarı 3 ilə yaxındır əl dəyişməyib.

Əslində həmin bazar “Maral Vega”MMC şirkətinin səhmdarları olan Cəfərov qardaşlarının olub və Mahmudovun “halallıq edin” tapşırığı ilə əllərindən alınıb.

Bazara gəldikdə isə gündəlik axarı ilə işləməkdədir. Arabaçılar arabasını, yükünü daşıyır, balıq, ət, toyuq satanlar müştərisini çağırır, kartof-soğan, meyvə-tərəvəz tacirləri klientlərini gözləyir, elektrik malları satanların başı möhkəm qarışıqdır və bütün bunların sonunda yer haqları alınır, bir “katyol”a çatır – MTN generallarının ailə üzvlərinin hesabına…

Geri qayıt