Əsas Səhifə > Gündəm, Manşet > Bu gün MTN hadisələrinin iki ili tamam olur
Bu gün MTN hadisələrinin iki ili tamam olur17-10-2017, 08:16 |
Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən və ardınca MTN-də (artıq ləğv edilib) baş verənlərdən - həbslərə, təmizləmələrə başlanılmasından iki il ötür. Bu müddət ərzində ölkəmizin təhlükəsizlik strukturunda çox ciddi dəyişikliklər oldu. MTN işi ilə bağlı məhkəmələr hələ davam edir, generallar mühakimə olunur, eyni zamanda müzakirələr də bitmir. Buna səbəb də həmin hadisələrlə bağlı çoxsaylı müəmmaların, ziddiyyətli məqamların olmasıdır. MTN-ə 11 il rəhbərlik edən Eldar Mahmudovun hələ də həbs edilməməsi bir müəmma olaraq qalır. Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son iki ili bu cür dəyərləndirdi: “MTN-in ləğv olunub Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması çox yaxşı hal oldu. Azərbaycanın perspektivi, dünya ilə əlaqələri genişləndikcə kəşfiyyatın ayrı bir struktur olması vacibdir. Bu mənada kəşfiyyatın ayrılması çox yaxşı idi. Yeni rəhbərlik istər Mədət Quliyevin, istərsə də müavinləri və köməkçilərinin simasında olsun, faktiki olaraq sıfırdan başladılar. Nə mənada sıfırdan başladılar? 11 il üç aylıq orada hökm sürmüş - təxminən milis səviyyəsinə endirilmiş bir xüsusi xidmət orqanını yenidən dirçəltmək istər kadr, istərsə də, peşəkarlıq nöqteyi-nəzərindən çox çətindir. Amma bu istiqamətdə yeni rəhbərlik həqiqətən o işləri görür. Ən azı bilirik ki, əvvəlki kimi bir biznesmen qışqırmır ki, məndən kimlərsə pullar aldılar, ən azı xüsusi xidmət orqanının əli ilə. Xalqda inam yaratmaq lazımdır. Təbii ki, əsas istiqamət dövlətin təhlükəsizliyi olmalıdır. Bu istiqamətdə hansı tapşırıqlar varsa, onu yerinə yetirmək lazımdır. Terrorun qarşısını almaq da əsas vəzifəmiz olmalıdır. Bizim ətrafımızda, Yaxın Şərqdə terror tüğyan edir. Son iki ildə terrorçulara qarşı mübarizə çox yüksək səviyyədə gedib. Bəzi terror cəhdlərinin qarşısı alınıb, bəzi terrorçular öldürülüb. Bizə ən böyük təhlükə olacaq İŞİD-lə bağlı əməliyyatlar şəraitinə nəzarət edilir. Mədət Quliyev açıqlama verdi ki, 900 terrorçu var, onlardan 300-ü ölüb, 195-i vətəndaşlıqdan çıxarılıb. Bütün bunlar onu göstərir ki, əməliyyat şəraitinə kifayət qədər nəzarət olunur, informasiya mənbələrimiz var, informasiya mübadiləsi digər dövlətlərlə yaxşıdır. Amma yenə deyirəm ki, sıfırdan başlayıb bunları peşəkar xüsusi xidmət orqanı səviyyəsinə çatdırmaq çətindir. Qarşıda hələ illər var. Arzu edək ki, bizim üçün hər şey yaxşı olsun. Azərbaycanın son iki ili əvvəlki 11 ildən çox-çox yaxşıdır”. Təhlükəsizlik eksperti E.Mahmudovun həbs olunmamasına da toxundu: “Nəinki cəzalar, prosesin özü böyük narazılıq doğurur. İstintaqın özü, məsuliyyətə cəlb olunanların kifayət qədər olmaması, sona qədər cinayətin açılmaması, mütəşəkkil dəstənin üzvlərinin sona qədər açıqlanmaması, kimlərinsə kənarda qalması, kimlərinsə hələ də meydan sulaması çox böyük narazılıq doğuran səbəblərdir. Bunlar heç bir halda qənaətbəxş sayıla bilməz. Eldar Mahmudovun və istintaq idarəsinin rəisinin kənarda qalması tamamilə düzgün deyil. İttiham olunanlar ittiham tərəfini üzərlərinə çox gəlməkdə qınayır. Amma onlar demək istəyirlər ki, ”siz bilirsiniz yazılmamış qanunları, onun üçün də üzərimizə çox gəlməyə ixtiyarınız yoxdur". Yadınızdadırsa, Akif Çovdarov müstəntiqə demişdi ki, səndən böyüyə zəng vurub deyiblər. Mövcud vəziyyət bundan ibarətdir. Ona görə burada heç bir qənaətbəxş iş yoxdur. Ən çox narazılıq edən zərərçəkənlərdir. Onlar konkret olaraq kimlərinsə cəzalandırılmasını tələb edirlər. Çünki onlar dəqiq bilirlər ki, kim istəyib, nə qədər, özü də kimin adından. İşlər təəssüflər olsun ki, məhkəmədə də yarımçıq şəkildə həyata keçirilir. Bu proseslərdə kölgə istintaq və məhkəmənin üzərinə düşür. Bunlar Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətinə kölgə sala bilməz. Artıq onların bu qurumda nə təsirləri, nə də adamları var. Eldar Mahmudovun və digərlərinin layiqli cəzalanmaması səbəbindən insanlarda belə fikir formalaşacaq ki, demək, çapıb-talamaq olar, çünki cəza almaya bilərsən. Bu mənada Eldar Mahmudovun azadlıqda olmasının çox mənfi rolu var. Həbs edilən Akif Çovdarov, Səlim Məmmədov kimi şəxslərin məhkəmədə dediklərində ziddiyyətlər yox idi. Onlar, sadəcə, indiyəqədərki məhkəmələrinin bəzilərində söz atırlar ki, bizə qarşı tətbiq etdiyiniz cəza ağır olarsa, bizimlə “düzgün rəftar” edilməsə, biz çox şeyləri aça bilərik. Dəfələrlə bu hədələr olub, Akif Çovdarov, Səlim Məmmədov və Elçin Quliyev tərəfindən. Mənə elə gəlir ki, onlar öz məqsədlərinə də çatdılar. Onlara verilən, istənilən cəzalar olduqca zəifdir, çox yumşaqdır. Onların bu mesajları çox danışa biləcəklərini də sübut etdi. Özü də dedikləri çox açıq mesajlar idi. Eldar Mahmudovun üzərindəki həbs təhlükəsi hələ də sovuşmayıb, amma bu təhlükə yüksək səviyyədə deyil. Təhlükə hələ o həddə çatmayıb ki, o, hər gün həbs olunacağı zamanı gözləsin. Hər şeyi zaman göstərəcək". \\musavat.com\\ Geri qayıt |