Əsas Səhifə > Gündəm, Manşet > İki rayonun başçısından fermerlərə zərbə

İki rayonun başçısından fermerlərə zərbə


30-10-2017, 07:18
İki rayonun başçısından fermerlərə zərbə
Kürqırağı ərazidə yerləşən Saatlı, Sabirabad, Zərdab və Kürdəmir rayonlarında səpilən on min hektarlarla taxıl sahələri susuzluqdan əziyyət çəkir. Buna səbəb isə Kür çayından su vuran nasosların enerji təchizatının dayandırılmasıdır.

Kürdəmirin Şüşün kənd sakini, fermer Baha Mikayılovun “Yeni Müsavat”a verdiyi məlumata görə, artıq 10 gündən çoxdur ki, payızlıq taxıl əkinləri üçün son dərəcə zəruri olan son suvarmanı apara bilmirlər. Belə ki, bütün Kürqırağı ərazilərdə suvarma nasoslarının elektrik təchizatı əhalidən ayrılaraq vahid xəttə salınıb. Əkin sahibləri enerji pulunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarına ödəyir, sonuncular isə mərkəzləşmiş qaydada “Azərişıq” ASC-yə: “On gündən çoxdur nasoslara enerji verilmir. Təkcə Kürdəmirin Kür qırağında 32 kəndi var - hamısında suvarma nasosla aparılır. Bizim Şüşün kəndində min hektardan çox sahəyə taxıl səpilib. Bu vaxt üçün lazım olan suyu vura bilmirik, heç camaat evdə işlətməyə, mal-qaraya verməyə də su tapmır. Biz pulu su idarəsinə ödəyirik, heç kimin də borcu qalmayıb. Kimə üz tutduqsa, dedilər, bizlik deyil. Axırda ağsaqqallarla yığışıb Kürdəmir rayon İcra Hakimiyyətinə getdik, onlar da dedilər, bizlik deyil. Dünən səhər 500 nəfərədək adam yığışdıq ki, Şüşün kəndi ərazisində Zərdab-Kürdəmir yolunu bağlayaq. Dərhal Kürdəmir rayon Polis İdarəsinin əməkdaşları gəldi, sonra da başçının birinci müavini Tacəddin müəllim. Camaatla danışdı, yuxarılara kimlərəsə zəng vurdu. Dedi ki, məsələ həll olunacaq, nasoslara elə bu gün enerji veriləcək.”

Fermerin dediyinə görə, dünəndən enerji verildiyi deyilməsinə baxmayaraq, hələ də xətlərə su vurulmayıb: “Hələ gözləyirik, görək suyu verəcəklərmi. Verməsələr, birigün yenidən yığışıb yolu bağlayacağıq. Başqa yolumuz qalmayıb, min əziyyətlə əkdiyimiz sahələr yanıb gedir, ev-eşikdə işlətməyə su tapmırıq. İki dövlət qurumu öz aralarında hesablaşa bilmir, əziyyətini biz çəkirik.”

Qeyd edək ki, taxıl əkininin hər hektarına görə fermerlərə dövlət tərəfindən 40 manat, yanacaq və motor yağlarının istifadəsinə görə isə 50 manat subsidiya ödənilir. Fermerlər deyirlər ki, indi əkinlər zəruri suyu almasa, on min hektarlarla sahədə məhsuldarlıq ikiqat düşəcək, dövlətin də pulu boşuna xərclənmiş olacaq.

“Yeni Müsavat”a danışan zərdablı fermer isə bildirdi ki, enerji haqqının ödənməməsində rayon icra hakimiyyətləri daha çox məsuliyyət daşıyır: “Rayon su idarələri icra hakimiyyətlərinin nəzarətindədir. Onlar ödəmə deyirsə, ödəmirlər, ödə deyirsə, ödəyirlər. Amma icra hakimiyyətinə gedirsən, camaata deyirlər ki, bizlik deyil.” Fermerin dediyinə görə, onlara Kürqırağı rayonların su təchizatı sistemi üzrə enerji haqqı borcunun 1 milyon manata yaxın olduğu bildirilib.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev “Yeni Müsavat”a bildirib ki, oktyabrın 29-da əhalinin müraciəti nəzərə alınaraq su qurğularının elektrik enerjisi təchizatı bərpa olunub: “Noyabrın 10-dək Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli qurumlarına və rayon icra hakimiyyətlərinə vaxt verilib ki, borcun ödənməsi təmin olunsun. Həmin vaxta qədər ödənməsə, təchizat yenidən dayandırılacaq.”

İstirahət günü olduğu üçün Meliorasiya və Su Təsərrüfatı ASC və yerli qurumlarından telefonu qaldıran olmadı. Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt