Əsas Səhifə > Gündəm, Manşet > Onu əvəz edən tapılmır

Onu əvəz edən tapılmır


5-12-2017, 08:36
Onu əvəz edən tapılmır
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) seçilməsi ilə bağlı məsələ bu sessiyada da müzakirəyə çıxarılmayacaq. APA-nın məlumatına görə, ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasına qədər təxirə salınıb. Qərar layihəsinin gələn il müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda hazırda insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni ombudsmanın seçilməsi ilə bağlı layihənin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Yeni ombudsman seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir. O, iki dəfə - 2002 və 2010-cu illərdə ombudsman seçilib.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında 3 namizəd arasından Milli Məclis tərəfindən seçilir. Azərbaycan Respublikasının Milli Məclisinin müvəkkil seçməsi ilə bağlı qərar qəbul edilmədikdə, prezident 15 gün müddətinə digər 3 şəxsin namizədliyini Milli Məclisə təqdim edir. Əgər bu dəfə də seçilmirsə, yenidən digər 3 şəxsin namizədliyi təsdiq edilə bilər.

Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqları sahəsində təcrübəyə, yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı ombudsman vəzifəsinə seçilə bilər. İkili vətəndaşlığı olan başqa dövlət qarşısında öhdəliyi olan qanunvericilik icra və məhkəmə hakimiyyət sistemində qulluq edən (yaradıcılıq fəaliyyəti istisna olmaqla) ödənişli fəaliyyətlə məşğul olan, xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz. Həmçinin, müvəkkil heç bir siyasi partiyanın da üzvü ola bilməz.

Bəs ombudsmanın səlahiyyətləri nələrdir? Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə prezidentinə təkliflər verə bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkə bilər. 2015-ci ildə qanuna edilən dəyişiklikdən sonra Ombudsman Aparatının səlahiyyəti artırılıb. Belə ki, dəyişikliyə görə, aparatda milli preventiv qrup yaradılıb və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər. Qanuna görə, müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

“Ombudsman haqqında” Konstitusiya Qanununun 19-cu maddəsinə əsasən, müvəkkilin, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir. Həmçinin müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz. Məlumat üçün bildirək ki, Ombudsman Aparatının rəhbəri 2025 manat maaş alır.

“YM”

Geri qayıt