Əsas Səhifə > Gündəm, Manşet > “Köhnə malı yeni kimi satmaq üçün mənə rüşvət təklif etdilər”

“Köhnə malı yeni kimi satmaq üçün mənə rüşvət təklif etdilər”


14-08-2017, 09:58
“Köhnə malı yeni kimi satmaq üçün mənə rüşvət təklif etdilər”
Son vaxtlar istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.İqtisadiyyat Nazirliyi artıq neçənci dəfədir ki, bazarda vaxtı ötmüş məhsulların satışı ilə bağlı istehlakçılara xəbərdarlıqlar edir.İstehlakçıları bu məhsulların alışında diqqətli olmağa çağırır.Bir müddət əvvəl də indi də süd və süd məhsulları ilə bağlı ərzaq bazarında neqativ halların olduğunu bildirirlər.Bu dəfə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı qanun pozuntuları aşkarlanıb.

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayı yolu, ev 1-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan “Bizimsüd” adlı şorun və Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 4 ünvanında fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan “İvanovka” adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub. Qeyd edək ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var. Həmin qanuna görə, vaxtı keçmiş ərzaq məhsulları mağazalardan yığışdırılmalıdır.Satışını təşkil edən şəxslər istehlakçıların hüququnu pozur.Təbii ki, məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi insanların həyat və sağlamlığına təhlükə yaradır.Görünən odur ki, Azərbaycanda hər fırıldağa əl uzadanlar məhsulların yararlıq müddətini də uzatmaqda mahirdirlər.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, xüsusi təşkil edilmiş gizli yerlər var:

“Təşkil olunmuş şəkildə xaricdən gətirilən və yerli malların qapalı yerlərdə vaxtını pozurlar, yararlıq müddətini uzadan tarixi yazırlar. Əlimdə “Kinder” şokoladı var ki, onun yararlıq müddətini çıxarıb üstünə yapışqan vurub satırlar.Bu şikayətlər bir neçə ay əvvəl olub.Onun satıldığı yerlə bağlı da məlumat verdik.Dövlət orqanlarından heç biri bunun qarşısını almadı.Ölkədə bu geniş yayılmış bir məsələdir.Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı qanun olmadığına görə belə cinayətlər baş verir. O ki qaldı “İvanovka” məhsullarına, onunla bağlı neqativ hallar ola bilər. Çünki o malı istehsal “Uzun ömür” MMC və “Qafqaz” MMC deyilən iki müəssisədir. İvanovka kəndinin bu məhsullarla heç bir əlaqəsi yoxdur.Mən dəfələrlə İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldırmışam ki, getsinlər, öz brendlərini öz adı ilə alsınlar. İqtisadiyyat Nazirliyi bu sahədə heç bir effektli iş görmədi. Əlbəttə, nazirliyin bu məsələni araşdırması yaxşıdır.Amma “İvanovka” adında mal istehsal edilməsinə son qoyulmalıdır. Çünki “İvanovka”nın Bakıda 3 mağazası var, qeyri-qanuni isə 20 mağazası fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi bununla da mübarizə aparmalıdır”.

QHT sədrinin sözlərinə görə malların yararlıq müddətinin istehsal müəssisələri tərəfindən artırılması problemi neçə illərdir ki, davam edir:

“Məni dəfələrlə mal istehsalçıları çağırıblar ki, protokol imzalayaq, malın yararlıq müddətini artıraq, amma mən bir dəfə də olsun getməmişəm. Hətta onun üçün mənə rüşvət də təklif edilib.Lakin bəzi adlarını professor qoymuş əmtəəşünaslar var ki, pul xatirinə gedib elə işlər görürlər. Deyirlər malın yararlıq müddəti üç aydır, 1 il də artıraq, guya mütəxəssisdilər. Bu yolverilməzdir. Azad İstehlakçılar Birliyi 20 ildir iş aparır ki, malların yararlılıq müddəti minimuma endirilsin. İki il öncə bazara şüşə qablarda qablaşdırılmış süd çıxanda mən özümü dünyanın ən xoşbəxt adamı kimi hiss etdim. Bu gün də elə südlər satılır.İstehsal müəssisələri belə hərəkət etməlidir və dövlət də ona dəstək verməlidir. İstehlakçılara tövsiyyəm budur ki, hansı malın yararlıq müddəti uzundursa, onun içi kimyalaşıb və zərərli maldır. Hansı malın yararlıq müddəti kiçikdirsə, o xeyirli olmaldır.Baxsınlar, pozulub, yazılıbsa, diqqətli olsunlar.Belə malları almaqdan imtina etsinlər”.

Geri qayıt