Əsas Səhifə > Gündəm, Manşet > Eldar Mahmudovu hansı işlərə görə dindirirlər?
Eldar Mahmudovu hansı işlərə görə dindirirlər?21-11-2017, 08:48 |
İki ildən artıqdır ki, davam edən “MTN işi”nin sonunda, sıra sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova da çatdı. O da digərləri kimi istintaqa çağırıldı, dindirildi. Durumu şərh edən ictimai şəxslər arasında Mahmudovun həbs ediləcəyinə inananlar və bunun əksini söyləyənlər də az deyil. Lakin E.Mahmudovun Baş Prokurorluğun İstintaq İdarəsindən çıxan zaman çəkilən fotoları yayıldıqdan sonra onunla bağlı yazılanlar ölkə gündəmini zəbt edib. Azərbaycanın təhlükəsizlik sisteminə ciddi zərbə vuran E.Mahmudovun adı bir çox cinayətlərdə hallanır. O, nazir vəzifəsindən azad edildikdən sonra onun qanunsuz əməllərindən zərər çəkənlər mətbuat vasitəsilə müvafiq qurumlara müraciət edib, kömək istəyirdilər. Zərərçəkmişlər ötən 2 il ərzində bir qədər sakitləşsələr də, sabiq nazirin həbsinin gündəmə gəlməsi onları da aktivləşdirib. Ümumilikdə isə hazırda bütün arqumentlər Mahmudovun əleyhinədir. Belə olan məqamda onu nə gözləyir? “Yeni Müsavat”a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, Mahmudovun həbs ediləcəyinə inanmır: “Əvvəla, onu qeyd edim ki, Eldar Mahmudovun istintaqa çağırılması qanunauyğun bir haldır. Doğrudur, ictimaiyyətdə bu hadisə rezonans doğurdu, mətbuatda yazılar dərc olundu. Ancaq burada hüquqi baxımdan qeyri-adi hal yoxdur. Çünki bu adamın rəhbərlik etdiyi qurumun yüksək rütbəli zabitləri həbs olunublar. Belə çıxır ki, həbs edilənlər Mahmudovun götərişlərini icra ediblər. Güc strukturlarında qayda belədir ki, qurumun rəhbərinin göstərişi olmadan, aşağı rütbəli şəxs hansısa özbaşına hərəkəti edə bilməz. 23-24 nəfər tutulubsa, Mahmudov da istintaqa cəlb olunmalı idi. Ancaq məlumdur ki, qurumun əməkdaşlarının bir çoxunun artıq məhkəmə prosesi də yekunlaşıb. İndiki məqamda Eldar Mahmudovu istintaqa çağırmaq isə daldan atılan daş kimidir. ”Daldan atılan daş topuğa dəyər". Onun istintaqa çağırılması hesab edirəm ki, heç də həbsinə dəlalət edən faktor deyil. Əgər Mahmudov həbs etmək istəsəydilər, indiyə qədər bunu edərdilər. Görünür, ortaya hansısa məsələ çıxıb. Və yaxud da publikaya nəyisə göstərmək istəyirlər. Məncə, onu həbs etməyəcəklər. Məhkəmə istintaqı və ya ibtidai istintaq zamanı o çağırılıb, dindirilməli idi. Uzun bir müddət sonra çağırılması isə bir az anormal görünür". Ekspert hesab edir ki, əgər Mahmudov həbs olunarsa, ona digər zabitlərin cəzasından ağır cəza veriləcəyini də söyləmək olmaz: “Prokuror hər zaman yüksək cəza təyin etmək istəyir. Məhkəmə isə bir qədər yüngül cəza verir. Bu zaman, qanuna görə, şəxsin ailə vəziyyəti, səhhəti nəzərə alınmalıdır. Məhkəmə də bu kimi faktorları nəzərə alıb, prokurorun istədiyi cəzadan yüngülünü verə bilər. Doğrusu, indidən Mahmudovun nə qədər cəza ala biləcəyini konkret söyləmək olmaz. Çünki ittihamlar sübuta yetirilməlidir. Qanuna görə, ittiham aktı tərtib olunmalı, prokuror onu təsdiqləməlidir. Fantastik səslənsə də, bəlkə elə Eldar Mahmudov sübut elədi ki, Çovdarov və ya digərləri onun tapşırığı ilə bərabər, özbaşına addım ataraq qaydaları pozublar. Düşünürəm ki, indiki məqamda Mahmudov istintaqa şahid kimi dəvət olunub. Əgər ona ittiham elan etsəydilər, bu məlumat kənara çıxardı. Burada məsələ başqadır. Çox güman ki, onu yeni epizodlar üzrə istintaqa cəlb ediblər. Çünki köhnə epizodlar üzrə artıq proseslər yekunlaşıb. Əgər o, başqa bir məsələyə görə çağırılsaydı, o zaman məhkəmə prosesinə dəvət olunardı. İstintaqa dəvət olunursa, deməli, yeni istintaq proseslərinə görə dindirilir. Eldar Mahmudov böyük sirlər bilir. Onlar çox oyunlardan çıxıblar. Əsas da qurumun rəhbəri olaraq hər şey Eldar Mahmudova məruzə olunub. Deməli, o, daha çox məlumata sahibdir. Böyük sirlər bilən adamla isə istənilən halda ehtiyatla davranmaq lazımdır və belə də edirlər”. Geri qayıt |