Əsas Səhifə > Gündəm, Manşet > “Şüşəli bazar” sahibinin ölümündə Ziya Məmmədov izi
“Şüşəli bazar” sahibinin ölümündə Ziya Məmmədov izi4-12-2017, 09:00 |
Bakıda iş adamı Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik rəsmən açıqlanmayıb. Olay iş adamının Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisindəki şəxsi mənzilində qeydə alınıb. Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Mərhum Bakının Yasamal rayonu ərazisində yerləşən və “Şüşəli bazar” kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi idi. “Şüşəli bazar” sovet dönəmində Bakının Yasamal rayonunda tikilmiş ən məşhur ticarət obyektlərindən olub. Vaxtilə yüzlərlə insanın çalışdığı bazar 2005-ci ildə fəaliyyətini dayandırıb, satıcılar və işçilər buranı tərk edib. Q.Quliyev həmin dövrdən işsiz qalıb. Onun bazarı qanunsuzluqla əlindən alınmasına görə o dövrdə müxtəlif qurumlara müraciətlərinin olduğu deyilir. Bildirilir ki, Q.Quliyevin mübarizəsi nəticəsiz qalıb. 2010-cu ildə obyekt hasara alınıb. 2012-ci ilin aprel ayında isə bazar dağıdılıb. Araşdırmalarımız nəticəsində o da məlum olub ki, ticarət mərkəzinin layihəsi “ARGON” MMC-yə məxsus olub. Mərkəzin tikintisini isə “GLASS Plaza” MMC sifariş verib. O da məlum olub ki, sabiq nazir Ziya Məmmədova məxsus olmuş Bakı Beynəlxalq Avtovağzal Kompleksinin, ZQAN Holdinqin inzibati binasını, “Delfin” oteli, “Kəhrəba” restoranını və “Baghlan Group” FZCO-nun ofisinin layihəsi də “ARGON” MMC-yə məxsusdur. Bu, bazar sahibinin intiharında müəyyən ipucları verir. Belə iddialar var ki, “Şüşəli bazar” mübahisəsində və onun dağıdılmasında Ziya Məmmədovun iştirakı var. Məhz onun ucbatından Qulu Quluyevin bazarı əlindən çıxıb və müflis olub, sonda isə depressiyaya düşərək canına qıyıb. Ziya Məmmədovun adı Q.Quluyevin intiharına qədər də çoxsaylı ölüm işlərinə qarışıb. İş adamı Füzuli Qasımovun Yasamal rayonunda yerləşən ofislərdən birində müəmmalı ölümündən sonra da sabiq nəqliyyat nazirinin adı gündəmə gəlmişdi. Məlum olmuşdu ki, F.Qasımovun Ziya Məmmədovun ailə şirkəti, oğlu Anar Məmmədovun idarə etdiyi “Garant holdinq”lə məhkəmə çəkişməsi olub. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilmişdi ki, 1974-cü il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti 2015-ci il martın 11-də, səhər saat 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkar olunub. Odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlansa da, sonradan iş xitam olundu. Yaxınları isə onun intihar etməsinə şübhə ilə yanaşırdılar. Deyirlər ki, F.Qasımovda silah olmayıb. Bu, şübhələrin heç də əsassız olmadığını söyləməyə əsas verir. F. Qasımovun tikinti obyektlərini əsasən sementlə təchiz etdiyi bildirilir. Qeyd edilir ki, onun tərəfdaşlarından biri ilə aralarında maliyyə məsələləri ilə bağlı ciddi mübahisə yaranıb. F.Qasımov tərəfdaşından yaranmış 500 min dollarlıq borcun qaytarılmasını tələb edib. Müəmmalı ölümündən əvvəl ciddi problemləri, daha konkret desək, bəzi biznes tərəfdaşları ilə pula görə mübahisələri yaranıbmış. Həmin tərəfdaşlarının F.Qasımova 500 min dollar borcu varmış. Mübahisə də buna görə yaranıbmış. F. Qasımov Bakıda tanınmış iş adamlarından olub. Ona məxsus olan və Goranboyda yerləşən “Goranboy gips” 2 il əvvəl zorakılıqla əlindən alınıb, buna görə iş adamının külli miqdarda borcu yaranmışdı. “Yeni Müsavat” 2012-ci ildə “Nazir oğlunun şirkəti ”Goranboy Gips"i ələ keçirdi" sərlövhəli yazıda bu haqda məlumat verib. Həmin yazıdan bəzi hissələri təqdim edirik. Həmin vaxt Füzuli Qasımov qəzetimizə demişdi: “Ziya Məmmədov milyardlarını artırmaq üçün qabağına çıxan obyektləri ələ keçirir. Müəssisəmizin işini zor gücünə dayandırdılar. Bu adamlar üçün məhkəmə qərarları sadəcə kağız parçasıdır. Bütün qanuni vasitələrdən istifadə edib bizə qarşı atılan qanunsuz addımlara qarşı mübarizə aparacağıq”. F.Qasımovun rəhbərlik etdiyi “Goranboy Gips” ASC tikinti materialları bazarında xüsusi çəkisi olan müəssisə olub. Müəssisə 1992-ci ildə işə başlayıb, 2001-ci ildə II Özəlləşdirmə Proqramı zamanı özəlləşdirilib. 2006-cı ildə F.Qasımov qondarma ittihamla saxlanılıb, ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası iki mərhələdə F.Qasımovdan alınaraq “ZQAN Holdinq”ə (hazırda “Garant” Holdinq adlanır - E.M.) daxil olan “Azbentonit” MMC-yə verilib. Müəssisənin 50 faiz səhmi təzyiqlə ondan alınaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan “ZQAN”a verilib. Bir müddət əvvəlsə ASC-ni Qasımovdan tam almaq üçün qarşı tərəf addımlar atmağa başlayıb. Belə bir vaxtda F.Qasımov müəmmalı şəkildə ofisində dünyasını dəyişmişdi. Maraqlıdır ki, sabiq nazirin adı hallanan çoxsaylı cinayət işləri bu gün də araşdırılmamış qalmaqdadır. \\musavat.com\\ Geri qayıt |