Əsas Səhifə > Gündəm, Manşet > Yasamalda İbrahim Mehdiyevin qanunsuz tikintisi dayandırıldı

Yasamalda İbrahim Mehdiyevin qanunsuz tikintisi dayandırıldı


13-10-2017, 08:32
Yasamalda İbrahim Mehdiyevin qanunsuz tikintisi dayandırıldı
Yasamal rayonunda keçmiş icra başçısı İbrahim Mehdiyevin binaların həyətində 17 mərtəbəli bina tikintisinə dair sərəncamından 300 mənzil sahibinin Birinci Vitse-Prezidentinə şikayəti nəzarətə götürülüb. Xatırladaq ki, rayonun Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç.23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Müraciətdə keçmiş icra başçısı İ.Mehdiyevin həyətdə «ELİTE CİTY» MMC-ə hündürmərtəbəli bina tikintisinə icazə verilməsinə dair 21.06.2017-ci il tarixli sərəncamının ləğvi, yaşıllığın məhv edilməsinin qarşısının alınması və həyətin abadlaşdırılmasına göstəriş verilməsi xahiş olunmuşdu. Sakinlərin məlumatına görə müraciət Birinci Vitse-Prezident tərəfindən nəzarətə götürülərək aidiyyatı qurumlara məsələnin araşdırılması və müvafiq tədbir görülməsi tapşırığı verilib.
Həyətlərində 17 mərtəbəli bina tikilməsinə etiraz edən sakinlər Baş nazirin müavini Abid Şərifovun, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun və digər səlahiyyətli şəxslərin qəbulunda olublar. Nazirlər Kabinetinin Tikinti şöbəsində araşdırılan şikayətə dair bildirilib ki, Şəhərsalma və Arxitektura Komitəsinin razılığı olmadan rayon icra hakimiyyətinin başçısının çoxmənzilli və hündürmərtəbəli bina tikintisinə dair sərəncam verməsi özü-özlüyündə qanunsuzdur. Pilot layihə adı altında keçmiş başçı İ.Mehdiyevin belə qanunsuz sərəncamı imzalaması onun səlahiyyət həddini aşmasıdır, belə sənədlər tikintiyə əsas vermir. Sakinlərin bir qrupunu qəbul edən Dövlət Komitəsinin sədri Abbas Ələsgərov da təsdiqləmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin 01.05.2017-ci il, 16.05.2017-ci il, 10.07.2017-ci il, 25.07.2017-ci il tarixli məktubları ilə həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı bildirilmişdir. Lakin rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və ya tikinti şirkəti özbaşınalıq edərək tikinti aparırlarsa, bu, onların özlərinin məsuliyyətinə səbəb ola bilər.
***

Xatırladaq ki, sakinlərin Birinci Vitse-Prezidentə müraciətində «ELİTE CİTY» MMC-nin rəhbərliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin vəzifəli əməkdaşlarının, yüksək vəzifəli şəxslərin, o cümlədən, M.Əliyevanın adından istifadə edərək, guya, həyətdə bina tikilməsinin «yuxarılardan» tapşırıldığına dair təəssürat yaratması, bununla öz qanunsuz əməllərini pərdələməyə çalışmasından şikayətlənmişdilər. Prezident İlham Əliyevin göstərişinə əsasən 2016-cı ildə Bakı şəhərinin daha da abadlaşdırılması və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yerli icra hakimiyyətləri tərəfindən köhnə binaların sökülüb əvəzində yeni binaların tikintisi üçün pilot layihələrə başlanılmışdır. Şikayətçilər keçmiş icra başçısı İ.Mehdiyevin qanunsuz sərəncamını alan işbazların Prezidentin bu tapşırığından sui istifadəsinin qarşısının alınmasını xahiş etmişdilər. «ELİTE CİTY» MMC isə bütöv bir məhəllədə 3 böyük yaşayış kompleksi tikməyə cəhd edir. Tikinti şirkəti həyətdəki 3 ədəd cəmi 24 mənzil olan taxta evləri sökərək, guya, həmin sakinlərə mənzil verilməsi üçün həyətdə 17 mərtəbəli bina tikmək istəyir. Mehriban Əliyevaya müraciətdən sonra sakinləri qəbul edən aidiyayatı orqanlarda bildirilib ki, həyətdə çoxmərtəbəli binanın tikintisinin ləğv edilməsinə dair müvafiq göstəriş verilib. Həyətin abadlaşdırılması məsələsi isə müvafiq olaraq icra orqanlarının vəzifəsidir. Sakinlər onların müraciətinə diqqətlə yanaşıldığına görə Birinci-Vitse-Prezident M.Əliyevaya minnətdarlıqlarını bldirirlər. Onlar ümid edirlər ki, həyətdə taxta evlərin özbaşına sökülməsi ilə süni yaradılmış xarabazar da qısa müddət ərzində təmizlənəcək. Bu işin isə Yasamal Rayon İcra Hakimiyyətinin vəzifəsi olduğundan onlar icra başçısı əvəzi S.İslamovun qəbulunda olublar. S.İslamov isə sakinlərə bildirib ki, söküntü işlərini «ELİTE CİTY» tikinti şirkəti özbaşına edib, icra hakimiyyəti buna görə məsuliyyət daşımır. Tikinti şirkətindən isə rəhbərlik iş başında olmadığından həyətdəki zibilliyin yığışdırılmasına münasibət bildirilmir.
\\tezadlar.az\\
Geri qayıt