Əsas Səhifə > Gündəm, Manşet > Yevlaxın Maliyyə İdarəsinin rəisi Kürdəmirin başçısı ola biləcəkmi?

Yevlaxın Maliyyə İdarəsinin rəisi Kürdəmirin başçısı ola biləcəkmi?


11-09-2017, 10:22
Yevlaxın Maliyyə İdarəsinin rəisi Kürdəmirin başçısı ola biləcəkmi?
Kürdəmirin icra başçısı olmaq həvəsinə düşən Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyevin qarşısında ən böyük maneənin Vidadi İsayev olduğu bildirilir

Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev Kürdəmirə başçı getmək istəyir. AzFakt.com-un Yevlax və Bərdədədki mənbələrdən əldə etdiyi məlumata görə idarə rəisi bu münasibətlə uzaq qohumu, Aran Qarabağ rayonlarının qeyri-rəsmi qubernatoru sifətində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətçi düşüb. Əldə etdiymiz məlumatlara əsasən Rza Əliyev Kürdəmirdə öz vəsaiti hesabına yenidənqurma-abadlıq işlərinin aparması barədə Elmar Vəliyevə söz verib.

Lakin Yevlaxın Maliyyə İdarəsinin rəisinin qarşısına birdən birə maneə çıxıb. Belə ki, istər Bərdədəki, istərsə də Yevlaxdakı mənbələrimiz iddia edirlər ki, Bərdənin icra başçısı Vidadi İsayev qətiyyətlə və bütün gücü ilə Rza Əliyevin Kürdəmirə başçı yollanılmasına qarşı çıxıb. Mənbələr qeyd edir ki, Gəncəyə gedərək Elmar Vəliyevlə şəxsən görüşən Vidadi İsayev öz hamisindən xahiş edib ki, Rza Əliyevin Kürdəmirdə külli-ixtiyar sahib olmasına razılıq verməsin. Çünki bu bölgədəki icra başçılarının bir çoxunun xoşuna gəlməyəcək və istər Bərdədə, istərsə də Yevlaxda işlədiyi müddət ərzində bir çox qalmaqallarda adı hallanan Rza Əliyev heç də sadiq adam deyil və bütün hallarda qısa müddət sonra Elmar Vəliyevə də xəyanət edəcək. İddiaya əsasən Vidadi İsayev onu da qeyd edib ki, Rza Əliyev Elmar Vəliyevin başağrısına çevriləcək. Məlumata görə Vidadi İsayevi dinləyən Elmar Vəliyev öz növbəsində bildirib ki, o, bu məsələ də qərar verməyə tələsmir və digər namizədləri də götür-qoy edəndən sonra yuxarılarla məsləhətləşmələr aparacaq.

Qeyd edək ki, Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev 15 ilə yaxın müddətdə Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. Mətbuatın yazdığına görə bir neçə il əvvəl Vidadi İsayevlə Rza Əliyevin münasibətlərinin pozulması Rza Əliyevin Yevlaxa transfer olunması ilə nəticələnib. Mətbuatda dərc olunan və təkzib edilməyən məlumatlarda qeyd edilir ki, bir neçə il əvvəl Hesablama Palatasının Bərdədə aparıdığı yoxlama zamanı Rza Əliyevin ciddi maliyyə pozuntuları üzə çıxıb. Yeyintini məbləği o qədər böyük olub ki, bu rəqəmi iki dəfə azaltdıqda da Rza Əliyevi həbsxanadan qorumaq imkansız olub. Hətta vəziyyət o yerdə olub ki, uzaq qohumu Elmar Vəliyev də Rza Əliyevi dinləmək belə istəməyib. Həbs olunacağı təhlükəsi ilə üz-üzə qalan Rza Əliyev isə vəziyyətdən çıxış yolunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevi şantaj etməkdə görüb.

Mətbuatda həmin hadisə ilə bağlı dərc olunan məlumatlarda bildirilir ki, Rza Əliyev Vidadi İsayevi və onun müavini barədə kompramatları həm mətbuata, həm də dövlət qurumlarına ötürəcəyi ilə hədələyib. Şantaj o qədər ağır olub ki, Vidadi İsayev Rza Əliyev üçün Elmar Vəliyevə minnətçi düşüb və ondan xahiş edib ki, nə olursa olsun Rza Əliyevi kəndirdən qurtarmaq lazımdır. Elmar Vəliyev də Vidadi İsayevin xahişini nəzərə alıb və qohumu Rza Əliyev üçün şəxsən Hesablama Palatasının sədrindən xahiş edib. Həbsdən canı qurtulan Rza Əliyev isə Elmar Vəliyevin göstərişi ilə Yevlaxda qərarlaşıb. Onun yerinə, Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsinə isə Elmar Vəliyevin xalası oğlu təyinat alıb.

Elmar Vəliyevin gücünü görən Rza Əliyev bir müddətdən Gəncənin icra başçısı ilə yaxınlaşmağa nail olub. Bu yaxınlıq artıq elə bir səviyyəyə çatıb ki, Rza Əliyev Kürdəmir kimi böyük bir rayonun başçısı olmaq həvəsinə düşüb. Lakin indi onun Vidadi İsayev kimi bir problemi ortaya çıxıb. Bu problemi həll etmək isə elə də asan deyil. Çünki bəzi məlumatlara görə Vidadi İsayev Elmar Vəliyevin yanında xüsusi xətir-hörmətə malikdir.

Qeyd edək ki, qısa zaman əvvəl haqqında məhkəmə hökmü çıxarılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Apparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumu olan Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun vəzifədən ayrılacağı ilə bağlı çoxdan söz-söhbət dolaşmaqdadır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt