Əsas Səhifə > Gündəm, Manşet > Xaləddin İsgəndərov İbrahim Mehdiyevin yolunu gedir

Xaləddin İsgəndərov İbrahim Mehdiyevin yolunu gedir


21-07-2017, 09:34
Xaləddin İsgəndərov İbrahim Mehdiyevin yolunu gedir
Prezident İlham Əliyev tez-tez məmurlara, iş adamlarına yaşıllıqların məhv edilməməsi ilə bağlı xəbərdarlıqlar edir. Dövlət başçısı bir neçə gün əvvəl iştirak etdiyi Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın açılışında iştirak edərkən daha sərt çıxış etmişdi.

Prezident bildirib ki, yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir: "Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb. Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi var və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək”.

Bundan başqa dövlət başçısı bir neçə dəfə vaxtında müdaxilə edərək ağacların kəsilməsinin qarşısını alıb, bəzi məmurlar, iş adamları buna görə cəzalandırılıb. Amma bəzi məmurlar bu xəbərdarlıqlara, sərt tədbirlərə rəğmən yenə də öz biliklərini edirlər. Belə hadisələrdən biri də bu günlərdə Binəqədi rayonunda baş verir.
Rayonun 8 mikrorayon, İ.Dadaşov küçəsində yerləşən 91 saylı binanın sakinləri - Hüseynov Mehdi Mikayıl oğlu və Əkbərov Xıdır Səfər oğlu "Qaynarinfo"ya müraciət edərək ərazidəki ağac soyqırıi ilə bağlı məlumat veriblər. Onların sözlərinə görə, ərazidə İcra Hakimiyyətinin icazəsi ilə yaşıllıqlar məhv edilir.
"91 saylı binanın arxa tərəfindəki yaşıllıq zonası məhv edilərək yerində obyekt tikintisi üçün bağlanıb. Qonşularla müvafiq qurumlara dəfələrlə müraciət etmişik. Amma hələ də cavabdeh qurumlar heç bir tədbir görməyib" deyə sakinlər bildirilir.
Binəqədi sakinləri yaşıllıqların qanunsuz şəkildə məhv edilməsinin qarşısını almaq üçün prezident İlham Əliyevdən, birinci vitse-prezident Mehriban Əliyevadan və dövlət qurumlarından yardım istəyir.

Görünən odur ki, Bakıdakı növbəti ağac soyqırımı birbaşa Binəqədi rayon İcra Hakimiyyəti və onun başçısı Xaləddin İsgəndərovun razılığı ilə aparılır. Hər halda rayonun mərkəzində heç kim özbaşına kütləvi şəkildə yaşıllıqları məhv edə bilməz. Görünür Xaləddin İsgəndərov sabiq həmkarı İbrahim Mehdiyevin yolunu gedir. Yasamalın artıq işdən çıxarılmış başçısı da dəfələrlə ağacların qanunsuz şəkildə kəsilməsinə görə gündəmə gəlmişdi. Bu barədə dəfələrlə araşdırma yazıları təqdim etmişik. Son olaraq Hacı Cavad məscidini qanunsuz sökdürdüyünə görə işdən çıxarılmışdı. İndi isə Xaləddin İsgəndərov prezidentin tapşırıqlarına məhəl qoymur, şəhərin mərkəzində hansısa obyektin tikintisinə görə ağacları məhv etdirir və ya məhv edilməsinə göz yumur.
qaynarinfo

Geri qayıt