Əsas Səhifə > Gündəm, Manşet > Avropa Birliyindən Azərbaycanın mövqeləırini gücləndirəcək YENİLİK
Avropa Birliyindən Azərbaycanın mövqeləırini gücləndirəcək YENİLİK1-11-2017, 09:05 |
Xəbər verildiyi kimi, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin (AB) növbəti “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirakı gözlənilir. O da bəllidir ki, AB ilə Ermənistan arasında çərçivə sazişi öncə deyildiyi kimi, sammit çərçivəsində yox, bir qədər sonra imzalanacaq. Azərbaycanla analoji anlaşma sənədinin müzakirəsi isə ilin sonunadək bitməlidir. Ermənistana gəlincə, ləngimənin səbəbləri haqda yazmışıq. Səbəblər sırasında Dağlıq Qarabağla bağlı xüsusi bəndin olduğu da istisna edilmir. Məsələ ondadır ki, rəsmi İrəvan həmin ikitərəfli sənədə ölkələrin ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinin də salınmasına çalışır. Bu isə avtomatik şəkildə Azərbaycanla AB arasında müzakirələrin tormozlanması təhlükəsi yarada bilər. Çünki Bakı öz şərtini prezident İlham Əliyevin dilindın artıq bəyan edib: çərçivə sənədində ölkələrin ərazi və sərhəd bütövlüyünün toxunulmazlığı birmənalı şəkildə əksini tapmalıdır. ***** Bu üzdən qarşıdakı sammit həm Azərbaycan, həm də işğalçı Ermənistan üçün kritik anlam daşıyır. Daha bir səbəbdən: iş ondadır ki, Brüssel sammitinin yekun bəyannaməsində də ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının əks olunması gözlənilir. Yeri gəlmişkən, Kataloniya presedentindən sonra AB üçün bu prinsip indi qat-qat böyük dəyərdədir. Əks halda, üzv ölkələrdə separatçılıq zəncirvari reaksiya kimi güclənə və hətta təşkilat dağıla bilər. Ermənistanı ən çox təlaşlandıran da budur - Avropada, Qərbdə antiseparatçı ovqatın güclənməsi və bu ovqatın Azərbaycanın xeyrinə Qarabağ məsələsinə də yansıması. Bununla bağlı erməni nəşri “Jamanak”ın dünənki sayından gedən məqalə diqqət çəkir. Musavat.com-un məlumatına görə, nəşr Ermənistan üçün pis gözləntilərlə bağlı yazıb: ““Jamanak”ın əldə elədiyi məlumata görə, noyabrın 24-də Brüsseldə AB sammitinin yekununa dair qəbul ediləcək qətnamənin 2-ci bəndində Avropa Birliyinə üzv dövlətlərin “Şərq tərəfdaşı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsi nəzərdə tutulur. Qətnamənin bu hissəsi AB üzvü İspaniya və ötən bazar öz müstəqilliyini elan eləmiş Kataloniya üçün çox mühümdür. Ərazi bütövlüyü haqda bənd həmçinin, “Şərq tərəfdaşlığı”nın üç üzv ölkəsi - Ukrayna, Azərbaycan və Gürcüstan tərəfindən müdafiə olunur. Ermənistan isə öz növbəsində nəyin bahasına olur-olsun, qətnaməyə belə bir müddəanın da daxil edilməsinə çalışır: “Sammit Minsk Qrupunun Dağlıq Qarabağ konfliktinin nizamlanmasına yönəlik səylərini dəstəkləyir”. Lakin bu, praktik olaraq, qeyri-mümkün görünür". ***** İrəvanın təlaşı əslində boşuna deyil. Ona görə ki, Minsk Qrupu həmsədrlərinin mövqeyi hələ ki daha çox İrəvanı qane edir, nəinki Azərbaycanı. Çünki hüquqi sənəd şəkli almasa da, vasitəçilər bir qayda olaraq “üç həll prinsipi”ndən danışırlar - hansıların arasında ki, öz müqəddəratını təyinetmə haqqı da yer alır. Buradaca onu da yada salaq ki, Dağlıq Qarabağdakı qondarma rejimin cinayətkar təmsilçiləri bu arada, yəni Brüssel sammiti ərəfəsində qabaqdan gəlmişik edərək, Kataloniyanın müstəqilliyini müdafiə edən açıqlamalar veriblər. Onların bəziləri hətta Kataloniyaya gedərək, separatçı həmkarlarına həmrəylik nümayiş etdiriblər. Necə deyərlər, bumeranq effekti isə artıq başlayıb: Kataloniya presedenti işğalçı ölkə əleyhinə işləməyə başlayıb. Üstəlik də AB separatçılığa daha bir zərbə olacaq qətnamə qəbul etməyə hazırlaşır. Bu da Azərbaycanın maraqlarına tamamilə uyğundur və Qarabağ məsələsində Bakının daha uğurlu mövqe qazanmasına gətirə bilər. Şübhəsiz, İrəvan onun da fərqindədir ki, Rusiyanın vassalı və bölgədəki yeganə forpostu Ermənistandan fərqli olaraq, müstəqil siyasət yürüdən Azərbaycan AB üçün qat-qat mühüm önəmdədir. Təkcə Azərbaycanla bağlı, Avropanın Rusiyadan energetik asılılığını azaldacaq böyük qaz layihələrini yada salmaq yetər. Bu mənada böyük ehtimalla, AB-nin Ermənistanın deyil, Azərbaycanın şərtini qəbul edəcəyi ehtimalı gerçəkdən də böyükdür. Bunu indi üstəlik, Kataloniyada baş verənlər diktə edir - hansı proseslərdə ki, Rusiyanın “barmağı” olduğu da AB üçün sirr deyil. ***** Diqqət çəkən məqamlardan biri də məhz bu ərəfədə - sammitə 9 gün qalmış (15 noyabr) Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya səfərə hazırlaşmasıdır. Formal olaraq səbəb kimi Moskvada başlanacaq “Ermənistan günləri” göstərilir. Lakin çətin ki, Sərkisyan sırf mədəni tədbirə görə Rusiyaya getməyi tərcih eləsin. Böyük ehtimalla, əsas hədəf Brüssel sammiti öncəsi onun öz sahibi - Rusiya prezidenti Vladimir Putinlə bir daha “saat əqrəbləri”ni tutuşdurmaq, Kreml başçısından son tövsiyələri almaqdır. Putinin mövqeyi isə Sərkisyandan ötrü indi həm də apreldəki baş nazirlik postuna yiyələnmək üçün önəm kəsb edir. Bu da var ki, Rusiya öz satelliti Ermənistanın hər hansı şəkildə AB ilə yaxınlaşmasında maraqlı deyil. Bəzi erməni şərhçilərinə görə, bu və digər səbəblərdən qarşıdakı səfər zamanı Sərkisyan növbəti dəfə Kreml qarşısında AB ilə imzalanması gözlənilən sənədlə bağlı öz “məzənnəsini” qaldırmağa çalışa bilər. ***** Beləcə, Azərbaycan və Ermənistan üçün kifayət qədər psixoloji gərginlik vəd edən kritik ay başlayır. Bir şeyə şübhə yox ki, sammitdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazi bütövlüyü prinsipi ilə bağlı yekdil mövqe tutaraq, İrəvanın arzusunu puç edə biləcək... Geri qayıt |