Əsas Səhifə > Gündəm, Manşet > Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır
Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır16-12-2017, 09:08 |
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dekabrın 15-də Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində yenidən dindirilib. Sabiq nazirlə bağlı istintaq hərəkətləri davam etdirilib. İstintaqın gedişi ilə bağlı yayılan məlumatlarda iddia edilir ki, Eldar Mahmudov ölkədən çıxarılan daha 1 milyard dolların taleyi ilə bağlı dindirilir. Bu 1 milyard onun oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülüb. Sayt yazır ki, istintaq prosesində yenilik də üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib. Yada salaq ki, Eldar Mahmudovu buna qədər Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə artıq 2 dəfə dindiriblər. Əvvəlki dindirmələrin əmisi oğlu və köməkçisi vəzifəsini daşımış Vüqar Mahmudovun cinayət işi çərçivəsində gerçəkləşdiyi bildirilirdi. V.Mahmudov ləğv olunmuş MTN Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləyib. Faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Polkovnik-leytenant Vüqar Mahmudov bu ilin noyabrında həbsə alınıb. O, nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan olunub. Barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Eldar Mahmudovun dekabrın 15-də istintaqda dindirilməsi ilə bağlı yayılan xəbərdən isə belə aydın olur ki, sabiq naziri ölkədən 1 milyard dollar çıxarılması ətrafında sorğu-sual ediblər. Mümkündür ki, keçmiş nazir həmin pulları ölkədən hazırda həbsdə olan əmisi oğlu Vüqar Mahmudovun vasitəsilə çıxarıb. V.Mahmudov bu il noyabrın 3-də həbs edildikdən sonra belə xəbərlər yayılmışdı ki, ondan Eldar Mahmudovun həbsinə əsas ola biləcək ifadələr alınıb. Bildirilirdi ki, V.Mahmudov E.Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “Azəriqazbank”a daşınıb. Məlumdur ki, “Azəriqazbank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir “vurulan”dan sonra Ç.Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. İstintaqda belə məlumatlar var ki, Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara Vüqar Mahmudovun rəhbərlik etdiyi iddia olunur. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını - qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb. Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı. Deyilirdi ki, yaxın zamanlarda Çingiz Əsədullayev də Vüqar Mahmudovun işi üzrə istintaqa dəvət edilərək həbs oluna bilər. Buna qədər də mətbuatda “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər bu kimi hallar barədə müxtəlif yazılar dərc olunurdu. Ç.Əsədullayev deputat olduğu dövrlərdə adı Beynəlxalq Bankın dövlətin milyardlarla manat vəsaitinin talan edilməsi üzə çıxdıqdan sonra gündəmə gəlmişdi. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. O dövrdə deputat olan bankir yayılan məlumatları təkzib etsə də, onun məhz Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Əsasən MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Belə xəbərlər də var ki, Eldar Mahmudovu “sağ əli” olan əmisi oğlunun ifadəsi əsasında həbs etmək istəyirlər. 2015-ci ilin oktyabrında “MTN işi” başladılan günlərdə bu xəbərlər yayılsa da, ötən 2 il ərzində məlumatlar araşdırılmamış qaldığı kimi görünürdü. İndi isə aydın olur ki, istintaq bu məsələləri araşdırmaqdadır. Bundan başqa həmin günlərdə “MTN işi”nin digər nazirliklərə sıçrayacağı da gözlənilirdi. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həqiqətən də araşdırmalar başlandı. Belə xəbərlər yayıldı ki, “MTN işi” araşdırması çərçivəsində Eldar Mahmudov çetesinin bir qolu da Vergilər Nazirliyinə uzanıb. Həmin günlərdə məsələ Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinin rəisi, general Vidadi Məmmədovun işdən çıxarılması və istintaqa cəlb olunması ilə məhdudlaşdı. Yayılan xəbərlərə görə, ölkədən iri məbləğlərin çıxarılması məsələləri paralel olaraq Vergilər Nazirliyinin işdən qəfil uzaqlaşdırılan rəhbərliyi - sabiq nazir Fazil Məmmədov və komanda üzvlərinin barəsində aparılan qeyri-rəsmi araşdırmaların mövzusudur. Fazil Məmmədovla Eldar Mahmudovun qarşılıqlı dəstək şəkilində ölkədən iri məbləğlərin çıxardıqları iddia olunur. Xatırladaq ki, Fazil Məmmədov işdən qəfil çıxarılandan sonra onun ölkədən 4 milyard 500 milyon manat pul çıxarması haqda iddialar yayılıb. Sonrakı məlumatlarda Fazil Məmmədovun ölkədən “qara pul” transferlərində Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi işləmiş Samir Qurbanovun, qardaşı “ATA-Holdinq”in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun və digər qardaşı Rəfael Qurbanovun əlaqələrindən istifadə etdiyi deyilirdi. Bildirilirdi ki, Q.Qurbanov vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biridir. Onun xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olur. “ATA Holdinq”in Müşahidə Şurasının üzvüdür. Həmçinin qeyd olunurdu ki, Fazil Məmmədov Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə edib. Qeyd olunurdu ki, 2013-cü ildə Samir Qurbanov Vergilər Nazirliyində işdən çıxarılandan sonra tabel silahı ilə Vergilər Nazirliyinin əsas giriş qapısına, video kameralara atəş açıb. Bundan sonra Fazil Məmmədov onu həbs etdirib. Amma onu çox həbsdə saxlaya bilməyib. Belə ki, Samir Qurbanov və qardaşı Fazil Məmmədovu Xaləddin İsgəndərovun gizlinlərini ictimailəşdirməklə təhdid ediblər. Bildiriblər ki, onların iştirakı və üzərlərindən gerçəkləşdirilən maxinasiyalar haqda danışacaqlar. Həmin vaxt mətbuatda Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlamışdı. Bundan sonra vergilər naziri çetesi daxilində yaranan ciddi problemin sülh yolu ilə həlli istiqamətində addımlar atıb. İlk addım kimi də Samir Qurbanovu həbsdən çıxartdırıb. Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış İdarəsinin rəisi işləmiş Samir Qurbanovun azad olunandan sonra ölkədən getdiyi haqda da xəbərlər var. Mümkündür ki, Fazil Məmmədovla əlaqəli aparılan səssiz araşdırmaların bir elementi də bu məsələ olsun. Vergilər Nazirliyinin sabiq rəhbərliyi haqda araşdırmalar rəsmi xarakter alarsa, Qurbanovların əli ilə görülən qara işlər də üzə çıxacaq. Ən azı istintaq materiallarında yer ala bilər. Mümkündür ki, sabiq nazirlərin - Eldar Mahmudovla Fazil Məmmədovun işi bir icraatda birləşdirilsin. “Yeni Müsavat” Geri qayıt |