Əsas Səhifə > Gündəm, Ana xəbərlər > Sarkisyan Cenevrədə verdiyi vədə əməl etmir

Sarkisyan Cenevrədə verdiyi vədə əməl etmir


23-10-2017, 16:44
Sarkisyan Cenevrədə verdiyi vədə əməl etmir
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa dair razılıq əldə olunsa da, düşmən tərəfi vədinə əməl etmir. Ötən gün Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov AzVision.az-a bildirib ki, namərdlik, xəyanət ermənilərə məxsus cəhətlərdir.

“Cenevrə görüşündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında qeyd olunmuşdu ki, görüş konstruktiv keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq barədə razılaşıblar. Cenevrə danışıqlarından dərhal sonra işğalçı dövlətin prezidenti bildirdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tabeliyində olmayacaq. Bu, onu göstərir ki, ermənilərlə danışıq, razılaşma mümkün deyil. Ermənilərə mütəmadi olaraq güc tətbiq edilsə, onlar məcbur qalıb, razılığa gələcəklər. Düşməni yerinə oturtmağın vaxtı çatıb”.

E.Məmmədov bildirib ki, təxribatlara bir dəfəlik son vermək üçün düşmən Azərbaycan torpaqlarından çıxarılmalıdır: “Bundan sonra gərginliyin azaldılmasına və qarşılıqlı əməkdaşlığa dair danışıqlar aparmaq olar. Bu, baş verməyincə Ermənistan tərəfi cəbhədə gərginliyin azaldılmasına dair razılaşmaya getməyəcək”.

Politoloq Sahil İsgəndərov hesab edir ki, Ermənistan tərəfinin növbəti dəfə ən yüksək səviyyədə görüşdən sonra verdiyi sözdən qaçması, sözünün üstündə durmaması, şifahi şəkildə də olsa əldə olunmuş razılaşmaları pozması təəccüblü deyil: “Çünki, bu erməni xəstəliyidir. Niyə Ermənistan cəbhə xəttində silahlı insidentlər törətməkdən, destruktiv mövqedən əl çəkmir? Məlum olduğu kimi Ermənistan prezidenti Serj Sarkisyan Cenevrə görüşündən dərhal sonra İsveçrədəki erməni diasporunun nümayəndələri ilə görüşüb. O, əslində görüşə yox, erməni diasporu qarşısında hesabata getdi. Dağlıq Qarabağ problemi yarandığı gündən Ermənistan müstəqil oyunçu olmayıb və olmayacaq. Münaqişə ilə bağlı atılacaq addımları beynəlxalq erməni diasporu müəyyənləşdirir. Bu baxımdan Serj Sarkisyanın fiqur kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərinə götürdüyü öhdəliklərin heç bir qiyməti yoxdur. Bunu özü də yaxşı bilir. Əsas qiymət onun əsl ağalarının sözüdür. Onlar isə Sarkisyana imkanı vermirlər ki, üzərinə götürdüyü öhdəliklərə əməl etsin”.

S.İsgəndərov qeyd edib ki, Ermənistan tərəfinin cəbhədə təxribatlara əl atmasının konkret səbəbi var: “Burada güdülən əsas məqsəd nədir? Bu görüşdən öncə Serj Sarkisyan təklif irəli sürmüşdü ki, təmas xəttində monitorinq missiyası və nəzarət mexanizmi yaradılsın. Əslində Ermənistan belə təxribatçı addımlarla buna nail olmaq istəyir. Ona görə də hər dəfə danışıqlardan sonra cəbhədə vəziyyəti gərginləşdirir. Azərbaycan tərəfi isə məcbur qalaraq buna cavab verir. Düşmən tərəfi bundan istifadə edərək iddia edir ki, guya Azərbaycan atəşkəsi pozur. Təəssüflər olsun ki, həmsədr dövlətlər və Ermənistanın havadarları məhz bu məsələyə diqqət yetirmirlər”.

Politoloq deyib ki, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliyə sadiq qalması nonsesdir: “Ötən ilin aprel hadisələri göstərdi ki, Azərbaycanın bu təxribatlara cavabı simmetrik yox, assimetrik olmalıdır. Aprel döyüşləri zamanı Azərbaycan ordusu birdən-birə hücuma keçmədi. Bu, uzun müddət davam edən erməni təxribatlarına Azərbaycan ordusunun tutarlı cavabı idi. Ermənilər ən çox buna çalışır. Ermənistan konkret olaraq bu məsələdə beynəlxalq erməni diasporunun göstərişi ilə oturub-durur. Ona görə onlar nə vaxt icazə versələr Ermənistan verdiyi sözün üzərində duracaq. Əks halda Ermənistan heç vaxt bunu etməyəcək. Ona görə də düşmən tərəfin üzərinə götürdüyü öhdəliyə sadiq qalması nonsesdir”.

Geri qayıt