Əsas Səhifə > Gündəm, Manşet > Yeni başçının kimliyi ilə bağlı daha bir İDDİA
Yeni başçının kimliyi ilə bağlı daha bir İDDİA23-11-2017, 09:23 |
Dörd aydan artıqdır boş qalan Bakının Yasamal rayonunun İcra Hakimiyyətinin başçısı postuna bugünlərdə təyinat gözlənilir. AZXEBER.COM-un məlumatına görə, Yasamala kimin rəhbərlik edəcəyi məsələsi artıq dəqiqləşib. Bu haqda KİV-də məlumat verilib. Məlumata görə, yeni icra başçısı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın şəxslərdən biridir. Belə ki, Qaradağ rayonunda başçı olan Süleyman Mikayılov Yasamal rayonuna gətirilir. İcra başçısı bununla bağlı artıq yaxın ətrafına da məlumat verib və yaxın günlərdə təyinat rəsmiləşəcəyini deyib. Mətbuatda yazılanlara görə, Yasamal rayonuna başçı olmaq iddiasında olan xeyli məmur olub. Bu günə qədər 20-yə yaxın şəxsin adı hallansa da, görünən odur ki, hazırda bu posta ən iddialı şəxs Kəmaləddin Heydərovun ən yaxın və ən etibarlı kadrlarından hesab edilən Süleyman Mikayılovdur. Fövqəlnazir həm də bu təyinatla son zamanlar haqqında mediada gedən neqativ yazılara cavab vermək iddiasındadır. Qeyd edək ki, Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir. Ailəlidir, iki övladı var. Geri qayıt |